Bu gün:
Xezer.info » Cəmiyyət » Qafqaz Universitetində böhran - 20 müəllim və laborant işdən çıxarılıb

Qafqaz Universitetində böhran - 20 müəllim və laborant işdən çıxarılıb


Qafqaz Universitetində böhran - 20 müəllim və laborant işdən çıxarılıb
Rəcəb Rzayev: “Bu cür məlumatları universiteti istəməyən şər qüvvələr yayır”

Qafqaz Universitetindən 20 müəllim və laborant işdən çıxarılıb. Bu isə universitetdə təhsil alan tələbələrin narazılığına səbəb olub. Bu barədə tələbələrin Meydan TV-yə ünvanladıqları şikayətdə qeyd olunur.

Tələbələr yazırlar: “Bu gün baş verən hadisə Qafqaz Universitetində olan mənfi hadisələr dalğasının artıq ən pik nöqtəsi oldu. Universitetimizin 20 müəllim və laborantının işdən çıxarılması, bu müəssisənin tələbələri və cəmiyyətimizin fərdləri olaraq bizi və bizim kimi digər bütün Qafqaz Universiteti tələbələrini hədsiz dərəcədə narahat etdi. İlk öncə onu qeyd edək ki, tələbələrin istər bakalavr, istərsə də, magistr təhsili üçün universitet qeydiyyatından keçdikdə Qafqaz Universitetini seçmələrində ən vacib amil, bu universitetin savadlı ali kadrlarına güvənməsi və Qafqaz Universitetindəki bu müəllimlərin də onlara gərəkli olan təhsili verəcəklərinə əmin olması ilə əlaqədardır.

Bu baxımdan universitetimizdə çalışan bütün müəllimlər, işçi heyəti və laborantlar biz və digər tələbələr üçün çox dəyərlidir. Əsas məqsədimiz bizdən sonra gələcək nəsillərin də universitetimizi seçməsində əsas meyar olan müəllimlərimizin işdən azad edilməsinə etinasız qala bilməyəcəyimizi göstərməkdir. Mənfiliklər dalğası dedikdə nəzərdə tutduğumuz digər hadisələr isə “midterm” (viza) imtahanlarında edilən və fərdi fəaliyyət balı üçün universitetimizin rektoru tərəfindən edilməsi planlaşdırılan dəyişikliklər olmuşdu.

Bilməyənlər üçün qeyd edək ki, “midterm” imtahanı təhsil semesterinin 8-ci həftəsində edilir. Sırf “midterm” həftəsi ərzində keçirilənlər dərs deyil, sadəcə imtahanların olduğu və ümumi semester ortalamasının 20 faizini təşkil edən imtahanlardır. Digər 50 faiz final imtahanlarından, 20 faiz məcburi fəaliyyət – “quiz” adlı kiçik imtahanların cəmindən, 10 faiz isə fərdi fəaliyyətdən əldə olunur. Hansı ki, həmin fərdi fəaliyyətlərə tələbənin universitetin sosial klublar və dərnəklərində gördüyü işlər daxildir və tələbə də sadəcə dərslə kifayətlənməyib, sosial zəkasını da inkişaf etdirdiyi bu klublardan fərdi fəaliyyət balı, klub balı əldə edə bilir.

Qeyd edək ki, rektor universitet sisteminə rəng qatan və tələbələrə stimul verən klubların və klub ballarının ləğv edilməsinin tərəfdardır. Rektorun qərarından sonra “midterm” həftəsi dərslərlə eyni vaxtda olub, (bir növ universitetimizi məşhur edən sistemin əsas hissələrindən biri azaldılıb,) və müddəti uzadılıb. (Faktiki olaraq “midterm” həftəsinin ləğvindən söz gedir.) Bu da təbii olaraq zəif imtahan nəticələri və ortalamalarımızın azalması ilə nəticələnib”.

Tələbələr təəssüflənirlər ki, bu barədə nə Təhsil Nazirliyinin “qaynar xətti”nə məlumat veriblər, nə də universitet daxilində etiraz ediblər.

