İŞİD-dən Azərbaycana terror hədəsi - Hədəfdə səfirlikdir
21-dek-2016İŞİD qəddar terror qruplaşması Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun güllələnməsindən sonra bu ölkənin başqa yerlərdəki səfirliklərinin də hədəfə alınacağını elan edib.
Virtualaz.org “The Sun”a istinadən xəbər verir ki, terror qruplaşması Rusiyanın hansı ölkələrdəki səfirliklərinin hücumlara məruz qalacağına dair PDF formatında siyahı və səfirliklərin yerləşdikləri ünvanları yayıb. Siyahıda Rusiyanın Bakıdakı səfirliyi də var. Bununla belə İŞİD-in Rusiyanın Ankaradakı səfirinin güllələnməsinə görə məsuliyyəti üzərinə götürdüyü barədə məlumat yoxdur. Türkiyə hakimiyyət dairələri səfiri güllələyən polis əməkdaşının FETÖ, yaxud “Əl-Qaidə” bağlılığı haqda danışır.
İŞİD-in yaydığı siyahıya əsasən bu terror qruplaşması Rusiyanın Kampala (Uqanda), Tehran (İran), Bakı (Azərbaycan), Tirana (Albaniya) və bəzi digər müsəlman ölkələrinin paytaxtlarında yerləşən səfirliklərinə terror hücumları həyata keçirəcəyini bildirir.
Xatırladaq ki, Andrey Karlovun öldürülməsindən sonra Rusiyanın Bakıdakı səfirliyinin təhlükəsizliyi gücləndirilib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, xüsusi xidmət orqanlarının rəhbərlərinə səfirliklərin və diplomatların mühafizəsinin gücləndirilməsi üçün xarici həmkarları ilə əməkdaşlığı genişləndirmək barədə göstəriş verib. Ehtimal olunur ki, bu göstəriş riskli ölkələrdəki Rusiya səfirliklərinin və diplomatlarının mühafizəsini təmin etmək üçün xüsusi təyinatlıların göndərilməsini də nəzərdə tutur.