Nazirlik dərsliklərdəki nöqsanları ETİRAF ETDİ
10-iyun-2016Son zamanlar sosial şəbəkələrdə orta məktəb dərsliklərində müəyyən səhvlərin olması ilə bağlı ciddi müzakirələr gedir.
Bu faktlar təhsil ekspertləri tərəfindən də tənqid edilir.
Orta məktəb dərsliklərindəki səhvlər daha çox texniki məsələlərdən irəli gələn elementar hesab və məntiq səhvləri olur.
Görəsən bu kimi hallar nədən irəli gəlir? Nöqsanlar niyə aradan qaldırıla bilmir?
Məsələ ilə bağlı Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, bu ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir və yekunda dərsliklərdə mövcud olan nöqsanlar ciddi şəkildə nəzərə alınacaq:
“Başa çatmaqda olan tədris ilində Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsini həyata keçirib. Cari ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir.
İctimai rəyin öyrənilməsi çərçivəsində 89 dərslik layihəsi e-resurs.edu.az saytına yüklənib. Həmin dərslik layihələrinə dair rəy və təkliflərin 17 iyun 2016-cı il tarixinədək bildirilməsi mümkün olacaq.
Çapa verilməzdən öncə, dərslik layihələri www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilir. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud [email protected] elektron poçtuna göndərməklə bildirmək olar”.
Qeyd edək ki, 2015-2016-cı tədris ilinə ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. O cümlədən, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.