“Layihə İnstitutunun direktoru şantaj olunur” - Vəkil
10-iyun-2016Bir neçə gün əvvəl mətbuatda Sadıq Mustafayev adlı iş adamının Əli Məlikov tərəfindən dələduzluğa məruz qalması ilə bağlı müraciəti yayımlanmışdı.
“Xezer.info” xəbər verir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edən iş adamının bildirdiyinə görə, Ə. Məlikov ondan 600 min dollar pul alıb və bu günə kimi qaytarmayıb. Aralarında mübahisə yaranarkən isə prosesə sözügedən şəxsin qayınatası Fövqəladə Hallar Nazirliyi tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi ”Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunda direktor vəzifəsində işləyən Sahib Qarayev qoşulub. O isə borcun 600 min dollar deyil, 100 min dollar olmasını iş adamına sübut etməyə çalışıb.
Bu gün isə iş adamın ittiham etdiyi Layihə İnstitutunun direktoru Sahib Qarayevin vəkili İkram Abdullayev mətbuatda yazılanlara cavab vermək üçün “Qafqazinfo”ya müraciət edib.
İ. Abdullayev əvvəlcə qeyd edib ki, son dövrlər mülki xarakterli mübahisələr zəminində tərəflərdən birinin yaxınları, qohumları imkanlı şəxsdirsə və yaxud hansısa kiçik vəzifə sahibidirsə hədəfə tərəf deyil, qohumları məruz qalır. Belə ki, müxtəlif instansiyalara yalan xarakterli şikayətlər verilir və təzyiqlər edilir. “Belə təzyiqlərdən birinə də müvəkkilim Sahib Qarayev məruz qalıb” deyən vəkilin bildirdiyinə görə, müvəkkili Zərdab rayonu, Qoruqbağı kənd sakini, Nəcəfqulu kəndində “Kür “ kafesini işlədən Sadiq Mustafayev tərəfindən bu cür əməllərə məruz qalıb.
“Sadiq Mustafayev ondan borc alıb qaytarmadığını iddia etdiyi Əli Məlikovla 17 il dost və biznes ortağı olub. Sonra Sadiq Mustafayev biznesini genişləndirmək məqsədilə müxtəlif şəxslərdən 2012- ci ilin aprel ayından 2013- cü ilin mart ayınadək 100 min dolllar həcmində pulu 5 %-dən alıb, 7%-dən ödəmək şərtilə Əli Məlikova verib. 1 il müddətinə 7% pulu almaqla 5%- ni pul sahiblərinə, 2 %-ni isə özünə saxlamaqla gününü keçirib. O Əli Məlikovun müflis olduğunu gördükdən sonra isə hədəfi onun keçmiş qayınatası, Layihə İnstitunun direktoru Sahib Qarayevə və onun qardaşı Qalib Qarayevə çevirdi. Beləliklə də, pulu onlardan tələb etməyə başladı.
2013- cü ilin iyulun 2-də Əlinin qohumları ilə ilk dəfə görüş zamanı Sadiq Mustafayev özünün və iki nəfər yaxınlarının iştirakı ilə Əli Məlikovun ona 100 min ABŞ dolları borcu olduğunu öz xətti ilə şəxsiyyət vəsiqəsinin surətinin alt hissəsində qeyd etməklə qəbz yazıb, digər ona yaxın 2 şəxs tərəfindən şahid kimi imzalanıb. (Qəbzin surəti müraciətə əlavə edilir).
26.07.2013-cü il tarixdə isə həmin 100 mindən 4900 manat alması barədə öz xətti ilə qəbz yazıb. (Qəbzin surəti müraciətə əlavə edilir).
Sahib Qarayev kürəkəninin əvəzinə qızının ailəsinin dağılmaması və nəvələrinin xatirinə maşınlarını satmaqla S.Mustafayevə daha 29 min ABŞ dolları ödəyib. (Hüquq mühafizə orqanlarının araşdırması zamanı S.Mustafayev bu faktı da təsdiq edib).
Ümumilikdə isə, Əlinin keçmiş qaynatası Sahib Qarayev Sadiq Mustafayevə 41 430 ABŞ dolları ödəyib.
Daha sonra kürəkəninin daha bir neçə şəxsə borcu olduğu Sahib Qarayevə məlum olub. Həmçinin o da məlum olub ki, əslində Əlinin Sadiqlə əlaqəli borclu olduğu şəxslər də Sadiqin yaxın qohumları olan qayınatası, xalasının əri, dostları və s. digər şəxslərdir ki, həmin şəxsləri də Əli ilə Sadiq tanış edb.
