Bu gün:
Xezer.info » Cəmiyyət » Hökumətin “U” dönüşü: “obmen”lər açılır, taksi-restoran “xod”lanır, küçə alveri başlanır - Təfsilat

Hökumətin “U” dönüşü: “obmen”lər açılır, taksi-restoran “xod”lanır, küçə alveri başlanır - Təfsilat


Hökumətin “U” dönüşü: “obmen”lər açılır, taksi-restoran “xod”lanır, küçə alveri başlanır - Təfsilat
Hökumət iqtisadi siyasətini yeniləyir. 2017-ci ilin fərqli olacağı haqda proqnozlar doğrulmaqdadır

Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumatda söylənir. Belə ki, “Strateji Yol Xəritəsi”nin qəbul olunması ilk addım idi.

Ardınca köçkünlər üçün yeni vahid müavinət məbləği müəyyən edilməsi, tam üzən məzənnəyə keçid, deputatların stuktur islahatlarına çağırışı bütövlükdə kompleks tədbirlərin tərkib hissəsidir.

Yaxın vaxtlarda daha irimiqyaslı addımlar atılacağı və sosialyönümlü islahatlar həyata keçiriləcəyi gözlənilir.

Hökumət gedişatın pisləşdiyini görür və bu ildən maksimum az itki ilə çıxmağın yollarını axtarır.

Bu baxımdan qarşıdakı günlərdə iş yerlərinin açılması, səyyar ticarətə şərait yaradılması, struktur islahatlarını gerçəkləşdirməsi nəzərdə tutulur.

Eyni zamanda valyutadəyişmə məntəqələrinin fəaliyyətini bərpa edilməsi nəzərdən keçirilir, piştaxta alverinin genişlənməsinə yer verilməsi müzakirə olunur, taksi və restoran xidmətinə sərbəstlik verilməsi planlaşdırılır.

Ümumiyyətlə, Avropada, Türkiyədə və başqa ölkələrdə böhran dövründə xalq işləri artırılır. Qeyri-daimi iş yerləri açılır, endirim kampaniyaları başlanır, taksi, restoran, kafe xidmətləri, küçə alverinə imkan yaradılır.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumatda deyilir ki, iqtisadi dirçəlişin gözlənilmədiyi 2017-ci ildə əhalinin gəlirlərinin azalması, xərclərinin artması proqnoz verilir. MDB-nin neft ixrac edən ölkələrindəki mövcud vəziyyətinin müqayisəsi göstərir ki, Azərbaycan Mərkəzi Bankın milli valyutanın məzənnəsinin optimallaşdırılması ilə bağlı fəaliyyəti uğurlu olmayıb.

Marketlərə, mağaza sahiblərinə qeyri-rəsmi tapşırıq gəlib. Onlara göstəriş verilib ki, qiymət artımı sakit və mərhələli şəkildə həyata keçirilsin.

Bununla da əhalidə panika və ajiotaj yaranmasın. Nəticə etibarı ilə istehlakçı hər gün mağazaya daxil olanda yeni tariflərlə qarşılaşır.

Bu zaman heç bir etiraz etmək imkanı yaranmır və hökumət köhnə təcrübədən nəticə çıxarıb. Əvvəlki devalvasiyalarda panika yaşanmışdı.

Bütün marketlərin qapıları qıfıllanmışdı vitrinlər boşaldılmışdı, yeni tariflər maların üzərinə vurulmuşdu. Hazırda yeni siyasət yürüdülür və səssiz-səmirsiz şəkildə bahalaşma dalğası bütün sahələri bürüyür.