Deputatlar da qripə yoluxublar: "Səhiyyə Nazirliyi çox ciddi işləsin
16-yan-2017Son zamanlar ölkəmizdə qrip xəstəliyi tüğyan edir. Demək olar ki, hər bir evdə bu virusa yoluxanlar var. Budəfəki qrip əvvəlkilərə bənzəmədiyindən, insanlar ondan asanlıqla yaxa qurtata bilmirlər. Xəstəlik insanların iş qabiliyyətini də aşağı salıb. Bəzi iş yerlərində qısamüddətli məcburi məzuniyyətə çıxanlar var.
Qrip digər sahələrdə çalışanlar kimi, deputatlara da təsir edibmi?
Modern.az saytı bu sualla əlaqədar bəzi deputatların fikirlərini öyrənib.
Elmira Axundova dekabrın sonunda qripə yoluxduğunu deyib.
“Çox ağır da keçirirəm. Xəstə-xəstə də Moskvaya getdim və qayıtdım. Yanımdakıların da hamısı bu qripdən tutub. Ona görə də bu çox ağır məsələdir. Mənə elə gəlir ki, Səhiyyə Nazirliyi bu barədə düşünməlidir. İnsanlara bununla bağlı xəbərdarlıq etməlidir. Mən Rusiyada olan zaman gördüm ki, qrip əleyhinə vaksinlər gətiriblər. Uşaqlara bağçalarda və məktəblərdə vaksinlər vururlar. Bizdə isə belə prafilaktik işlər çox az görülür. Ona görə də istəyərdim ki, Səhiyyə Nazirliyində qışa hazırlıq çox ciddi olsun”.
Deputat bildirdi ki, sovet vaxtında Bakı şəhərinin küçələri maşınlarla yuyulurdu, amma indi bu, yoxdur.
“ Bu çox maraqlı və vacibdir. Çünki xəstə adamlar öskürən və asqıran zaman onların ağzından bakteriyalar yerə düşür. Külək olan zaman da bu bakteriyalar havaya qalxır. Ona görə də insanlar xəstələnir. Çox yaxşı olar ki, Bakı şəhər İcra Hakimiyyəti bu barədə düşünsün. Quru keçən qış aylarında mütləq küçələr sulanmalıdır. Bu, qripin prafilaktikasına gətirib çıxaran amildir. Hətta bunun üçün suya xüsusi dərmanlar da qatmaq olar. Prezident güclü kommunal xidmət üçün texnikaların alınmasına çox böyük miqdarda pul ayırıb. Amma görünür ki, onlar işləmirlər. Həm Səhiyyə Nazirliyi, həm də Bakı şəhər İcra Hakimiyyəti bu tədbirləri görsəydilər, bəlkə də bizim vəziyyətimiz yaxşı olardı. İndi isə bu vəziyyət çox ağırdır. Demək olar ki, hamı xəstədir”.
Elmira Axundova deyib ki, Milli Məclisin ilk iclasında bu istiqamətdə çıxışlar edəcək.
Rövşən Rzayev arzu edir ki, bu epidemiyanın qarşısı tez bir zamanda alınacaq.
“Gənclərimiz və insanlarımız xəstələnməsinlər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi bu istiqamətdə fəaliyyət göstərməlidir. Çünki buna məcburdur və etməlidir. Mən yox, amma ailə üzvlərim bu qripdən tutub”.
Flora Qasımovanın da özü qrip olmayıb, amma ailəsində xəstəliyə yoluxanlar var:
“Nəvələrim bu qripdən tutmuşdular. Amma şükürlər olsun ki, hələ bu qrip məndən uzaqdı. Nəvələrimdən başqa digər ailə üzvlərimiz qrip olmayıb”.
Vahid Əhmədov bildirib ki, bu epidemiyaya qarşı Səhiyyə Nazirliyi müəyyən tədbirlər görür.
“ Nazirlik bunun üçün mütəmadi olaraq işlər görür. İnsanları xəbərdarlıq edir. Ona görə də Azərbaycanda bu eoidemiya ilə bağlı problemlər yaranmamalıdır. Mənim aldığım məlumata görə, Səhiyyə Nazirliyində bu epidemiya əleyhinə vaksinlər və digər dərmanlar var. İnsanlar da özlərini qorumalıdırlar ki, xəstəlik tutmasınlar. Mən isə hələlik bu qriplərdən tutmamışam”.
Tahir Kərimli bu xəstəliyin ona da təsir göstərdiyini deyib.
“Mənim özüm də 5-6 gün xəstə oldum. Demək olar ki, elə bir nəsil yoxdur ki, bu xəstəlik orada yayılmasın. Bu xəstəlikdən qurtulmaq üçün müəyyən dərmanlardan və iynələrdən istifadə etmişəm”.
Zahid Oruc ölkə ərazisində yayılan qripin ondan yan keçdiyini bildirib.
“Bunu şəxsi gigiyena və qidalanma rejimi ilə bağlamaq fikrindən uzağam. Çünki səbəbləri mənə bəlli deyil. Xüsusi bir zirehli geyimimiz də yoxdur. Daim də insanlarla ünsiyyət mühitindəyik. Bununla belə, mən bu kimi virusların təbii formada yayılmasına inanmıram. Həmişə düşünmüşəm ki, bunlar müxtəlif labarator üsullarla yaradılan və yayılan dünyada kimya sənayesinin inkişafı üçün həyata keçirilən üsullardır. Bu da dünya üzərində qurulmuş müharibənin bir formasıdır. Sonuncu qrip ilə bağlı verilən rəsmi məlumatlarda onun “Honkonq qripi” olduğunu bildirirlər. Bu qrip haqqında hansı qabaqlayıcı tədbirlərin görülməsi haqqında məlumatlar mütləq verilməlidir. Çünki son iki həftə ərzində inanlarımız bu halı ciddi problem kimi yaşadılar. Bunu ənənəvi qrip formasından ağrılı keçirdilər. Ona görə də bu istiqamətdə Azərbaycanın səhiyyə orqanlarının üzərinə mühüm vəzifələr düşür”.