Tarif Şurasının qərarı hansı təbəqəyə zərbə vuracaq?
01-dek-2016Ekspertlər deyir ki, varlılar daha çox xərcə düşəcək, amma qaz və işıqdan çox istifadə olunan aylarda bəlli limiti kasıblar da aşacaq
Tarif Şurasının qaz və işığın qiymətini artırması günümüzün ən aktual məsələsidir. Bu qərarın daha çox varlılara zərbə olduğu deyilir. Səbəb kimi də onların mülkləri göstərilir. Belə ki, Tarif Şurasının qaz və işığa qoyduğu limitə kasıbların əməl edəcəyi, yəni bundan artıq istifadə hallarının bu təbəqə arasında az olacağı bildirilir.
Amma villalara, dəbdəbəli mülklərə sahib olan varlı oliqarxların, biznesmenlərin limitdən daha çox istifadə edəcəkləri qeyd olunur. İqtisadçı ekspertlərin əksəriyyəti bu fikirdə olsa da, əks mövqe bildirənlər də az deyil. Əks mövqeyə sahib olanlar hesab edirlər ki, varlı təbəqə nə qədər limiti keçsələr də, onların həmin məbləği ödəmək imkanları kifayət qədər yüksəkdir. Əslində bu fikirlərdə müəyyən qədər həqiqət payı var. Çünki dəbdəbəli mülklərə sahib olanlar əksəriyyəti ya yüksək dövlət vəzifələrində çalışır, ya da varlı biznesmenlərdir. Belə şəxslər üçün də keçilən limiti ödəmək çətin deyil.
Sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov hesab edir ki, qiymət artımı əhalinin 70 faizinə təsir etməyəcək: “Orta hesabla qaz və işığın qiymətindəki dəyişikliklər əhalinin təxminən 70 faizinə aid olmayacaq. Tariflərdə edilən dəyişikliklərdən sonra insanların qənaət rejiminə keçməsi nəticəsində bir il ərzində bu rəqəmin daha 10 faiz artaraq, 80 faizə çatacağı gözləniləndir. Əhalinin yerdə qalan 20 faiz imkanlı təbəqəsi tərəfindən qaz və elektrik enerjisinin limitdən artıq sərfinə görə artan tariflərlə ödəniş etməsi isə tam normal bir haldır”.
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, qoyulan limitlər kifayət qədər aşıla bilinəndir: “Orta, aşağı gəliri olan insanların o limiti aşma ehtimalları da çox yüksəkdir. Bu limiti aşmaq hər bir ailəyə sözsüz ki, ciddi zərbə vuracaq. Yüksək limitlərin müəyyən olunması bu tezisi daha keçərli, daha məntiqli edərdi. Məsələn, işığa qoyulan limit 250-dən ən azı 300-ə, qaza isə qoyulan limit 1500-dən ən azı 2 minə qədər qaldırılsa, doğrudan bu tezislər daha keçərli olar. Amma limitin indiki səviyyədə nəzərdə tutulması aşağı təbəqənin da bu barajı keçmə ehtimallarını yüksəldir. Sözsüz ki, bu daha çox varlılara təsir edəcək. Çünki bu təbəqə işıq və qazdan daha çox istifadə edir. Amma az təminatı olan insanlar çalışacaqlar ki, bu limiti aşmasınlar. Lakin qaz və işıqdan daha çox istifadə olunan aylarda bu limiti aşmamaq mümkünsüz görünür. Bu baxımdan, qiymətlərin artmasının kasıb ailələrə mənfi təsir edəcəyi realdır”.