Bu gün:
Xezer.info » Sosial » «Cənub» Elektrik Stansiyasında işçilərin ölümü gizlədilir

«Cənub» Elektrik Stansiyasında işçilərin ölümü gizlədilir


«Cənub» Elektrik Stansiyasında işçilərin ölümü gizlədilir
Etibar Pirverdiyev dərhal məsələyə müdaxilə etməli, Saleh Məmmədli barəsində lazımı tədbir görməlidir Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, bu bir müddət əvvəl «Azərenerji» ASC-nin nəzdində fəaliyyət göstərən «Cənub» Elektrik Stansiyasında çalışan işçilərin birinin ölümü ilə nəticələnən ağır faciə qeydə alınıb. Əldə etdiyimiz bilgilərə görə, «Cənub» Elektrik Stansiyasının direktoru Saleh Məmmədlinin sürücüsü Məhəmməd Bəhramov adıçəkilən müəssisənin işçisi Namiq Xanbala oğlu Qasımovun ölümünə səbəb olub. Beləliklə, 1962-ci ildə ölkənin cənub bölgəsində istismara verilmiş «Şirvan» Elektrik Stansiyasının istismar müddəti başa çatdıqdan sonra Şirvan şəhərində gücü 780 meqavat olan «Cənub» Elektrik Stansiyasının fəaliyyətə başladığını vurğulayan mənbənin Gundelik-Baku.com-la bölüşdüyü məlumatlarda qeyd olunur ki, Saleh Məmmədlinin sürücüsü Məhəmməd Bəhramovun monitor sürməyə ixtiyarı olmadığı halda onu idarə edib və nəticədə acır faciəyə səbəb olub: «Nəzərinizə çatdırım ki, bunun üçün mütləq Fövqəladə Hallar Nazirliyindən müvafiq icazə alınmalıdır. Buna görə xüsusi vəsiqə verilir. Lakin buna baxmayaraq, Cənub» Elektrik Stansiyasının direktorunun sürücüsü Məhəmməd Bəhramov bu ilin avqust ayının 2-də monitoru sürüb. Deyilənlərə görə, həmin vaxt Namiq Qasımovda təhlükəsizlik kəməri-filan olmadığından «Bereqovoy» deyilən yerdə, nasosxanada monitordan yıxılıb yerə dəyib. Nəticədə onun dalağı əzilib. Sonra ona tibbi yardım göstərilmədən dərhal evə buraxıblar. Deyiblər ki, get evdə otur. Onun vəziyyəti ağır olsa da həkimə getməyə qoymayıblar. Namiq Qasımov hadisədən təxminən, iki gün sonra dünyasını dəyişib. İdarədən isə deyirlər ki, guya xərçəng xəstəsi olub və bundan vəfat edib». Bu arada, əldə etdiyimiz informasiyada o da bildirilir ki, Saleh Məmmədli bir sıra yollara baş vuraraq bu cinayət hadisəsini gizlətməyə, Namiq Qasımovun iş başında ölməsi faktını ört-basdır etməyə çalışır: «Deyilənlərə görə, qurumun texniki təhlükəsizlik üzrə mühəndisi Nizami Süleymanov işinə səhlənkar yanaşdığı üçün sonda Namiq Qasımov ağır xəsarət alıb və bir qədər sonra dünyasını dəyişib. Baş mühəndisin müavini Ələsgər İsmayılov və sex rəisinin müavini Bəxtiyar Məmmədovun da Namiq Qasımovun ölümündə bilavasitə əli var. Onu da qeyd edim ki, «Cənub» Elektrik Stansiyasının rəhbər şəxsləri heç mərhumun yas mərasiminə də getməyiblər. Bunlar adını qoyublar ki, guya Namiq Qasımov xərçəng xəstəliyindən əziyyət çəkib. Lakin mərhumun həyat yoldaşı artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib. Ümumiyyətlə, işçinin adına mütləq «naryad» olmalıdır. Lakin həmin vaxt mərhum Namiq Qasımovun adına «naryad» olmayıb». Məsələ ilə bağlı verilən ən son bilgilərdə isə deyilir ki, bu günlərdə «Cənub» Elektrik Stansiyasında növbəti ölüm hadisəsi qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Vidadi Quliyevin «3-cü qazan» deyilən ərazidə yıxılaraq dünyasını dəyişdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, «Cənub» Elektrik Stansiyasının rəhbərliyi bu məsələni də gizlətməyə, işçinin ölüm hadisəsini ört-basdır etməyə çalışır: «Deyilənlərə görə, mərhum Vidadi Quliyev «Cənub» Elektrik Stansiyasının «3-cü qazan» deyilən ərazisində yıxılaraq dünyasını dəyişib. Onun işlədiyi sexin rəisi isə İbadət müəllimdir. Bildirilir ki, həm «Cənub» Elektrik Stansiyasının direktoru Saleh Məmmədli, həm də sex rəisi İbadət müəllim Vidadi Quliyevin ölümünün ictimailəşdirilməməsi üçün əllərindən gələni edir, bütün yollara baş vururlar. Məsələnin maraqlı tərəfi ondadır ki, son dövrlər «Cənub» Elektrik Stansiyasında bu cür hallar nədənsə tez-tez yaşanmağa başlayır. Odur ki, aidiyyəti qurumlar, əsasən də «Azərenerji» ASC-nin rəhbəri Etibar Pirverdiyev dərhal məsələyə müdaxilə etməli, «Cənub» Elektrik Stansiyasında yaşanan olaylara aydınlıq gətirməli, stansiyanın direktoru Saleh Məmmədli barəsində lazımı tədbir görməlidirlər. Əks halda, «Cənub» Elektrik Stansiyasında ölüm halları yenidən təkrarlana bilər». gundelikbaki.com/