Büdcə müzakirələri deputatlarla hökuməti üz-üzə qoydu
01-dek-2016Milli Bankın sədri: “Susmağımızın səbəbi budur...”
Noyabrın 30-da 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisdə komitələrin birgə müzakirəsinə çıxarıldı.
Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət və İctimai birliklər və dini qurumlar komitələri, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər iştirak edirdi.
Maliyyə naziri Samir Şərifov çıxışında dedi ki, “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 15 955 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26 % təşkil edəcəyi nəzərdə tutulub.
Onun sözlərinə görə, növbəti ildə dövlət büdcəsinin xərcləri 16 600 mln. manat məbləğində olmaqla, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1184,5 mln. manat və ya 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1895 mln. manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 mln. manat və ya 2,4% az proqnozlaşdırılıb.
S.Şərifov dedi ki, 1998-ci ildən bəri ilk dəfə ölkənin tədiyyə balansı kəsirlə müəyyənləşib.
Nazir bildirdi ki, cari ilin ilk 10 ayı ərzində 49,2 mlrd. ÜDM istehsal olunub və real azalma 3,7%-dir. Nazir azalmanın əsas səbəbləri barədə danışarkən tikinti sektorundakı vəziyyət, yüksək dollarlaşma və kredit portfelinin pisləşməsi, iqtisadiyyatın kreditləşməsində ciddi problemlərin yaranması, həmçinin bank sektorundakı durumdan bəhs etdi.
Bununla belə, nazir qeyd etdi ki, çətinliklərə baxmayaraq, növbəti il sosialyönümlü xərclər artırılacaq. Həmçinin siyasi partiyalara 2,5 milyon manat, mənzil ipotekasının tətbiqi və sosial mənzillərin inşası üçün 100 milyon manat nəzərdə tutulub. Müdafiə xərcləri isə cari illə müqayisədə 2,9 faiz çoxdur. Kənd təsərrüfatı sahəsinə, balıqçılığın inkişafına isə 511 milyon manat ayrılacaq. Həmçinin pambıqçılığın inkişafı üçün 200 milyon manat sərf olunacaq. Nazirin sözlərinə görə, gələn il üçün özlərini maliyyələşdirən rayonların sayı 6-dan 33-dək artırılıb. Təhsil və mədəniyyətə ayrılan xərclər isə yerli xərclərdən ayrılaraq mərkəzləşdirilmiş xərclərə daxil edilib, ancaq məktəbəqədər təhsil müəssisələri nəzərə alınmaqla.
S.Şərifov deyib ki, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
“2017-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı müəyyən çətinliklər yarana bilər. Ona görə də yarana biləcək risklərlə bağlı müvafiq addımların atılması istisna olunmur”-deyə, S.Şərifov növbəti illə bağlı xəbərdarlıq etməyi də unutmadı.
“2017-ci il Azərbaycan üçün o qədər də asan keçməyəcək. Bu gün qlobal maliyyə böhranından danışılır. Heç bir qlobal maliyyə böhranı yoxdur. Səbəb budur ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar gəlirlərdə problemlər yaranıb, Azərbaycan da o dövlətlər sırasındadır”.
Bu fikirləri isə deputat Vahid Əhmədov səsləndirdi.
O bildirdi ki, neftin qiymətinin 40 dollardan götürülməsi müsbət haldır: “Ancaq unutmayaq ki, 2017-ci ildə də bizim əsas gəlirlərimiz neftdən olacaq. Çünki ixracımızın 90 faizini neft və neft məhsulları tutur”.
Daha sonra V.Əhmədov maliyyə naziri, həmçinin Mərkəzi Bankın sədrinə xitab etdi: “Ən ciddi məsələlərdən biri məhdudlaşdırılmış maliyyə siyasətinin aparılmasıdır. Mən bir iqtisadçı kimi bunun səbəbini başa düşmürəm. Biz pul kütləsini sıxmaqla ölkədə real sektoru heç cür inkişaf etdirə bilmərik. Bu siyasətə bir daha baxmalıyıq. Manatı qoruyub saxlamaq mümkün deyil! İndi də Mərkəzi Bankın apardığı siyasət düzgündür, manat nə qədər ucuzlaşacaqsa, proses getməli və gəlib öz yerini tutmalıdır. Bu gün deyə bilmərik ki, bank sistemini sağlamlaşdırmışıq. Faktiki olaraq bank sistemi heç kimə kredit vermir”.
Bundan sonra deputat son bahalaşma qərarı ilə bağlı etirazını bildirdi: “Mən sual vermək istəyirəm, biz qiymət artımı ilə nəyə nail olmaq istəyirik? Məgər işığın qiyməti 7 qəpik, ya qazın qiyməti 10 qəpik olanda biz 100 faiz əhalidən o pulu yığa bilirdikmi? Xeyr, uzağı 75-80 faizini yığa bilirdik. İndi bu yükü əhalinin üzərinə qoymaqla həmin pulu yenə də yığa bilməyəcəyik. Bu, təkcə işıq və qazla əlaqədar deyil, nəqliyyatla, ərzaqla da əlaqədar məsələdir. İstər-istəməz digər sahələrdə də qiymətlər qalxacaq”.