Səbəbi də psixoloji amillə bağlayırlar: “Psixoloji amil olaraq kantin qiymətlərinin azaldılması və ya təhsil haqqını ödəməyənlərin belə viza imtahanlarına girməsinə icazə verilməsi ilə etirazların istiqamətinin dəyişdirilməsi və ya etirazların sayının azaldılmasından söz gedir. Bunlar tələbə olaraq bizimlə birbaşa əlaqəli olsa da, bugünkü hadisə bizimlə deyil, universitetimizin savadlı kadrları: müəllim və laborantları ilə əlaqəli olduğuna görə artıq çox gec olmadan mədəni şəkildə etirazımızı bildiririk. Müəllimlərin işdən çıxarılmasını əsassız sayır, onların sırf magistr təhsili olmadığını əsas gətirərək işdən azad edilməsini istəmirik.

Araşdırdığımız qədərilə təhsil nizamnaməsində laborantlıq üçün magistr təhsilinin şərt olduğu barədə məlumat yoxdur. Əsaslandıraraq dediklərimizdən əlavə, həm də stateji cəhətdən düzgün və səmərəli olmadığını düşündüyümüzə görə onların işdən çıxarılmasına etiraz edirik. Çünki Qafqaz Universitetinin sistemi zəncirvari, bir-birilə elə bağlı şəkildədir ki, hər hansısa bir savadlı kadr işdən azad edilsə və ya “midterm”, sosial klublar kimi sistemin əsas parçaları ləğv olunsa, o zaman Qafqaz Universiteti eyni universitet olmayacaq. Səlahiyyətli şəxslərin Havar Məmmədovu o vəzifəyə Qafqaz Universitetinin sistemini məhv etmək üçün deyil, onu idarə etmək üçün təyin etdiyi qənaətindəyik. Ona görə də bu universitetin tələbələri olaraq tələb edirik ki, qeyri-stratejik və universitetimizin reytinqinə xələl gətirəcək əsaslı dəyişiklərə son verilsin, Qafqaz Universitetində ingilis dilində təhsil ilə bağlı problemlər yaranmasın, QU Dillər Məktəbi öz fəaliyyətini normal şəkildə davam etdirsin və Qafqaz Universitetində uzun illərdir ki, tətbiq edilən stratejik sistem olduğu kimi saxlanılsın”.

Adının açıqlanmasını istəməyən müəllimlərdən biri də Qafqaz Universitetində baş verən problemlərdən danışıb: “Mən Bakı Dövlət Universitetində çalışıram. Ötən il Qafqaz Universitetinə dəvət edilmişdim, orada mühazirələrim oldu. Ancaq bugünə qədər əmək haqqımı ala bilməmişəm. Bildiyimə görə, bütün müəllimlərin məvacibləri gecikdirilir. Havar Məmmədov deyir ki, məndən əvvəl baş verənlərə cavabdeh deyiləm. Ümumiyyətlə, onun gəlişindən sonra universitetin ab-havası dəyişib. Havar Məmmədov sovet təhsil sistemini görmüş, buna üstünlük verən adamdır. Yenilikçi deyil. Yenilikçi müəllimləri də qəbul etmir. Çox təəssüf ki, belə bir adamı Qafqaz Univeristetinə rektor təyin etdilər. Nəticədə bu ali təhsil ocağının da səviyyəsini aşağı çəkirlər”.

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev isə deyilənlərlə razılaşmır. O, Meydan TV-yə deyib ki, bu cür məlumatları universiteti istəməyən şər qüvvələr yayır: “Bu məlumatları universitetimizi, onun gözəlliyini, uğurlarını istəməyənlər yayıb. Sizi universitetə dəvət edirəm, gəlin, orada adları göstərilənlərin hər birinin otağına gedək, o zaman görəcəksiniz ki, heç kim işdən çıxarılmayıb”.

Rəcəb Rzayev maaşların gecikdirilməsi xəbərini də təkzib etdi: “Maaşlarda heç bir gecikdirilmə yoxdu. Bizdə kart sistemidir, heç kimə nəğd ödəniş edilmir. Hər kəsin də maaşı vaxtlı-vaxtında hesabında olur”.