Prezident naziri yerinə oturtdu: artıq vergi ödəmələri ləğv olunur, 4+1 fırıldağının detalları
31-yan-2017“Tezliklə artıq vergi ödəmələri ləğv oluna bilər”
Bunu vergilər naziri Fazil Məmmədov deyib.
Onun sözlərinə görə, cənab prezidentin verdiyi qanunvericilik aktlarına və mənə verdiyi şifahi göstərişlərə əsasən artıq ödəmələr sistemi tezliklə ləğv olunacaq.
Amma qanunvericilikdə nəzərdə tutulanlar istisna olmaqla. Nazirin bu çıxışı sübut edir ki, prezidentin tapşırıqları ona gələn şikayətlər əsasında olub.
Prezidentin sahibkarları 2 illik vergi yoxlamasından azad edilməsinə baxmayaraq, iş adamlarının narazılığı səngimirdi. Sahibkarlar vergi müfəttişlərinin əməllərindən narazılıq edirdi.
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindən canı qurtarmış sahibkarlar indi daha bir dövlət qurumu ilə üzbəüz qalıblar. Vergilər Nazirliyi iş adamlarının başına oyun açmaqda davam edir. Bu haqda prezidentə, prokurorluğa çoxsaylı müraciətlər ünvanlanmaqdadır.
İndi vergilər naziri Fazil Məmmədov təzə metoda keçib. Belə ki, köçürmə pulların nəğdləşdirmə əməliyyatında əlavə vergiyə 1 faiz pulumuzdan tutulacaq və əlavə olaraq həmişə olduğu kimi bankda 0,06 faiz tutur.
Politika.Az-ın məlumatına görə, bir neçə ay bundan öncə F. Məmmədov "ağıllı" təklif irəli sürdü ki, spirtli içkiləri və tütün məmulatlarının alışını kart variantına keçirək büdcəmiz dolsun. Bu təklif əhali arasında narazılıqla qarşılandı və prezident bu təklifi rədd etdi.
İndi isə Vergilər Nazirliyinin sadələşdirilmiş dörd faizdən əlavə bir faiz də pul tutması düzgündürmü və bununla büdcəni doldurmaq olarmı? Belə çıxır ki, artıq sadələşdirilmiş vergi ödəyiciləri 4 yox 5 faiz vergi ödəməli olur.
Elə ki, hesaba köçürülmüş pulları hesabdan götürmək lazım gəlir, o halda da istehsalçı tərəf olaraq yenidən 0,06 %-lik bank xidməti ödəməyə məcbur olur.
Prezident iş adamlarını 2 illik vergidən azad etsə də, nazirlikdə son 2 ay ərzində kadr islahatları həyata keçirilsə də, yenə də siyahının başında Vergilər Nazirliyi qərarlaşıb.
Bu faktlar nazirliyin fəaliyyətindən narazılar ordusunun olduğuna sübutdur. İş adamları, sahibkarlar, biznes sahəsində çalışanlar vergi müfəttişlərindən cana doyub. Vergilər naziri ölkə rəhbərliyinin yanında etimadını kifayət qədər itirib.
Politika.Az yada salır ki, prezident İlham Əliyev müşavirələrin birində əsassız vergi yığımlarını xatırladarkən F.Məmmədovun istefaya göndəriləcəyi güman edilirdi.
Amma nazirin səs-küylü istefasına gedilmədi. Əvəzində illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları qanunla qadağandır.
Onu da deyək ki, ölkədə ən çox korrupsiyalaşmış qurumların adları açıqlanıb. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev statistikanı açıqlayıb.
K.Əliyev bildirib ki, Vergilər Nazirliyindən 48, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, İqtisadiyyat Nazirliyindən 9 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub.
Göründüyü kimi, ən çox şikayət və müraciətlər Vergilər Nazirliyi ilə bağlı olub. Fazil Məmmədovun rəhbərlik etdiyi nazirlik yenə də korrupsiya piramidasının zirvələrinə ucalıb.