Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib.
18-dek-201617 dekabr 2016-cı il tarixdə Bakı Biznes və Kooperasiya Kollecində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib.
Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Nigar Kərimova, “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev və 120 nəfər gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan Tələbə - Gənclər Təşkilatının sədri Nigar Kərimova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.
Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb etmək, bu sahə üzrə müvafiq bilik və bacarığa yiyələndirmək, cəmiyyətdə kiçik və orta sahibkarlığı təbliğ etməkdir. L.Muradova qeyd etdi ki, layihə zamanı gənclərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları, biznes layihələrin yazılması və kənd təsərrüfatı sahəsində biznesin idarəedilməsi üzrə təlimlər keçiriləcəkdir. Müasir dövrdə cəmiyyətin ümumi inkişafı sahibkarlığın, iqtisadiyyatın inkişafından asılıdır. Açıq bazar cəmiyyətində sahibkarlıq fəaliyyəti üç yerə bölünür: böyük, orta və kiçik sahibkarlıq fəaliyyəti. İqtisadi inkişafın dayaq nöqtəsini orta və kiçik sahibkarlıq sayılır. Bu sahibkarlıq növlərinin inkişafı isə bu sahəyə yeni gələn insanlarla formalaşır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət tərəfindən müvafiq şərait yaradılıb, ancaq gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün maarifləndirmə işinə ehtiyac var, eyni zamanda onların bu sahəyə cəlb edilməsi üçün motivasiyaya ehtiyac var. Bu baxımdan bu layihənin keçirilməsi gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə köməklik göstərəcəkdir, orta və kiçik sahibkarlıq fəaliyyətin əsaslarını təbliğ edəcəkdir. Gənclərin biznes sahəsi üzrə bilik və bacarığı artırılacaqdır, onlar sahibkarlıqla məşğul olmaq üçün qanunvericiliyi öyrənəcəklər və biznes layihələrin yazılma və idarəetmə qaydalarını mənimsəyəcəklər. Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev çıxış edərək bildirmişdir ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. O.Nəbiyev qeyd etdi ki, sahibkarlıq qabiliyyəti dedikdə, maddi və ya intellektual mülkiyyət sahiblərinin ictimai fəaliyyətin müəyyən sahəsində daha çox yararlı olması, müəyyən işi daha müvəffəqiyyətlə icra etməsi nəzərdə tutulur. Bu qabiliyyət bir tərəfdən sahibkarın fərdi psixi xüsusiyyətindən, digər tərəfdən isə onu əhate edən iqtisadi şəraitdən asılıdır. Sahibkarliq qabiliyyəti ya ictimai fəaliyyət
prosesində, ya da təhsil prosesində əldə edilir. Uzun müddət birinci yol, yəni fəaliyyət prosesi üstünlük kəsb etdiyi halda müasir dövrdə ikinci yol üstünlük kəsb edir. Sahibkarlıq qabiliyyəti xüsusi növ insan kapitalıdır.
Sonda ekspert tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, layihə 6 müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində keçirilir və Bakı Biznes və Kooperasiya Kolleci artıq üçüncü təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk təlimi Azərbaycan Kooperasiya Universitetində, ikinci təlimi isə Azərbaycan Dövlət İqtisad
Universitetində keçirilib.