Bu gün:
Xezer.info » Cəmiyyət » Sabah-sabah qanımızı korlayan xəbər - İndidə bu çıxdı

Sabah-sabah qanımızı korlayan xəbər - İndidə bu çıxdı


Sabah-sabah qanımızı korlayan xəbər - İndidə bu çıxdı
27 milyardı haradan tapacağıq?

Yol xəritələrinin icrası üçün maliyyə mənbələri yoxdur Kiçik və orta sahibkarlığa heç kim kredit vermək istəmir

Xəbər verdiyimiz kimi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiqlənib. Ümumilikdə 12 Strateji Yol Xəritəsi iqtisadiyyatın 11 sektorunu əhatə edir. Bunlara neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına, ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm sənayesi, logistika və ticarət, uyğun qiymətə mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritələri aiddir.

Milyardlar üçün on mənbə var

Sənədə görə, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək. Minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60%-nə yaxınlaşacaq. Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55%-dən 70-75%-dək artacaq. Əhalinin adambaşına düşən real gəlirləri ildə təxminən 5% artacaq və ölkəmiz Dünya Bankının təsnifatına əsasən, “yüksəkgəlirli ölkə” statusu qazanacaq. Strateji Yol Xəritəsi 2025-ci ilə qədər ÜDM-də 3%-dən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını hədəfləyir. Kommunal xidmətlər sahəsində səmərəliliyin və keyfiyyət səviyyəsinin təmin edilməsi məqsədilə özəl sektorun iştirakı nəzərdən keçirilə bilər. Bu sektorda özəlləşdirmə, əsasən, istehsal (strateji obyektlər istisna olmaqla) və satış sferalarını əhatə edə bilər. Hesablamalara görə, 2020-ci ilədək nəzərdə tutulmuş prioritetlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyuluşunun tələb ediləcəyi proqnozlaşdırılır. Bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası ona yaxın mənbə hesabına maliyyələşdiriləcək. Dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti, yerli büdcələr, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri, birbaşa xarici investisiyalar, ölkənin bank sisteminin kreditləri və qrantlar, beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımı maliyyələşmə mənbəyi olaraq görülür.

Kiçik və orta sahibkarlığa cəmi 700 milyon tələb olunur

Detalları açıqlanan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə görə, müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün təxminən 700 milyon manat investisiya tələb olunur ki, nəticədə 2020-ci ildə iqtisadiyyatda təxminən 1 milyard 260 milyon manat əlavə dəyərin və 34 240 yeni iş yerinin yaradılması gözlənilir. Kiçik və orta sahibkarlıq (KOS) sahəsində prioritetlərin həyata keçirilməsi nəticəsində KOS-un ÜDM-də payının 15%-ə çatdırılması, məşğulluqda payının 20%-ə qədər artırılması, ölkənin qeyri-neft ixracında payının 10%-ə çatdırılması proqnozlaşdırılır.

Sahibkarlıq subyektlərinin 99,2%-nin ÜDM-də payı cəmi 4%-dir

2015-ci ildə qeydiyyatdan keçmiş hüquqi və fiziki sahibkarlıq subyektlərinin 1%-i iri, 2%-i orta, 97%-i isə kiçik sahibkarlardır. Rəsmi statistik məlumatlara əsasən, 2016-cı il yanvarın 1-i vəziyyətinə ölkədə qeydiyyatdan keçən hüquqi şəxslərin 12%-ni kiçik müəssisələr təşkil etməsinə baxmayaraq, onların ÜDM-də payı 4%, məşğulluqda 6,3%, məhsul (xidmət) istehsalında isə 9,6% olub. Göründüyü kimi, ölkədə sahibkarlıq subyektlərinin 99,2%-ni təşkil edən fərdi sahibkarların və kiçik müəssisələrin ÜDM-də payı çox kiçikdir. Odur ki, Azərbaycan iqtisadiyyatında - ÜDM-də, məşğulluqda və ölkəyə olan xarici valyuta axınında KOS-un payı dəfələrlə artırıla bilər.

Verilən kreditlər sayca çox, məbləği isə cüzidir

KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi başlıca məsələlərdəndir. Hazırda ölkədə KOS subyektlərinə maliyyə xidmətləri göstərən bir sıra qurumlar mövcuddur. Misal üçün, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlara güzəştli kreditlərin, o cümlədən dövlət büdcəsindən əlverişli şərtlərlə kreditlərin ayrılmasını təmin edir. Say baxımından verilən kreditlərin 97%-i kiçik kreditlərdir ki, bu da SKMF tərəfindən ayrılmış kreditlərin ümumi məbləğinin 9 faizini təşkil edir. Bu günə kimi SKMF hər birinə orta hesabla 47 000 dollar olmaqla 12,5 min müəssisəyə kredit verib. Bu kreditlərin böyük hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə ayrılıb.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC yerli və xarici investisiyalarla yanaşı, əsaslı kapital qoyuluşları vasitəsilə neft və qaz sənayesi istisna olmaqla, digər sektorların inkişafına da dəstək verir. AİŞ səhm paketinin ən azı 1 milyon dollar təşkil edən vençur kapitalının (sahibkarlıq kapitalı) şirkətlərə ayrılmasını təmin edir. AİŞ-in portfeli çoxşaxəlidir və özündə müxtəlif sahələri, məsələn ağır sənayeni, kənd təsərrüfatını, logistika sahəsini, səhm üzrə altfondları və yeyinti məhsullarının emalını birləşdirir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu təşviq və təlim fəaliyyətləri ilə yanaşı, KOS subyektlərinə beynəlxalq satış yarmarkalarında iştirak etmək üçün vəsaitlər ayırır. AZPROMO habelə qeyri-neft sektorundan olan KOS subyektlərinə maliyyə vəsaitləri əldə etməyə kömək edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin illik 2% dərəcəsi ilə verdiyi kreditlərdən istifadə etməklə, müvəkkil banklar 5%-dən artıq əlavə faiz dərəcəsi tətbiq etmədən sahibkarlara və fermerlərə güzəştli şərtlərlə kreditlər ayırırlar. Bunun nəticəsində, həmin KOS subyektləri yerli valyutada illik faiz dərəcəsi 7 və ya daha aşağı olan kreditlər əldə edə bilirlər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ümumi məbləği 300 min manata qədər olan qrantların ayrılması ilə yüksək texnologiyalar tətbiq edən startapların maliyyələşdirilməsini həyata keçirir.

