Bu gün:
Xezer.info » İqtisadiyyat » Biz neft tranzitindən nə qazanırıq? - Analiz

Biz neft tranzitindən nə qazanırıq? - Analiz


Biz neft tranzitindən nə qazanırıq? - Analiz
Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsü (MSŞT) çərçivəsində Azərbaycanda açıqlanan hesabatlar ölkənin hasilat sektorundakı proseslər barədə məlumat əldə etmək üçün əhəmiyyətli mənbədir. Təşəbbüsün getdikcə daha geniş məlumat bazasının açıqlanmasını nəzərdə tutan bir sıra tələbləri hesabatların daha da zənginləşməsinə gətirib çıxaracaq. Belə tələblərdən biri MSŞT standartının 4.4-cü bəndində nəzərdə tutulan nəqletmə gəlirlərinin açıqlanması barədədir.

Biz neft tranzitindən nə qazanırıq? - Analiz

“Qafqazinfo” xəbər verir ki, həmin tələbdə nəqletmədən əldə olunan gəlirərin təşəbbüs çərçivəsində hazırlanan hesabatlara daxil edilməsi nəzərdə tutulur. Hələlik icrası məcburi olmayan həmin tələbə görə, “Neft, qaz və mineral ehtiyatların daşınmasından əldə edilən gəlirlər əhəmiyyətli olduqda, hökumətdən və dövlət təşkilatlarından əldə edilmiş gəlirlərin açıqlanması gözlənilir. Dərc olunmuş məlumat digər ödəniş və gəlir axınlarına dair hesabatlarla müqayisə olunacaq səviyyədə bölünməlidir.”



Bu tələbi tətbiq edən ölkələr aşağıdakıları açıqlaya bilər:



- Nəqletmə razılaşmalarının təsviri, o cümlədən: məhsul; nəqletmə marşrutu(ları); və dövlət təşkilatları daxil olmaqla nəqletməyə cəlb olunmuş müvafiq şirkət və dövlət qurumları.



- Müvafiq nəqletmə vergiləri, tarifləri və ya digər müvafiq ödənişlərin anlayışları və onların hesablanmasında istifadə olunan metodologiyalar.



- Tarif dərəcələrinin və daşınan məhsulların həcminin açıqlanması.



- Hökumət orqanları və dövlət təşkilat(lar)ının neft, qaz və mineral ehtiyatların daşınmasıdan əldə olunan gəlirlərin açıqlanması.



- Mümkün olduğu təqdirdə, Çoxtərəfli qrupa neft, qaz və mineral ehtiyatların nəqli ilə əlaqədar əhəmiyyətli ödəniş və gəlirlərin tutuşduraraq yoxlanılmasını Müstəqil Administratora tapşırmağı tövsiyə olunur.



Bundan əlavə, MSŞT Beynəlxalq İdarə Heyətinin oktyabrda Astanada Azərbaycanla bağlı qəbul etdiyi qərarda 2017-ci ilin yayında ölkəmizdə reallaşacaq 3-cü dəyərələndirməyədək icra olunması üçün irəli sürülən tövsiyələrdən biri də məhz nəqletmə gəlirləri ilə bağlıdır: “Nəqletmə tədbirlərinin, o cümlədən, nəql olunan məhsulların, nəqliyyat marşrutunun (marşrutlarının), açıqlanan tarif dərəcələrinin və onların hesablanması üçün istifadə edilən metodologiyaların və nəql olunan istehlak materiallarının həcminin tam təsvirinin verilməsi üçün Çoxtərəfli Qrup nəqletmə barədə hesabatı genişləndirməyə təşviq edilir.”Qeyd edək ki, Azərbaycanda nəqletmədən əldə olunan gəlirlərin bir qismi MSŞT üzrə ilk hesabatlardan başlayaraq davamlı şəkildə açıqlanır. Belə ki, Təşəbbüs çərçivəsində açıqlanan hesabatlarda Bakı-Supsa neft boru kəməri vasitəsilə daşınmalardan əldə olunan gəlirlər əksini tapıb. Qərb İxrac Boru Kəməri adlandırılan bu kəmərlə neft ötürülməsindən Azərbaycan dövlətinin gəliri 2003-2014-cü illər ərzində 142,4 milyon dollar təşkil edib ki, bunun da böyük bir qismini hökumətin özü-özünə etdiyi ödənişlər təşkil edib. Belə ki, MSŞT üzrə hesabatlara diqqət yetirdikdə görürük ki, 2009-cu ildə hökumət nəqletmə gəlirlərini 11,1 milyon dollar, şirkətlər isə ödəmələrini 4 milyon dollar; 2010-cu ildə hökumət 10,3 milyon dollar, şirkətlər 3,5 milyon dollar; 2011-ci ildə hökumət 9,5 milyon dollar, şirkətlər 3,2 milyon dollar; 2012-ci ildə hökumət 10 milyon dollar, şirkətlər 3,5 milyon dollar; 2013-cü ildə hökumət 6,6 milyon dollar, şirkətlər 0; 2014-cü ildə hökumət 11,4 milyon dollar, şirkətlər isə 3,9 milyon dollar qeyd ediblər. Hesabatları tutuşduran müstəqil auditorların rəyindən aydın olur ki, hökumətin artıq göstərdiyi rəqəm öz neftinin Bakı-Supsa ilə nəqlinə görə özünə ödədiyi məbləğdir.



