Bakının Baş Planı layihəsi açıqlandı - Paytaxt 9 hissəyə bölünəcək
23-dek-2016Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Bakının Regional İnkişaf Planı (282,322 ha), bu layihə çərçivəsində Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı (33,333 ha) və nəhayət, Bakı şəhərinin bütün inzibati ərazisini əhatə edən Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan (247641 ha) layihəsinin işlənilməsi başa çatdırılıb.
Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış müqaviləyə əsasən, hazırlanan Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilədək 20 il ərazində şəhərin ərazi planlaşdırma siyasətini müəyyən edir.
Layihədə ilk dəfə Bakı şəhərinin bütün qəsəbələrinin və yaşayış məntəqələrinin baş planları hazırlanıb.
Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planında/Baş planda yaşayış məntəqələri üzrə vahid yanaşma və ərazi təşkilinin formalaşdırılması məqsədilə layihələndirmə işləri 9 planlaşdırma zonası üzrə aparılıb:
1. Cənub Planlaşdırma Zonası (Ələt, Qobustan, Səngəçal, Sahil, Ümid, Qızıldaş, Korgöz, Puta və Güzdək qəsəbələri) – 116224 ha
2. Şimal Planlaşdırma Zonası (28 May, Aşağı Güzdək, Müşviqabad, Ceyranbatan, Saray, Novxanı, Goradil, Fatmayı, Kürdəxanı, Pirşağı, Nardaran, Bilgəh və Maştağa qəsəbələri) - 33901 ha
3. Şərq Planlaşdırma Zonası (Buzovna, Mərdəkan, Şağan, Şüvəlan, Qala, Binə, Türkan, Zirə, Gürgən və Pirallahı qəsəbələri) – 41234 ha
4. Periferiya 1 Planlaşdırma Zonası (Lökbatan və Badamdar qəsəbələri) – 8191 ha
5. Periferiya 2 Planlaşdırma Zonası (Xırdalan şəhəri, Hökməli, Xocasən, Qobu, Masazır və Biləcəri qəsəbələri) – 9701 ha
6. Periferiya 3 Planlaşdırma Zonası (Binəqədi, Məmmədli, Mehdiabad və Digah qəsəbələri) – 7200 ha
7. Periferiya 4 Planlaşdırma Zonası (Sabunçu, Bakıxanov, Qaraçuxur, Bülbülə, Əmircan, Yeni Suraxanı, Ramana, Zabrat və Balaxanı qəsəbələri) – 2280 ha
8. Periferiya 5 Planlaşdırma Zonası (Zığ və Hövsan qəsəbələri) – 6891 ha
9. Bakı-Mərkəz Planlaşdırma Zonası (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai və Binəqədi rayonları, Əhmədli, Keşlə və M.Ə.Rəsulzadə qəsəbələri) – 12019 ha.
Komitədən göndərilən məlumatda qeyd olunur ki, layihədə qeyd olunan planlaşdırma zonalarının hər birinin inkişaf etdirilməsi ilə şəhərin inkişafında tarazlığa nail olmaq, yeni yaşayış məskənlərinin rasional paylanmasını təmin etmək, əhalinin məşğulluq problemlərinin həllində mütərəqqi beynəlxalq təcrübələrdən istifadə etmək qarşıya məqsəd kimi qoyulub.
Plan proqnozlarına əsasən, layihə ərazisinin 2015-ci il üzrə 2 milyon 788 min 935 nəfər təşkil edən əhalisinin 2035-ci ildə 3 milyon 911 min 250 nəfərə çatacağı nəzərdə tutulur.
Plana əsasən hazırda adambaşına orta hesabla 20 m² təşkil edən yaşayış sahəsinin 25 m²-ə çatdırılması və bununla da ümumi yaşayış fondunun 56 milyon m²-dən 98 milyon m²-ə çatdırılması nəzərdə tutulub.