Türkiyə prezidenti niyə Naxçıvandan danışdı - Qars müqaviləsi xəbərdarlığı, yoxsa...
05-yan-2017“Türkiyə prezidentinin ölkənin təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir və bütün dövlətlər üçün keçərlidir”.
Bunu politoloq Elçin Mirzəbəyli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü çıxışını musavat.com-a şərh edərkən deyib.
Qeyd edək ki, Türkiyə prezidenti yanvarın 7-dəki çıxışında ölkəsini hədəfə alanlara maraqlı bir mesaj verib. Deyib ki, heç kim Türkiyənin birliyini və bütövlüyünü sarsıda bilməz.
Terrorçular və onlara dəstək olanların məqsədlərinə çata bilməyəcəklərini vurğulayan prezident ardınca bəyan edib: “Türkiyənin təhlükəsizliyi ölkə sərhədlərindən yox, Naxçıvandan, Batumidən, Balkanlardan və Hələbdən başlayır. Terrorçular Türkiyəni diz çökdürməyə çalışırlar. Amma onlar buna nail ola bilməyəcəklər”.
R.T.Ərdoğanın Naxçıvandan da bəhs etməklə nəyə işarə etməsi müzakirələrə səbəb olub. E.Mirzəbəyli musavat.com-a açıqlamasında bildirdi ki, əslində burada qeyri-adi heç bir şey yoxdur: “İstənilən dövlətin təhlükəsizlik doktrinasında sərhədyanı bölgələr xüsusi önən daşıyır və diqqət mərkəzində saxlanılır. Ərdoğanın yanaşmasında diqqəti çəkən əsas məqam ölkənin təhlükəsizliyi üçün təhdid yaradan amillərin sərhədyanı dövlətlərdən qaynaqlandığını vurğulamasıdır. Bu, əslində “qonşularla “0” problem” layihəsinin iflasa uğradığının etirafı kimi də qiymətləndirilə bilər. Oxşar məqamlar Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun açıqlamasında da yer alıb. Suriya ilə bağlı siyasətin əvvəldən yanlış olduğunun dilə gətirilməsi hakim partiyanın region dövlətləri ilə münasibətlərində ciddi dəyişikliklərin olduğuna işarədir”.
Naxçıvanın adının çəkilməsinə gəldikdəsə, ekspertin fikrincə, bu mesaj birbaşa Qars müqaviləsi ilə bağlı deyil: “Burada Ermənistan və İran faktoru daha çox rol oynayır. Ola bilsin ki, Türkiyə prezidenti Suriya məsələsində əldə olunan uzlaşmaya görə İranın adını çəkmək istəməyib. Ermənistanın adının çəkilməməsində də çox güman ki, Rusiya amili var. Ermənistanla Türkiyə sərhədlərini rus hərbçiləri qoruyurlar. Görünür, bu məqam da nəzərə alınıb. Amma Naxçıvanın adının çəkilməsi Ərdoğanın dilə gətirmədiyi mənzərəni onsuz da yaradır. Aydındır ki, Naxçıvan blokada şəraitindədir və əgər Türkiyəyə buradan hər hansı bir təhdid yaranarsa, bu, İran, Ermənistan və dolayısı ilə Rusiya vasitəsilə baş verə bilər. Türkiyə prezidentinin Batumun adını hallandırması da ola bilsin ki, həm Qarsa müqaviləsi, həm də bu ərazi vasitəsilə həyata keçirilən enerji və nəqliyyat layihələri ilə bağlıdır”.
Yeri gəlmişkən, son vaxtlar mətbuat Ermənistanda yerləşdirilən “İsgəndər” raketlərinin, həmçinin yaradılan rus-erməni hərbi birləşməsinin Naxçıvanla sərhəd bölgədə yerləşdirilməsindən yazıb.
E.Mirzəbəyli bununla bağlı xatırlatdı ki, təhlükəsizliyə təhdid yaradan amillər deyiləndə təkcə hərbi əməliyyatlar, separatizm, terrorizm nəzərdə tutulmur: “İqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi bir çox hallarda daha böyük əhəmiyyət daşıyır. Türkiyə prezidentinin indiki yanaşması absurd və romantik “qonşularla “0” problem” layihəsi ilə müqayisədə daha praqmatikdir. Amma praqmatik yanaşmanın reallığa çevrilməsi üçün çox böyük potensial və manevr imkanları, iqtisadi və hərbi güc tələb olunur. Ümid edək ki, Türkiyənin xarici siyasətində və təhlükəsizliklə bağlı strateji hədəflərində baş verən dəyişikliklər ciddi təhlillərin nəticəsində meydana çıxıb və nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün müvafiq “yol xəritələri” var”.
Türkiyənin ən sabit bir guşəsi olan İzmirdə terror hadisəsinin törədilməsi isə R.T.Ərdoğanın çıxışından az sonraya təsadüf etdi. Təsadüf, yoxsa cavabdır, bunu demək çətindir...