Maraqlıdır ki, Azərbaycan dövləti iki böyük kəmərlə – Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) və Cənubi Qafqaz Boru Kəməri(CQBK) ilə daşımalardan hər hansı nəql rüsumu əldə etmir. Bununla bağlı sorğumuza Azərbaycanda MSŞT-nin icrası üzrə Hökumət komissiyasının rəhbəri olan Dövlət Neft Fondundan(ARDNF) verilən cavabdan aydın olur ki, BTC “Azəri-Çıraq-Günəşli” yatağı üzrə, CQBK isə “Şahdəniz” yatağı üzrə hasilatın pay bölgüsü sazişlərinin tərkib hissələri olduğu üçün həmin boru kəmərlərinin istifadəsindən tranzit haqqı hökumətə deyil, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrinin sərmayəçilərinə ödənilir.



Azərbaycan ərazisindən öz neft-qazından əlavə, Xəzər dənizi vasitəsilə gətirilən Qazaxıstan və Türkmənista nefti də daşınır. 2015-ci ildə ölkəmiz vasitəsilə 109,8 milyon dollarlıq Qazaxıstan, 19,6 milyon dollarlıq Türkmənistan nefti daşınıb. Bu daşınmanın bir hissəsi Bakı-Tiflis-Ceyhan boru kəməri ilə(5,2 milyon ton), digər hissəsi isə dəmiryolu ilə həyata keçirilib. BTC ilə Türkmənistan neftinin nəqli SOCAR-ın törəmə şirkəti olan “SOCAR Trading”lə “Draqon Oil” şirkəti arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir. SOCAR-ın yaydığı məlumata görə, müqavilə əsasında BTC ilə nəql olunan Türkmənistan neftinin illik həcminin 3 milyon tona çatdırılması nəzərdə tutulur. SOCAR bildirir ki, Türkmənistan neftinin BTC ilə nəqlinin və bu nəqlə görə “SOCAR Trading”in “BTC Co”ya ödədiyi tranzit haqqının artmasından AÇG və “Şahdəniz” layihələrinin sərmayədarları qazanc əldə edirlər. Belə ki, Qazaxıstan və Türkmənistan neftinə görə ödənilən tranzit haqqı hər iki layihə üzrə hasil edilərək BTC ilə nəql olunan neftin daşınma xərcini azaldır.Maraqlıdır ki, Qazaxıstan mənbələri bp şirkətinin təsiri ilə Azərbaycan hökumətinin Orta Asiya nefti üçün dəmiryolu tariflərini yüksək müəyyənləşdirdiyini iddia edirlər: səbəb olaraq neftin məhz BTC ilə daşınmasına nail olunması göstərilir. Bildirilir ki, bir neçə il əvvəl BTC ilə Qazaxıstan neftinin nəqli tariflər yüksək olduğu üçün dayandırılıb. Qazaxlar neftin dəmiryolu ilə daşınmasını artırmağa, yaxud Azərbaycana məxsus Bakı-Supsa ilə nəqlinə çalışıblar. Lakin məhz bp-nin təsiri ilə buna nail ola bilməyiblər, nəticədə 2013-cü ilin sonlarından yenidən BTC ilə nəql bərpa edilib. Neftin ixracında Rusiyadan olan asılılığını azaltmağa çalışan Qazaxıstan öz xammalını şimal qonşusundan kənar keçərək Azərbaycan üzərindən daşımaqda maraqlıdır, lakin rəsmi Bakının və bp-nin təsiri ilə “BTC Co”nun tarif siyasəti bu marşrutun cəlbediciliyini azaldır – qazax analitiklərin rəyi belədir.



Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC-dən dəmiryolu ilə daşınan Qazaxıstan və Türkmənistan neftinin həcminə, bu daşınmadan əldə edilən gəlirlərə, həmçinin daşınma tariflərinə dair sorğumuza cavab ala bilmədik. Bununla belə, Azərbaycan Respublikası Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının saytında yerləşdirilən məlumatdan öyrəndik ki, Dübəndi-Böyük Kəsik istiqaməti üzrə dəmiryolu ilə xam neftin bir tonunun daşınma haqqının yuxarı həddi 12 dollar, Bakı-Böyük Kəsik istiqaməti üzrə isə 11,50 dollar müəyyənləşdirilib.



Bəs Azərbaycan dəmiryolu vasitəsilə neft daşımalarından əldə olunan gəlirlərin MSŞT hesabatlarında açıqlanması nəzərdə tutulurmu? ARDNF-dən bu sualımıza verilən cavabda qeyd olunur ki, “dəmir yolu vasitəsilə neftin daşınması Azərbaycan Dəmir Yolları QSC-nin kommersiya fəaliyyətinə daxil olduğundan və sözügedən faəliyyətdən əldə olunan gəlirlər hökumətin gəlirlərinə daxil olmadığından bu məlumatlar MSŞT hesabatlarında açıqlanmır”.
Biz neft tranzitindən nə qazanırıq? - Analiz