Bu gün:
Xezer.info » Sosial » Ramin Quluzadənin rabitəsiz idarəçiliyi: “Bakinternet”də nələr baş verir?

Ramin Quluzadənin rabitəsiz idarəçiliyi: “Bakinternet”də nələr baş verir?


Ramin Quluzadənin rabitəsiz idarəçiliyi: “Bakinternet”də nələr baş verir?
Ötən cümə günü, dekabrın 2-si gündüz saat 15-16 radələrindən başlayaraq son vaxtlar abunəçiləri incitməkdə önə çıxmış Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) nəzdində fəlaiyyət göstərən məşhur (!) internet provayderi “Bakinternet”in müştərilərə xidmətində daha ciddi problemlər yaşanmaqdadır. Şikayətçilərin sözlərinə görə, həmin gün təxminən 5 saata yaxın internetin verilişi, ümumiyyətlə, dayandırılıb. İşin sonuna yaxın vacib görülməli işləri yekunlaşdırmalı olan hüquqi və fiziki abunəçilər saatlarla qonşularda, küçələrdə internet axtarışıyla məşğul olublar. Axşam saat 8-9 radələrində açılan, amma yenə də fasilərlə işləyən internet gecə saatlarında yenidən kəsilib və bir sıra abunçilərdə şənbə günü günorta saatlarınadək işləməyib. Həmin gün axşamadək internet yenə də bəzən 5-10 dəqiqə, bəzən də daha uzun fasilərlə verilib. Bazar günü səhər, gündüz, gecə və ertəsi gün səhər tezdən də oxşar problemlər yaşanıb. Bazar ertəsi saat 11 radələrindən “Bakinternet”in verilişi nisbətən normallaşıb. Ancaq kəsilmə halları ən azı, 1 saatdan bir baş verir.
Yasamal rayonunda yataqxanada məskunlaşmış Qarabağdan didərgin əməkdaşlarımızdan birinin başına gələnləri nəzərinizə çatdırırıq: ”4 ildən çoxdur ki, Yasamal Rayon Telefon Qovşağı vasitəsilə “Bakinternet”in 20 manatlıq abunəçisiyəm. Elə bir ay olmayıb ki, abunə haqqını gecikdirim. Əksər hallarda ayın 10-dək ödəmişəm. Onsuz da qanunla abunəçi bir ay müddətində istədiyi vaxt abunə haqqını ödəyə bilər. Amma bu ilin sentyabrından Rabitə Nazirliyi təzə qərar yox, sözün əsl mənasında hoqqa çıxarıb: hər ayın 5-6-dək (bəzi poçtlar hətta 4-dək tələb edirlər) abunə haqqı ödənməlidir. Bu, tamamilə qanunsuzluq, vətəndaşların haqqını tapdamaqdır. Yasamal RTQ-da da belədir. Abunə haqqını zorla tələb edirlər. Amma müştəri keyfiyyətli xidmət tələb edəndə yüz bəhanə gətirir, çox vaxt da abunəçinin özünü günahkar çıxarırlar. İnternetə qonşunun telefonu vasitəsilə qoşulmuşam. Həmin telefon və internet xəttində əvvəllər də problemlər olurdu. Gecələr, ümumiyyətlə, çox ağır işləyir. Axşam saatlarında insan istirahət etmək, bir maraqlı filmə baxmaq, yaxud dost-tanışla “skayp”la danışmaq istəyir. Di gəl ki, internet tez-tez kəsildiyindən əsəblərimiz gərilir, onsuz da çoxsaylı problemlərdən üzülmüş sağlamlığımıza əlavə zərbə dəyir.
İnternetin vəziyyəti son aylarkı kimi heç vaxt olmayıb. Bilavasitə telefon xəttində də xeyli vaxtdır problem yaranıb. Bəzən danışıqlar iki mərtəbə aşağıdakı qonşuyla üst-üstə düşür. Dəfələrlə Yasamal RTQ-na zəng etməyimizə baxmayaraq problemi aradan qaldırmırlar. Ötən ayın sonunda internetdə yenə ciddi problem yaranmışdı: Gündüzlər 5-10 dəqiqədən bir, axşamlar isə ümumiyyətlə, kəsilirdi. Dəfələrlə zəng edəndən sonra nisbətən düzəldi. Amma dekabrın 2-si saat 16.00 radələrindən başlanan problem bu günədək davam edir. Elə həmin gün abunə haqqını da ödəmişdim. Zəng etdik, dedilər ümumi şəbəkədə problem var. Moderator.az-a və axşam çapa gedəcək başqa bir qəzetə saat 17-18-dək material yollamalı idim. Ancaq iki saatdan çox gözləsəm də, internet açılmadı. Bir neçə qonşuya müraciət etdim. Məlum oldu ki, onlarda da “Bakinternet” kəsilib. Sonda məcbur olub küçələrə düşüb əsəbi halda, üstəlik, küləkli havada internet-klub axtarmağa başladım. Nəhayət, cibimdən pul ödəməklə yazılarımı lazımi ünvanlara göndərə bildim…
Bunlardan əlavə, Rabitə və Yüksək Texnolgiyalar Nazirliyi məcburi köçkün abunəçilər üçün daha bir problemi Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi ilə birgə yaradıb. Məcburi köçkünlərin telefona abunə haqlarına güzəştlərin dövlət başçısı tərəfindən ləğv olunmamasına rəğmən “Qaçqınkom” 2016-cı il avqustun 1-dən özbaşına, heç bir qanuni əsas olmadan Rabitə Naziriyinə köçkünlərin abunə haqları üçün nəzərdə tutulmuş məbləği ödəməyib. Beləliklə, Rabitə Nazirliyi də abunə haqlarını köçkünlərin özündən almağa qərar verərək onların telefonlarını kəsməyə başlayıb. Və haqlarını “Qaçkınkom”dan tələb etməyi məsləhət görüb. İndi rayon telefon qovşaqlarından internetdəki problemlərə görə zəng edəndə də xatırladırlar ki, sizin borcunuz var. Bəzi köçkünlər də elə bilir ki, güzəştləri dövlət özü ləğv edib, telefon bağlananda məcbur olub borcu ödəyirlər…
