Polad Bülbüloğlu: Onların tənqidləri məni daha da ruhlandırır
10-iyun-2016"Dağlıq Qarabağ münaqişəsinin ilkin səbəbi həllini tapmasa, Azərbaycana qarşı təcavüz dayandırılmasa və Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmasa, heç kəs heç nəyə təminat verə bilməz".
APA-nın məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Səfirin sözlərinə görə, Azərbaycan xalqı, Azərbaycan prezidenti heç vaxt bir santimetr torpağı belə güzəştə getməyəcək: "Bunu hər kəs anlamalıdır - həm Ermənistan, həm dünya ictimaiyyəti, həm həmsədrlər... Azərbaycan prezidenti, XİN də bunu dəfələrlə bəyan edib. Amma bizi nə eşidirlər, nə də eşitmək istəyirlər. Aprel hadisələri göstərdi ki, "status-kvo" qəbuledilməzdir".
Vyana görüşünə toxunan diplomat həmin görüşdə prezidentlərin iyun ayında yenidən danışıqlar aparmaq barədə razılığa gəldiyini xatırladıb: "Görüşün yeri ilə bağlı müxtəlif təkliflər oldu. Ötən gün Rusiya XİN-in saytında Sankt-Peterburqda üçtərəfli görüşün olacağı barədə xəbər yerləşdirildi, lakin nəyə görəsə sonradan çıxarıldı. Mən görüşün harada, nə vaxt keçiriləcəyi barədə danışmağa səlahiyyətli deyiləm. Lakin düşünürəm ki, görüş iyunda baş tutacaq. Bu görüş bizim üçün çox vacibdir. Görüşdə Dağlı Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcək addımların vektorları müəyyənləşdiriləcək".
Bir neçə il əvvəl azərbaycanlı ziyalıların Qarabağa səfər etdiklərini qeyd edən P. Bülbüloğlu sonradan bu formatın ermənilər tərəfindən pozulduğunu qeyd edib: "Açıq bildirdilər ki, bu format onları qane etmir”.
Səfir son vaxtlar Ermənistan tərəfdən ünvanına səslənən tənqidlərə də cavab verib: “Bilirəm ki, mənim çıxışlarım erməni tərəfini qane etmir. Amma onların tənqidləri məni daha da ruhlandırır. Qaranı ağ göstərməyə çalışırlar. Amma beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurasının qətnamələri mövcuddur. Bunlarda göstərilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, o əraziləri qeyd-şərtsiz azad etməlidir. Azərbaycan həm ölkə, həm də beynəlxalq hüququn subyekti kimi haqlıdır. Erməni diplomatlar nə deyir desin, ədalət bərpa olunacaq, ərazimiz azad ediləcək”.