"Əsl günah onu Azərbaycanın Milli Məclisinə göndərəndədir"
10-iyun-2016Deputat Araz Əlizadənin hiddət doğuracaq açıqlamsını gecəyarısı oxudum və münasibət bildirməyi özümçün mənəvi borc saydım.
Bu adamın zehniyyəti və düşüncəsi Azərbaycanda hər kəsə məlumdur. Və deputat olaraq da hansı məslək və ideyanın daşıyıcısı olduğunu öz dili ilə təkrar xalqa nümayiş etdirir. Ondan artıq bir şey gözləmək də faydaya xidmət etmir. Ona görə də mən onun bu açıqlamasına heç də təəccüblənmədim, əksinə sevindim ki, o, kimliyini növbəti dəfə ortaya qoydu.
Görün, Araz Əlizadə Prezident İlham Əliyevə nə məsləhət verir? Dövlət başçısının Almaniyaya səfəri zamanı Bundestaqın qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirməsi deputat Araz Əlizadənin xoşuna gəlməyib. Əslində gələ də bilməzdi, çünki o, əzəldən türkə ikrahını nümayiş etdirən birisi olub. Bu qədər açıq söyləyirəm və Prezident Əliyevin Almaniyada belə bir təəssübkeşliyinin Azərbaycanın milli maraqlarını ifadə etmək baxımından yüksək qiymətləndirirəm. Türkiyə və türklük Əlizadə üçün yad bir anlayışdır. O, öz kökünə bağlıdır və onu oradan zorla qoparmaq mümkünsüzdür. Düzünə baxsaq, onda günah yoxdur. Əsl günah onu “bir millət və iki dövlət”dən biri olan Azərbaycanın Milli Məclisinə göndərəndədir. Vaxtında seçim edəndə kimin nəyə qulluq etdiyini təyin etmək zəruri idi. Lakin olub keçib, beləsinə qarşı yerini göstərmək, hansı məkanın vurğunu və ölüsü olduğunu başa salmaq gərəkdir. Təəssüf ki, deputat həmkarlarından da bir reaksiya yoxdur.
Eldar Sabiroğlu,
MN mətbuat xidmətinin keçmiş rəisi, ehtiyyatda olan polkovniki