Bu gün:
Xezer.info » Sosial » "Rayon camaatı daha çox faiz ödəyir" - Bankların region fırıldağı

"Rayon camaatı daha çox faiz ödəyir" - Bankların region fırıldağı


"Rayon camaatı daha çox faiz ödəyir" - Bankların region fırıldağı
Mərkəzi Bankın rəsmi rəqəmlərində Bakı ilə rayonlar arasında həm kredit məbləği, həm də faiz dərəcəsi üzrə ciddi fərq var.

Bu barədə iqtisadçı Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, 16.27 milyard manatlıq ümumi kredit portfelinin 13.79 milyard manatı Bakının payına düşür: "Bu o deməkdir ki, ümumi kreditləşmənin 85 faizi Bakıda həyata keçirilir. Yəni, hər verilən 100 manatlıq kreditin 85 manatı Bakının, qalan 15 manatı isə Abşeron daxil olmaqla digər bütün rayonların payına düşür. Məsələ heç də rayonlarda kredit portfelinin azlığı ilə tamamlanmır. Belə ki, Bakıda orta kredit faizi 9.2 faiz olduğu halda əksər rayonlarda kredit faizləri 20 faizdən başlayır”.

Vüqar Bayramov bildirib ki, Azərbaycanda ən baha kreditlər Aran iqtisadi rayonunda təklif edilir: "Mingəçevir, Şirvan, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab ən yüksək faizli kredit götürən rayonlardır. Aran iqtisadi rayonunda kreditlər üzrə orta faiz 22.6 faizdir.

Cənub bölgəmiz bahalı kreditlərin faizinə görə Aran iqtisadi rayonuna "cüzi uduzur”. Belə ki, Lənkəran iqtisad rayonunda orta kredit faizi 22.4 faizdir. Şəki-Zaqatala sakinləri isə orta hesabla 22.0 faizlə kredit götürürlər. Deməli, rayonda yaşayan vətəndaşımız Bakı sakinlərinə nisbətən bankdan orta hesabla 2.5 dəfə çox faizlə kredit götürmək məcburiyyətində qalırlar”.

İqtisadçı vurğulayıb ki, aparılan tədqiqatlara görə istehlak kreditləri üzrə orta faiz Mərkəzi Bankın rəsmi orta kredit faizlərindən daha çoxdur: "Belə ki, rəsmi statistikada Bakı və rayonlar üzrə orta kredit faizlərinin nisbətən az olması portfelə ipoteka, biznes, güzəştli kreditlər üzrə faiz dərəcələrinin də daxil edilməsidir. Rəsmi rəqəmlərin təhlili göstərir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank kreditləşmədə regional disbalansın aradan qaldırılması üçün real addımlar atmalıdır”.

/// BakiPost.az