Baba Rzayev xalqa“atır”: jurnalistlər üsyan etdi - “Ayıbdır”
14-dek-2016Tarif Şurasının yeni qərarından sonra “Azərişıq” ASC xalqa kələk gəlməyə başlayıb. Abonentləri aldadan ASC rəhbərliyi artıq kilovat hesablamaqla xalqı soyur.
Qiymətlərin artımı azmış kimi Baba Rzayev və komandası yeni tariflərin qüvvəyə minməsindən sonra fırıldağa da əl atmaqdadır. Artıq jurnalistlər ASC-nin bu dələduzluğun a üsyan etməyə başlayıb.
“Report”un redaktoru Pərvin Abbasov: “Elektrik enerjisinin yeni tariflərə keçməsindən sonra şübhələnmişdim ki, artıq pul hesablana bilər. Dekabrın 1-də sayğacın fotosunu çəkdim. Dünən də işıqpulu gəlib: 60,78 AZN.
Hər ay 250 kvst elektrik enerjisini 7 qəpikdən ödəməliyəm.
Dekabrın 1-dən dünənə, yəni Azərişığın bildirişi gələnədək 251 kvts istifadə etmişəm. Amma 65,2 kvts enerjini 11 qəpikdən hesablayıblar.
Yəni, 10 AZN çox yazıblar. Nəticə: qiymətlərin bahalaşması bir yana, Azərişıq daha çox pul yışmaq yeni metodlara əl atıb. Bunu təkcə mənə qarşı deyil, çox abonentə qarşı ediblər, xahiş edirəm məsələyə aydınlıq gətirin, münasibət bildirin”.
APA-nın əməkdaşı Faiq Mahmudov: “Normalda hər ay 300 kvs işlədirdik. Son aylar qalxıb 450-ə. Halbuki evdə heç nə dəyişilməyib. Eyni cihazlar, eyni lampalar...”
“Yeni Müsavat”ın baş redaktorunun 1-ci müavini Azər Ayxan: “Söhbət açıldı, mən də yazım. Eyni şey bizdə də oldu”.
Editor.az-ın baş redaktoru Fərid Şahbazlı: “Bizdə də eyni haldır”
7news.az-ın baş redaktoru Səbuhi Abbasov: 22 aya 50-55 manat ödəyirdim. İndi az sərfiyyat olmasına baxmayaraq 12 günə 52 manat gəlib. Heç nə də sübut eləmək olmur. Ayıbdı. Onsuz da qiymətlərin qalması insanları cin atına mindirib, barı maxinasiyalardan əl çəkin də”.
Report-un əməkdaşı Valeh Dadaşov: “Bunu bu şəkildə hesablaya bilməyən 100 minlərlə insan var ölkədə. Ayıbdı. Millət onsuz da çətin durumdadır, bir də siz yıxmayın bu xalqı”.
Onların bu etirazlarına başqa abonentlər də qoşulub və insanların aldadılmasını təsdiqləyiblər. Bu isə sözün həqiqi mənasında böyük vicdansızlıqdır. Qiymətləri artırmaqla camaatın vəziyyətini ağırlaşdıran “Azərişıq” rəhbərliyi saxtakarlıqla məşğuldur.
Politika.Az yada salır ki, Baba Rzayev elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər olan bir çox sahələr nəzarət etdiyi bildirilir.
Bu sahələrdə monopoliyanı bir neçə ildir ki, əlində saxlayan Baba Rzayev həm də rəsmən səhmdardır. “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə, 70 faizi Baba Rzayevə, 30 faizi onun ailəüzvlərinə məxsusdur.
Qeyd edək ki, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.