Həmin şəxslər də Əliyə eyni ssenari ilə yüksək faizlə pul vermiş və qarşılıqlı alış-veriş ediblər. Sadiqin göstərişi ilə bu şəxslər də prokurorluğa şikayət ediblər. Şikayət əsasında istintaq aparılmış və işə xitam verilib. Və onlara mülki qaydada məhkəməyə müraciət etmələri bildirilib. Bu hadisələrdən sonra Sahib Qarayev Sadiqlə əlaqəni kəsib.
Bu vaxta qədər ailəsinə normal münasibət bəsləməyən Əli Məlikovu axtaranların və onun özünün hərəkətlərindən bezən xanımı 2013-cü ilin avqustunda ondan boşanaraq 3 övladı ilə atasının yanına qayıdıb. Səbəb isə onun ailəsinin yaşadığı evin də əri Əli tərəfindən banka girov qoyulması və bank tərəfindən evin onlardan alınması olub”.
Vəkil qeyd edib ki, Ə.Məlikovun keçmiş qaynatasından artıq pul ala bilməyəcəyini görən Sadiq Mustafayev müvəkkilini şantaj etməklə məşğul olmağa başlayır: “S.Mustafayevin bu cür şantaj və böhtan xarakterli hərəkətlərinə etiraz olaraq Sadiqin hüquqlarının qoruyan vəkil Əzizov Sahib Söhrab oğlu 26.11.2014-cü ildə Səbail rayon prokurorluğuna rəsmi ərizə ilə müraciət edərək Əli ilə Sadiq arasında borc problemi olduğunu və bu borcun 51 min ABŞ dolları civarında qaldığını qeyd edib. Əli Məlikovun qayınatası Sahib Qarayevin və digər qohumlarının Sadiqlə heç bir əlaqəsi olmadığını bildirib. O, prokurora ərizəsində göstərib ki, bu şəxslərə qarşı əsassız ərizələr yazılıb. (vəkil Sahib Əzizovun prokurora ünvanlandığı ərizənin surəti əlavə edilir).
Əsassız ərizələr yazmaqda davam edən Sadiq Mustafayevin ərizəsi Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırılıb və 17.12.2013-cü ildə cinayət işinin başlanması rədd edilib. Qərarda Sahib Qarayevin və digər qohumlarının əməllərində hər hansı bir cinayətin tərkibi olmadığı bildirilir.
Sadiq Mustafayevə isə izah edilir ki, Əli Məlikova qarşı mülki iddia qaldıra bilər (Polisin qəbul etdiyi qərarın surəti müraciətə əlavə edilir).
Sadiq Mustafayev yenə də müxtəlif instansiyalara ərizələr yazmaqla Əli Məlikovun qohumlarından pul tələb edir, onlara şər atmaqda davam edir. Nəhayət Sadiq Mustafayevin ərizələrinə əsasən 29.10.2013-cü ildə faktla bağlı cinayət işi başlanıb. İstintaq Bakı şəhəri, Səbail rayon Prokurorluğu tərəfindən araşdırılıb, müəyyən edilib ki, Sadiq Mustafayevin ərizələri şantaj və böhtandan başqa bir şey deyil.
26.02.2015-ci il tarixdə Səbail rayon Prokurorluğu 140026021 saylı cinayət işinin icraatına xitam verməklə bağlı qərar çıxarır.
Keçmiş kürəkəni Əli Məlikova görə şantaj və əziyyətlərə düçar olmuş Sahib Qarayev Sadiq Mustafayevə qarşı Zərdab rayon Məhkəməsində ona vurulan mənəvi zərərə görə 20 min manat pul tələbinə dair qaldırdığı iddiaya baxılıb və Sadiq Mustafayevdən 5 min manat pulun alınıb Sahib Qarayevə verilməsi barədə 08.06.2015-ci il tarixli 2(035)-233/2015 saylı qətnamə çıxarılıb. (Təsdiqedici sənədlər müraciətə əlavə edilir).
Son ərizələrində Əli Məlikovun ona 600 min ABŞ dolları borcu olduğunu yazan S.Mustafayevin yuxarıda qeyd etdiyim kimi 02.07.2013-cü ildə öz imzası ilə yazdığı qəbzdə borcun 100 min ABŞ dolları göstərilib.
Sahib Qarayev dəfələrlə S.Mustafayevə Əli Məlikovla bağlı münasibətlərini hüquqi müstəvidə həll etməyi tövsiyə etsə də, heç bir nəticə hasil olmayıb.
Bütün qohumluq münasibətlərinə xitam verilmiş bir şəxsə görə bu ailə nə qədər əziyyətlər çəkməlidir?
Artıq müvəkkilim belə qərara gəlib ki, hər bir böhtan xarakterli ərizə və yazıya görə S.Mustafayevi və onun havadarlarını xüsusi ittiham qaydasında məhkəməyə verməklə onların cəzalandırılmasını tələb etsin”.