“Tibb işçisinin hamısının xalqa vicdanla xidmət etdiyini deyə bilmərik” - Oqtay Şirəliyev
13-yan-2017"Təəssüf ki, biz 120 minə qədər tibb işçisinin hamısının xalqa vicdanla xidmət etdiyini deyə bilmərik. Əlbəttə, tək-tək problemlər var”.
Trend-in məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Onun sözlərinə görə, artıq bir neçə ildir ki, ölkə başçısının tövsiyəsinə uyğun olaraq, dövlət qurumlarının rəhbərləri regionlara gedir, əhali ilə görüşür: "Əgər əvvəllər bölgələrdə qəbula gələnlərin sayı 80-ə çatırdısa, artıq bu rəqəm dəfələlə aşağı düşüb. Əvvəllər mən ildə 4-5 təşəkkür məktubu alırdımsa, indi təkcə elektron poçtla gün ərzində onlarla minnətdarlıq yazıları gəlir”.
Azərbaycanda epidemioloji sabitliyin qorunmasından danışan O.Şirəliyev bu sahədə gömrük, dövlət sərhəd xidməti və Səhiyyə Nazirliyinin birgə səmərəli fəaliyyəti nəticəsində uğur qazana bildiklərini deyib: "Bir çox ölkələrdə, hətta həmsərhəd dövlətlərdə dəfələrlə epidemioloji alovlanmaların olmasına, Azarbaycana çoxsaylı turistlərin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb”.
O.Şirəliyev bildirib ki, ölkəmizdə satılan dərmanların 99 faizi xaricdən idxal olunur.
Azərbaycanda yeni farmakoloji zavodun təməlinin qoyulduğunu deyən nazir qeyd edib ki, ən müasir və yüksək keyfiyyətli dərman preparatları istehsal edan zavodların Azərbaycanda fəaliyyət göstərməsi üçün başqa ölkələrlə danışıqlar aparılır.