V.Əhmədov inhisarçılardan da danışdı: “Azərbaycanda monopoliya var, real rəqabət mühiti yoxdur. Ona görə də Ziyad müəllim, biz təcili Rəqabət Məcəlləsini qəbul etməliyik!”
Sonda o, maliyyə nazirinə müraciət edib islahatlara çağırdı: “Bir sıra vacib addımlar atılmalıdır. Müəyyən nazirliklər, komitələr birləşdirilməlidir. O cümlədən regionlarda bu işlər aparılmalıdır. 2016-cı ildə biz milyardlarla vəsait xərcləmişik, amma Azərbaycan büdcəsi heç bir gəlir götürmür. Cəmi 600 milyon gəlir götürmüşük, o da Bakı şəhərindən”.
“Hökumət Neft Fondundan vəsaitlər götürməklə, devalvasiya vasitəsilə əlavə gəlirlər əldə etməklə, indi də işığı, qazı bahalaşdırmaqla qazanc əldə etməyə çalışır. Bu, perspektivli yol deyil. Azərbaycan hökuməti üzərinə düşəni etmirsə, heç olmasa, sahibkarlığa meydan versin”.
Bunu isə deputat Əli Məsimli söylədi. O, hökumətə ünvanlı konkret təkliflər və suallar ünvanladı: “Azərbaycanda kifayət qədər qabiliyyətli sahibkarlar var. Azərbaycan hökuməti kömək etmirsə, heç olmasa onlara mane olmasın! Bunun üçün vergi yükünü xeyli dərəcədə azaltmaq lazımdır. Azərbaycanda bir ildə iki şok devalvasiya nəticəsində bahalaşma baş verib. İndi də işığın, qazın qiymətinin artırılması nəticəsində ikiqat qiymət artımı baş verir. Aşağı maaş alan vətəndaşların maaşının artırılması ilə bağlı da addımlar atılmalıdır. On ildir ki, yaşayış minimumu ilə minimum əmək haqqına çatdıracağımızı deyirik, amma edə bilmirik. Niyə Qazaxıstan bunu edir, Azərbaycan edə bilmir? Maliyyə sektorundakı gərgin vəziyyəti aradan qaldırmağın bir yolu da problemli kreditlərlə bağlı qərarın verilməsidir. Biz təklif etmişdik ki, 1000 dollara qədər borclar - əgər o insan rəhmətə gedibsə - bankların hesabına silinsin. 5 min dollara qədər borclar da köhnə kursla bağlanılsın. Artıq başqa ölkələrdə bu, tətbiq olunmağa başlayır və maliyyə sahəsində canlanma yaranıb. Əgər bizim belə təkliflər 1 il ərzində bəyənilməyibsə, Azərbaycan hökuməti daha yaxşı təklifləri niyə ortaya çıxartmayıb?”
“Azərbaycanda 200 minə yaxın vətəndaş məhkəməyə verilib. Bizim verdiyimiz qərarlar bank sektoru ilə vətəndaşı üz-üzə qoyub. Beynəlxalq Bank ətrafında baş verənlərdə Azərbaycan insanının günahı yoxdur, axı”-deyə, deputat Zahid Oruc bildirdi.
O, hökumət üzvlərinin vətəndaşlarla ünsiyyətdən yayınmasından bəhs etdi: “Bütün sahələrdə sanki müəyyən təxribatlar baş verir. 22 fevraldan bu yana Elman Rüstəmovu ekranda görməmişik. Biz bilmirik, Elman müəllimin burda olduğu məqamda manat-dollar arasındakı məzənnə dəyişəcək, ya yox. Manatın kursu sabitləşməsə, nə biz yastıq altında olanları çıxartmayacağıq, nə də iqtisadiyyat normal məcraya düşməyəcək. Biz bilirdik ki, neft dövrünün hökumətiyik. Ancaq əhalinin məmur sayına nisbətinə görə dünyanın öncül yerlərini tuturuq”.
Deputat son bahalaşmadan da danışdı: “Deyirlər, 300 milyon gəlir götürüləcək. Halbuki biz heç buna getməməliydik. Qənaət rejiminə keçməkdən danışırıq. Onda gəlin xidməti maşınları ləğv edək. AZAL yenə də bugünkü ayırmalarda xüsusi yer tutmaqdadır. Üç gün qaz verilməyəndə işıqla bağlı kvota dərhal kəskin şəkildə dəyişir. Vətəndaş bunda günahkar deyil axı”.
