Şəxsi avtomobillərdən istifadə etməyin! - DYP-dən çağırış
13-iyun-2016Sabah Bakı şəhərində keçiriləcək "Formula-1" üzrə Avropa Qran Pri yarışlarının test mərhələsi olacaq
Bu gecədən etibarən “Formula-1” yarışlarının keçirilməsi üçün nəzərdə tutulmuş bütün küçə və prospektlər üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və hərəkət istiqaməti dəyişdiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. DYP rəsmisi bildirib ki, ölkəmizdə keçiriləcək yarışda iştirak edən şəxslərin təhlükəsizliyinin, rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə bir neçə istiqamət üzrə yollar bağlı olacaq: “Puşkin, Xəqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev, Niyazi, İstiqlaliyyət küçələri, Qoşa qala qapısı, Azərbaycan, Bülbül prospekti, Azneft dairəsi və Dənizkənarı bulvar boyu və bu marşurutlar üzrə kəsişən bütün küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir. Ölkəmiz üçün vacibliyini nəzərə alaraq sürücülərdən xahiş edərdik ki, yarışların keçiriləcəyi bu günlər ərzində şəxsi avtomobillərindən az istifadə etsinlər. Bu günlər ərzində yollarda hərəkətlərimizə diqqət edək. Ölkəmizə gələcək qonaqlar öz ölkələrinə mənfi təəssüratla qayıtmasınlar. Düşünürəm ki, “avtomobilsiz 1 həftə” devizi ilə bu tədbirin keçirilməsinə şərait yaratmaq olar. Tədbir tam olaraq başa çatana qədər adıçəkilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Eyni zamanda tədbirin keçirildiyi ərazilərə yaxın, bitişik ərazilərdə avtomobillərin park edilməsinin qarşısı alınacaq”.
Qeyd edək ki, sabah Bakı şəhərində keçiriləcək "Formula-1" üzrə Avropa Qran Pri yarışlarının test mərhələsi olacaq.