Bu gün:
Xezer.info » Eksklüziv » Yunusovun Bakı meriyasından başlanan macəraları: - MTN-dən İsrailədək….

Yunusovun Bakı meriyasından başlanan macəraları: - MTN-dən İsrailədək….


Yunusovun Bakı meriyasından başlanan macəraları: - MTN-dən İsrailədək….
Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovun keçmiş MTN rəhbərliyi ilə işbirliyində olduğu iddia edilir. Heç kim üçün sirr deyil ki, bu gün Bakıda fəaliyyət göstərən əksər uşaq bağçalarının müdirləri yol verdikləri müxtəlif qanun pozuntularını, o cümlədən həyata keçirdikləri pul yığımlarını birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovun şifahi təlimatları ilə “əsaslandırırlar”.
Ümumiyyətlə etiraf olunmalıdır ki, məktəbəqədər uşaq müəssisələri Təhsil Nazirliyinin tabeliyindən alınıb, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilməsindən sonra, bu sahədə mövcud olan problemlər azalmaq əvəzinə, uzun illərdən bəri mövcud olan nöqsanların sırasına yeniləri də əlavə olunub.Əksər mənbələrin iddialarına görə, məhz bundan sonra azyaşlıların uşaq bağçalarına qəbul prosesi bir xeyli çətinləşib. Uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği isə, indi Eldar Yunusov tərəfindən müəyyən edilir. Bununla bağlı cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalar zamanı bu mövzuda kifayət qədər şikayətlərin olduğu məlum oldu. Bu xüsusda mətbuata təqdim olunan açıqlamalarda deyilir: “Bu gün əksər məktəbəqədər uşaq müəssisələrində qəbulla bağlı süründürməçilik hökm sürür. Əksər bağçalarda bir qayda olaraq, yer olmadığı əsas gətirilir və uşaqlardan imtina olunur. Bəzi müdirlər isə, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun qorxusundan bağçalara az uşaq götürməyə məcbur olduqlarını deyirlər. Az sayda uşaqlar təmənnasız götürülsə də, böyük əksəriyyət məhz pulla qəbul edilir. Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat pulun bir hissəsi Eldar Yunusova, qalanı isə, bağça müdirlərinə çatır. Bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır. Eldar Yunusovun nöqsanlı fəaliyyəti nəticəsində əksər uşaq bağçalarında məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr nəzərə alınmır…”
Bununla əlaqədar cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız digər bir məlumatda Eldar Yunusovun vəzifə fəaliyyətindən deyil, bir qədər fərqli məqamlardan bəhs olunur. Daha dəqiq desək, mənbə idarə müdirini keçmiş MTN rəhbərliyi ilə işbirliyində ittiham edir: “Eldar Yunusovun oğlu bu ilin yayında hərbi xidmətini başa vurub. Maraqlıdır ki, idarə müdirinin oğlu hərbi xidmətini ordu sıralarında deyil, keçmiş MTN-nin hərbi hissəsində, mühafizə taborunda aparıb. Həm də bu xidmətin ilk beş ayı, məhz Eldar Mahmudovun rəhbərlikdə olduğu dövrə təsadüf edib. Amma bu “təsadüf” heç də təsadüfən baş verməyib. Belə ki, Eldar Yunusovun keçmiş MTN şefi ilə əlaqələri, onun oğlunun məhz bu hissədə qulluğa göndərilməsində əsas həlledici amil kimi çıxış edib. Həm də bu göndəriş ona havayı başa gəlib. Halbuki, bu taborda hərbi xidmət aparmaq üçün 10-15 min manat civarında “şirinlik” tələb olunurdu. Amma Eldar Yunusov da öz himayədarına borclu qalmayıb. Belə ki, növbəti beş ay ərzində idarə müdirinin keçmiş MTN rəhbərinin göstərişi ilə “çevirdiyi” işlər, sonuncuya yüz minlərlə pul qazandırıb. Öz növbəsində Eldar Yunusov da adaşının nüfuzundan kifayət qədər yararlanıb. Belə ki, hələ bir müddət əvvələ qədər özünü Eldar Mahmudovun adamı kimi tanıtmaqdan qürur duyan idarə müdiri, bu adın ona verdiyi “imtiyazlar” sayəsində bir çox əməliyyat və maxinasiyalarda sözükeçən tərəf kimi çıxış etmiş və nəticədə külli-miqdarda pullar qazanmışdır. Bu gün isə, artıq məlum səbəblərdən Eldar Yunusov keçmiş əlaqələrini büsbütün danmağa çalışır…”
Desək ki, bu ittihamlar bizi Eldar Yunusovun vəzifə fəaliyyətində müşahidə olunan nöqsanlardan az maraqlandırır, bu heç də həqiqətə uyğun olmaz. Hər halda, daha doğrusu hər iki halda Eldar Yunusovun özünün bu məsələlərə aydınlıq gətirməsi daha məqsədəuyğun olardı.
– Eldar Yunusovu İsraillə bağlayan iqtisadi tellər;
– Bağçalardan yığılan rüsumun 30 faizinin gizli ünvanı;
– Bakı restoranındakı kef məclisinin təfərrüatları…
Bütün bunlar haqda növbəti yazımızda.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.