Deputat Fərəc Quliyev isə “mənbəni biz göstərəcəyiksə, bəs hökumət nəyə lazımdır?” dedi. O, neft gəlirlərinin havaya sovrulmasına diqqət çəkdi: “Bizim 150 milyarda qədər gəlirimiz olub, qeyri-neft sektoru ağır vəziyyətdədir. Prezident nə istəyirsiniz verib, bu qədər vəsait hara gedib? 9 iqlim qurşağının olduğu ölkədə heç neftə ehtiyac yox idi. Amma neft gəlirləri artıb, büdcə də artırılıb, neft gəlirləri azalıb, büdcədə də kəsirlər yaranıb”.
Deputat Fazil Mustafa bildirdi ki, Azərbaycanda problemlərin əksəriyyəti subyektiv amillərdən qaynaqlanır: “5 ali məktəb, ya nazirlik artıqdırsa, bunlar subyektiv amillərə görə saxlanılır. İşıq, qaz, su sahəsi, AZAL özəlləşdirilməlidir. Varlılardan pulu həbs etməklə alırlar, yoxsullardan da işığı, qazı, suyu bahalaşdırmaqla alırlar. Hamı pulunu yığmağa başlayır, ortada əzilən sadə vətəndaş olur. İlk növbədə Bakının regionlara köçürülməsi barədə addım atmaq lazımdır. Regionların heç birində normal, beynəlxalq universitet yoxdur. Uşağı evindən götürüb məktəbə gətirəcək mexanizm yoxdur, avtobus mövcud deyil. Hamısı valideynin çiynindədir”.
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə öz çıxışında bildirdi ki, Maliyyə Sabitliyi Şurasında ölkənin yeni iqtisadi modeli haqqında sənəd hazırlanır və bunun detalları hələ ki tam açıqlanmır: “Maliyyə Sabitliyi Şurasında ciddi iş və müzakirələr gedir. Bütövlükdə makroiqtisadi sabitlik iqtisadi və sosial sabitləşdirmə, yeni iqtisadi modelə keçməklə bağlı yeni sənəd üzərində işləyirik. Susmağımızın səbəbi budur. Bu sənəd razılaşdırılmayana qədər hələ ki susmağa üstünlük veririk. Uzun illər hakimiyyətdə olan biri kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda həqiqətən də vəziyyətin gələn ilin mürəkkəb olacağını deyə bilərik. Amma bu o demək deyil ki, vəziyyət çox pisdir. Azərbaycan 90-cı illərdə bundan da pis durumlarda yaşayıb. Bütövlükdə Zahid Oruc və digər deputatların iradlarını qəbul edirik”.
E. Rüstəmov qeyd etdi ki, bu gün əsas prioritet makroiqtisadiyyatın sabitləşdirilməsi və inkişafa nail olmaqdır: “Sabitləşmə ilə inkişafın məqsədləri arasında bir oxşarlıq var. Hər ikisinin son məqsədi insanların, şirkətlərin və dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır. Sabitlik yoxdursa, eləcə də yüksək inflyasiyaya görə insanlar, müəssisələr öz gəlirlərini itirirlər. Buna görə də dövlət də öz gəlirlərindən məhrum olur. Ona görə də biz makroiqtisadi sabitləşməyə nail olmaqla insanların, müəssisələrin gəlirlərinin itirilməsinin qarşısını almalıyıq. Makroiqtisadi sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq. Buna görə də indi əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır”.
Maliyyə naziri Samir Şərifov isə qazın və elektrik enerjisinin qiymətlərinin artırılması ilə bağlı deputatların etirazlarına reaksiya verdi: “Hökumət heç vaxt qiymətlərin artımına maraqlı olmayıb. Ancaq konkret sahələrlə məşğul olan şirkətlər var. Artım olmasa, nə işıq olacaq, nə qaz olacaq. Ona görə də biz həmin sahələrdəki şirkətlərin də maraqlarını nəzərə almalıyıq”. Nazirin sözlərinə görə, bu gün ucuz enerji xidmətlərindən hamı istifadə edir: “Amma əhalinin təbəqələşməsi faktdır. Ona görə də son qərarda sosial prinsip gözlənilir. İmkanları böyük olan şəxslər daha çox ödəniş edəcək, aztəminatlı ailələr isə az məbləğ ödəyəcək».
Nazir deyib ki, qazın qiymətinin artırılmasına SOCAR rəhbəri Rövnəq Abdullayev və onun əməkdaşları aydınlıq gətirməlidir: ”SOCAR hesab edir ki, qaz hasilatının 50 faizini onlar, yerdə qalanını isə pay bölgüsünə uyğun olaraq xarici şirkətlərdən xarici valyuta ilə alırlar. Manatın ucuzlaşması fonunda qazın maya dəyəri bahalaşır və şirkətin gəlirləri azalır. Bu gün SOCAR ancaq öz xərclərini güclə ödəyir. Manatın ucuzlaşması fonunda qiymətin artımını labüd edir".
Büdcə müzakirələri 1 dekabrda davam etdiriləcək.
Elşad PAŞASOY