Şikayətçilər Gəncə şəhər icra hakimiyyətinə "hücum etdi"
14-dek-2016Dünən səhər saatlarından etibarən, Gəncə İcra Hakimiyyətinin giriş qapısında şikayətçi izdihamı yaşanıb.
Şikayətçilərin Demokratik.Az-a verdiyi məlumata görə, onlar şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qəbuluna düşməyə çalışıblar. Lakin Elmar Vəliyev vətəndaşları qəbul etməyib. Hadisə yerinə cəlb olunan polislər İHB rəsmilərinin göstərişilə şikayətçiləri zorla binanın giriş qapısından kənarlaşdırıblar. Bir neçə saat səs-küylə müşaiyyət olunan yığıncaq sonda İHB-nin hüquqşünası Xaqani Əmiraslanovun səyləri və şirin vədləri nəticəsində yavaş-yavaş dağılıb.
Narazılığa səbəb, illər öncə şəhər mərkəzində sökülən binaların sakinlərinə kirayəpullarının son aylarda verilməməsidir. Məlumata görə, narazılıq edən 23 ailəyə kirayə haqqı ödənişinin gecikdirilməsi ilk hal deyil. Gəncə İHB vətəndaşlara ödənilməli olan maddi vəsaiti mütamadi olaraq yubadır və bu da haqlı narazılıqlara səbəb olur.