Tramp ilk fərmanlarını imzaladı - Obamanın göstərişləri ləğv olunur
21-yan-2017ABŞ-ın yeni, 45-ci prezidenti Donald Tramp dövlət başçısı postunda ilk sərəncamları və fərmanlarını imzalayıb
Prezidentin rəsmi nümayəndəsi Şon Spayserin dediyinə görə, Donald Tramp administrasiyasının siyahısını təsdiqlənmə üçün Senata yollayıb, habelə Milli Vətənpərvərlik Gününün təsis olunması barədə fərman imzalayıb.
Bundan başqa, Dəniz Piyadaları Korpusunun sabiq generalı Ceyms Mettisin müdafiə naziri postuna təyinatı ilə bağlı sərəncam da imzalanıb.
Ən başlıca sənəd isə ABŞ-ın sabiq prezidenti Barak Obamanın göstərişi ilə yaradılmış "Obamacare" dövlət səhiyyə proqramının ləğv barədə direktivdir.
Trampın fikrincə, rəsmi adı "Affordable Care Act" olan "Obamacare" proqramı dövlət qurumlarına yükdür və büdcə vəsaitinin israfçılığıdır.
Yanvarın 13-də Konqresin Nümayəndələr Palatası "Obamacare"in ləğv olunması ilə bağlı prosesə başlanmasını nəzərdə tutan qanun layihəsini müzakirə edib. Sənədin lehinə 227 konqresmen səs verib: onların hamısı respublikaçılardır. Sənədin əleyhinə 197 konqresmen səs verib.
2010-cu ildə qəbul olunmuş "Obamacare" proqramı əvvəllər sığortası olmamış 25 milyon amerikalıya səhiyyə xidmətlərindən yararlanmaq imkanı verib. Lakin bu proqram dövlətdən subsidiya almayanların sığorta xərclərini artırıb. (milli.az)