Təhsil Nazirliyinə yeni səlahiyyət verildi
21-dek-2016Nazirlər Kabinetinin qərarı ilə bu yaxınlarda Təhsil Nazirliyinə yeni səlahiyyət verilib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov deyib ki, yeni səlahiyyətlərə uyğun olaraq, Təhsil Nazirliyi artıq birbaşa olaraq, orta məktəb dərsliklərinin müəllifləri ilə müqaviələr bağlaya biləcək.
M.Cabbarov qeyd edib ki, təhsilin məzmununun təkmilləşdirilməsi qarşıda duran əsas məsələlərdəndir:
"Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqətindədir. Bir çox hallarda dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, Təhsil Nazirliyinin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək. Dərslik hazırlanan zaman ona dair fikirlər irəli sürülsə, bunun nəticəsi də daha effektli olar".
M.Cabbarov əlavə edib ki, Təhsil Nazirliyi ehtiyat dərsliklərdən tam həcmdə istifadə etməkdə maraqlıdır.