Bu gün:
Xezer.info » Müsahibə » Paytaxtda tıxaclara qarşı tədbir görülür

Paytaxtda tıxaclara qarşı tədbir görülür


Paytaxtda tıxaclara qarşı tədbir görülür
Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir.

“Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, xüsusən günün pik saatlarında sözügedən əraziyə nəqliyyat vasitələrinin həm “Bakı Dairəvi-1” avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir-çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi tıxaca, hərəkətin iflic olmasına səbəb olur. Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan nəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf “Bakı Dairəvi-1” avtomobil yolundan gələn avtomobillər üçün ayrılır. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülür.

Maneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzüləcək. Bununla da dairəvi yoldan gələn nəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geri dönmədən istifadə edərək geri dönməni həyata keçirə biləcəklər. Təbii ki, düzünə, “20 Yanvar” dairəsinə doğru da maneəsiz şəkildə hərəkət edə biləcəklər. Nəticədə Sumqayıt şəhəri istiqamətindən gələn nəqliyyat vasitələri ilə dairəvi yoldan çıxan avtomobillərin həmin ərazidə kəsişməsi aradan qaldırılaraq tıxac müəyyən qədər azaldılmış olacaq.

“Şamaxinka” ərazisində ediləcək daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndiriləcək. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb. Genişləndirmədən sonra yolda daha 1 hərəkət zolağı yaranmış olacaq. Bu da öz növbəsində sözügedən ərazidə sıxlığın qarşısını almaq üçün müsbət bir addım olacaq.

Genişləndirmə işləri ilkin etapda Moskva prospektinin “Bakı Dairəvi-1” avtomobil yolu ilə kəsişməsindən “2-ci Alatava” küçəsi ilə kəsişməyədək olan hissəsində aparılacaq. İşlərinin qısa müddət ərzində və hərəkətə maksimum dərəcədə maneə yaratmadan aparılaraq yekunlaşdırılması planlaşdırılır.