Oxşar problemlərlə təkcə mən yox, yüzlərlə yerli və köçkün telefon və “Bakinternet” abunəçisi üzləşib. Onların arasında neçə-neçə jurnalist həmkarımız da var. Görəsən, yüzlərlə, bəlkə də minlərlə vətəndaşa vurulan belə psixoloji, mənəvi və maddi zərbələrə görə Rabitə Nazirliyi, “Bakinternet”, o cümlədən Yasamal RTQ nə zaman və necə cavab verəcək? Şayiə gəzir ki, abunə qiymətlərini bahalaşdırmaq üçün abunəçiləri belə əziyyətə salırlar. Bu və ya digər suallarla bağlı adı çəkilən qurumlardan heç biri bu günədək rəsmi açıqlama verməyib. Odur ki, bir neçə gün də belə davam edəcəyi halda “Bakinternet”dən üz döndərib başqa, nisbətən keyfiyyətli xidmət göstərən provayderlə müqavilə bağlamağa məcburuq…”
Xatırladaq ki, ötən ayda müxtəlif saytlar abunəçilərin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Bakinternet”dən şikayətlərini təqdim etmişdi. Məlumat üçün onlardan birini nəzərinizə çatdırırıq:
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Bakinternet” rəhbərliyi prezidentə qarşı sabotajla məşğuldur. Yeni nazir Ramin Quluzadə və “Bakinternet” rəhbəri dövlət başçısı İlham Əliyevin daxili siyasi kursuna zidd getməkdədir.
Vətəndaşlar bəlkə də hələ yuxudan oyanmamış (səhər saat 08:30-da, iş saatı başlamamış) “Bakinternet”in operatoru insanların yuxusuna haram qatır. Bu, bütün əxlaq normalarını aşmaqdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri Əli Abbasov olduğu dönəmdə “Bakinternet” abunəçilərə qarşı bu qədər açıq özbaşınalığa yol vermirdi.
Yeni nazir Ramin Quluzadənin gəlişi bütünlüklə idarəçilik sistemini və prinsiplərini dəyişib. Ölkənin heç bir kommunikasiya qurumu, elektrik və ya qaz idarələri abunəçiləri səhər tezdən yuxudan oyadıb borcunu yada salmır.
Amma “Bakinternet”də əndazəni aşmaq son həddədir. Üstəlik, nazirlik və “Bakinternet”rəhbərliyi Prezidentə qarşı sabotajla məşğuldur. Ölkədə qaz və işıq bahalaşması, hər şeyin qiymətinin artması insanların vəziyyətini ağırlaşdırıb. Əhali kommunal ödənişlər etməkdə çətinlik çəkir, işsizlik artır.
Belə vaxtda isə “Bakinternet” rəhbəri dövlət başçısı İlham Əliyevin daxili siyasi kursuna zidd getməkdədir. Ayın 6-dək internet xidməti borcu ödənməyən müştərinin interneti kəsilir. Dünyanın heç bir ölkəsində və Azərbaycanda belə bir misli görünməmiş özbaşınalıq olmayıb. Vətəndaşlar qaz, su, işıq və digər kommunal borcları ay ərzində istədiyi gün ödəniş edə bilir. Əgər vətəndaş gecikdirirsə, o halda kommunikasiya kəsilə bilər. Ramin Quluzadə və “Bakinternet” rəhbəri isə heç bir əsası olmadan vətəndaşlara ayın 6-dək möhlət qoyur.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müşaviri Ramil Muxtarzadə bəzi abunəçilərin üzləşdiyi problemin səbəblərinə aydınlıq gətirib. O bildirib ki, internetin verilişində yaranan problem BTRİB-in öncədən ödəmə sisteminə keçməsi ilə bağlıdır…”
Bəla burasındadır ki, telefonun da, internetin də borcunu Ramin Quluzadə həzrətlərinin göstərişinə uyğun olaraq ödəmiş olan “Bakinternet” abunəçilərinin də internetində kəsilmə halları bu dəqiqələrdə də davam edir. Bəs bu, hansı göstərişə əsasəndir, cənab nazir?
Xatırladaq ki, BTRİB tabeliyində fəaliyyət göstərən internet provayder “Bakinternet” şirkətinin keçmiş rəhbəri Seymur Yusifov bu ilin martında vəzifəsindən azad olunub. S.Yusifovun işdən məhz provayderin müştərilərindən daxil olan şikayətlər səbəbindən çıxarılıb. Müştərilərə çox “uğurla” xidmət edən yeni “Bakinternet” rəhbərinin isə adını, soyadını BTRİB-nin oktyabrın 13-dən bəri yenilənməmiş xəbərlər lentindən, nə də “Bakinternet”in özünün oktyabrın 20-dən bu yana təzə xəbər qoyulmamış saytından tapa bildik…(moderator.az)