“Müəssisənin bağlanması” göstəricisi üzrə 86-cı pillədəyik

Bununla belə, Azərbaycanda KOS subyektlərinin maliyyə resurslarına çıxışında müəyyən çətinliklər mövcuddur və daxili maliyyə mənbələrinin məhdudluğu KOS subyektlərinin xarici maliyyə bazarlarından asılılığını artırır. Lakin xarici maliyyə bazarlarından da maliyyə resurslarının cəlb edilməsi bir çox səbəblərdən yerli KOS subyektləri üçün asan olmur. Məlumatların azlığı, texniki problemlər, xarici resursların bahalığı bu subyektlərin daha çox daxili imkanlara üstünlük vermələrinə səbəb olur. Ölkədə fiziki və hüquqi şəxslərin maliyyə bazarlarına çıxış imkanları digər ölkələrlə müqayisədə aşağıdır. Nəticə etibarilə Azərbaycan “Doing Business 2017” hesabatının “müəssisənin bağlanması” göstəricisi üzrə 86-cı pillədə qərarlaşıb. Bu göstəricinin yaxşılaşdırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, xüsusən yenidən təşkiledilmə, kreditorun iştirakı və aşağı ödəmə əmsalı ilə əlaqədar qanunvericilikdə uyğun təkmilləşdirmələrin aparılması vacibdir.

Onlara kredit verməkdən imtina edirlər

Bununla yanaşı, KOS subyektlərinə qoyulan investisiyalar xeyli məhduddur. Dünya Bankının biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən illik “Doing Business” hesabatlarında da Azərbaycanda sahibkarların kreditə əlçatanlığı göstəricisinin son illər zəiflədiyi göstərilib. Belə ki, hesabatda Azərbaycan kreditin əldə edilməsinin asanlıq səviyyəsinə görə, 189 ölkə arasında 118-ci yerdə qərarlaşıb. Kreditlərin əldə edilməsi səviyyəsinə görə 2010-cu ildə Azərbaycan 183 ölkə arasında 15-ci yerdə idisə, sonrakı illərdə bu mövqe pisləşərək 2011-ci ildə 46-cı, 2012-ci ildə 48-ci, 2013-cü ildə 53-cü, 2014-cü ildə 99-cu, 2015-ci ildə 104-cü və 2016-cı ildə 118-ci pilləyə düşüb. Hazırda Azərbaycanda KOS subyektlərinin kredit müraciətlərinə imtina səviyyəsi yüksəkdir. Məsələn, 2016-cı ildə kənd təsərrüfatı sahəsində kredit müraciətlərinin dörddə birinə imtina cavabı verilib. Bundan başqa, mikrobiznes subyektlərinin kredit müraciətlərinin 36%-nə banklar kredit verməkdən imtina edib.

Banklar torpağı olmayanlardan daşınmaz əmlak istəyir

Sənəddə o da etiraf edilir ki, Azərbaycanda daşınar əmlakın qeydiyyata alındığı vahid bir sistemin olmaması, xüsusilə KOS subyektlərinin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını məhdudlaşdırır. Daşınar əmlakın yüklülüyünün reyestrinin yaradılması ilə yanaşı, bu sistemdə girovun üstünlük dərəcəsinin müəyyən edilməsinə də ehtiyac var. Dünya Bankının məlumatına görə, Azərbaycanda KOS subyektlərinin aktivlərinin cəmi 22%-ni torpaq və daşınmaz əmlak, 34%-ni debitor borclar, 44%-ni isə maşın və avadanlıqlar təşkil edir. Kreditorların qəbul etdiyi girovların isə 73%-i torpaq və daşınmaz əmlak, cəmi 27%-i isə daşınar əmlakdır. Azərbaycan bankları girov kimi daşınmaz əmlaka üstünlük verir ki, bu da sahibkarlar üçün ciddi məhdudiyyət yaradır və onların əksəriyyəti bankın maliyyələşmə tələblərinə cavab verə bilmirlər. Odur ki, KOS subyektlərinin xarici bazarlara çıxış üçün maliyyə, texniki və insan resursları, eləcə də bu sahədə bacarıqları iri şirkətlərə nisbətən daha məhdud olur.

Bizdə qadın sahibkarlar “yetişmir”

Müasir iqtisadiyyatda qadın sahibkarlığı KOS-un daha dinamik hissəsini təşkil edir. Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturların 25%-dən çoxunu qadınlar yaradıb. Fransa və Böyük Britaniyada bütün firmaların dörddə birinə, Almaniyada üçdə birinə qadınlar rəhbərlik edir. Yaponiyada bu rəqəm 23%, ABŞ-da 38%-dir. Ümumi tendensiya inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə qadınların iqtisadi təşəbbüskarlığının artmaqda olduğunu göstərir. Azərbaycanda isə hələ də qadın sahibkarlığı arzuolunan səviyyədə inkişaf etməyib.Bizimyol.info