Bu gün:
Xezer.info » Dünya » Müsəlman birliyinə vurulan xəyanət zərbəsi - Tehrandan “İrəvan gedişi”

Müsəlman birliyinə vurulan xəyanət zərbəsi - Tehrandan “İrəvan gedişi”


Müsəlman birliyinə vurulan xəyanət zərbəsi - Tehrandan “İrəvan gedişi”
İsrail baş naziri Benyamin Netanyahunun Bakı səfərindən cəmi 8 gün sonra, yəni bu gün İran prezidenti Həsən Ruhani Ermənistana gedəcək - həm də prezident olduğu dönəmdə ilk dəfə. Ötən yazılarda proqnoz eləmişdik ki, böyük ehtimalla, Ruhani İrəvana Netanyahunun Bakı səfərindən dərhal sonra yollanacaq; bir növ, Azərbaycana guya “yerini göstərmək”, “balans yaratmaq” üçün.

İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib ki, H.Ruhani Ermənistana region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədilə gedəcək. Onun sözlərinə görə, bir günlük səfər çərçivəsində Ruhani erməni həmkarı ilə görüşəcək, ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. İki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq. Həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək.

Başqa sözlə, strateji məqsəd - aşıq-aşkar işğalçı ölkə ilə İran arasında ikitərəfli iqtisadi, siyasi əlaqələri daha yüksək səviyyəyə qaldırmaqdır. Bu yerdə qeyd edək ki, səfərdən az öncə İranla Ermənistan arasında vizasız gediş-gəliş haqda anlaşma imzalanıb.

*****
Heç şübhəsiz ki, Ruhaninin səfəri ən çox Azərbaycanın müsəlman xalqında diskomfort doğuracaq və doğurub - təxminən İsrail baş nazirinin Azərbaycan səfərinin rəsmi Tehranda yaratdığı qıcıq kimi. Səfərlə bağlı ölkəmizin din xadimləri də etiraz ortaya qoyublar. Hərgah, rəsmi Bakı Ruhaninin İrəvan səfərinə təmkinli yanaşır. Bu da anlaşılandır və Azərbaycan dövlətinin bütün qonşularla normal münasibətlərdə maraqlı olduğunun, onun sülhpərvərliyinin təzahürüdür.

Ancaq iki səfəri motiv və hədəflər etibarilə eyniləşdirmək də yanlış olardı. Birinci ona görə ki, İsrail Azərbaycan torpaqlarını işğal etməyib ki, onun baş nazirinin ölkəmizə gəlmək istəyini İranın israrlı istəyi əsasında əngəlləyəydik - buna Tehranın mənəvi haqqı çatmaya-çatmaya. Əksinə, İsrail Ermənistana yox, Azərbaycana modern silahlar verməklə, bizimlə sıx əməkdaşlı eləməklə erməni işğalının sonunu tezləşdirir - nəyi ki, bu ilin aprel döyüşləri zamanı əyani gördük. Bəs İran? Tehran tərsinə - həmin işğal rejimini uzatmaqla məşğuldur faktiki surətdə, bizə “dost-qardaş” deyə-deyə.

Həsən Ruhani - müsəlman dünyasının liderliyinə iddialı bir dövlətin prezidenti - beləcə, müsəlman Azərbaycanın torpaqlarını işğal eləmiş, müsəlman azərbaycanlıları soyqırımına, etnik təmizləməyə məruz qoymuş və buna görə heç bir utanc hissi keçirməyən bir təcavüzkar dövlətə - Ermənistana gedir. Üstəlik, işğalçı ölkənin illərdir ayaqda qalmasına kömək edir, müsəlman Türkiyədən, Pakistandan, əksər ərəb ölkələrindən fərqli olaraq.

Söz yox ki, Azərbaycan kimi İran da müstəqil dövlət olaraq, öz xarici siyasətini müstəqil şəkildə qura bilər.

Fəqət, vurğulandığı kimi, Ermənistan müstəqil dövlət deyil və ən önəmlisi, müsəlman Azərbaycan ərazilərinin 20%-i üçüncü on ildir işğalda, 1 milyon müsəlman-şiəni qaçqın vəziyyətində saxlayır. İşğal etdiyi ərazilərdə erməni quldurları bütün mədəni-dini abidələrimizi yerlə bir ediblər. Məscidlərimizdə donuz saxlamağa qədər sinik hərəkətlərə yol verən bir ölkədir Ermənistan. Namaz əhli olan Ruhani bu gün məhz belə bir məmləkətə gedir, onun prezidenti, Xocalı hərbi canisi, məsum müsəlman çocuqlarının, qadınların, qocaların qətliamında şəxsən iştirak eləmiş, türmənin çoxdan darıxdığı qalstuklu quldur Sərkisyanla qucaqlaşıb öpüşməyə hazırlaşır.

Ən azı, bu üzdən səfər Azərbaycanın müsəlman xalqının yaddaşında həmişəlik qalacaq və daim İranın zərbəsi kimi xatırlanacaq. Odur ki, Ruhaninin İrəvan səfərinə Azərbaycanda həssas yanaşılması məntiqlidir. Bu yerdə yada salaq ki, müsəlman dünyasının heç bir ciddi dövlət başçısı indiyədək Ermənistana səfər etməyib. Pakistan İslam Respublikası isə Ermənistanı, ümumiyyətlə, dövlət kimi tanımır. İslam Respublikası belə olar, cənab müsəlman qardaşlar!

*****

Ruhaninin İrəvan səfərinə bir şərtlə normal baxmaq olardı: gedib İrəvanda bəyan eləsin ki, Ermənistan işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmalı, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi əsasında həllini tapmalıdır. Heç olmazsa, bu yay Bakıda bəyan etdiyini orada təkrarlasın. Eyni zamanda saxta soyqırım abidəsini ziyarətdən imtina edəydi.
Yalnız o halda “günahı”nı yuya bilər - əsl müsəlman kimi, bir iman və namaz əhli kimi. Bax, onda deyərdik ki, onun İrəvana getməyinə dəyərdi. Edəcəkmi: yuyacaqmı? Axı, düşmənimizin dostu bizə necə dostluqdan danışa bilər? Hər necə olmasa, gözləyək görək, Bakıda Azərbaycan prezidenti İlham Əliyevi “dostum qardaşım” adlandıran Ruhani prezident Serj Sərkisyana nə deyəcək.

Əksər siyasi müşahidəçilərə görə də, əsas olan Ruhaninin İrəvan səfəri çərçivəsində nə deyəcəyi, hansı sənədləri və anlaşmaları imzalayacağı, saxta soyqırım abidəsini ziyarət edib-etməyəcəyidir. Başqa sözlə, söhbət həm də qardaş İranın qardaş Türkiyəyə münasibətindən gedir. Deməli, faktiki, uç paytaxtda (Bakı, Ankara, İrəvan) qulaqlar səsdə olacaq.

*****

“Təəssüf ki, İran bu gün Dağlıq Qarabağ məsələsində Azərbaycana hərbi və maddi yardım göstərmək istəmir”. Bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Son zamanlar İranın Ermənistanla münasibətlərinə toxunan politoloqun sözlərinə görə, Azərbaycana qarşı silsilə işğallar törədən Ermənistanı iqtisadi fəlakətdən çıxarmış İran indi məhz keçmiş siyasətini genişləndirir.

“Vaxtilə boğulmaqda olan bir ölkəyə nəfəslik açan və Ermənistana qarşı blokda siyasətinin baş tutmamasına bir növ yardımçı olan İran indi Ermənistanla əməkdaşlığı normal bir hadisə və suveren hüquqlarının təzahürü kimi qələmə verir. Fələstinlilərin və Qüdsün qeyrətini çəkən İran nəyə görə Dağlıq Qarabağla bağlı da eyni mövqeni göstərmir? Ermənilər yeri gələndə apardıqları müharibəyə xristian rəngi verməyi bacarır və bundan istifadə edərək xristian dünyasında həmrəylik tələb edirlər. Halbuki İranın gözü qarşısında Ermənistan müsəlman Azərbaycan dövlətinin 20 faizini işğal edib. Ermənistana qucaq açan, iqtisadi və hərbi yardım göstərən İranın hazırkı hərəkətləri başadüşülən deyil. İsrail baş nazirinin səfərindən sonra İran prezidentinin İrəvana səfəri diqqətdən yayına bilməz” - politoloq qeyd edib.

Sabiq dövlət müşaviri onu da bildirib ki, dünyanın terrorçu elan etdiyi HƏMAS və “Hizbullah” təşkilatına milyonlarla vəsait ayıran, bu gün Əsəd rejiminə canlı qüvvədən tutmuş silaha qədər dəstək verən İranın bölgədə apardığı siyasət heç də birxətli deyil və Ermənistanla münasibətlərdə hər şey daha aydın nəzərə çarpır: “Ancaq İrandan fərqli olaraq Azərbaycanın hər hansı bir dövlətlə əməkdaşlığı üçüncü bir dövlətin əleyhinə çevrilməyib”.

*****

Əlavə edək ki, səfər ərəfəsi İran XİN-in sözçüsü Bəhram Qasimi deyib ki, rəsmi Tehranın Azərbaycan Respublikası, Qarabağ böhranı, eləcə də Ermənistanla bağlı siyasəti dəyişməyib. “Bizim mövqeyimiz sabitdir və bu mövqeni davam etdirəcəyik”, - deyə o qeyd edib.
Bu mövqenin reallıqda nədən ibarət olduğuna cənab Ruhaninin ilk İrəvan səfəri zamanı bir daha əminlik hasil edəcəyik. Bir şey qalmayıb. \\musavat.com\\