DİN Azərbaycan-Rusiya sərhədində keçirilən əməliyyatlarla bağlı məlumat yayıb
30-noy-2016Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan-Rusiya sərhədində aparılan əməliyyatlarla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər iki ölkənin daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 21-dən 27-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd-Sipər» şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.
Respublikanın Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 27 şəxs tutulub, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 18 nəfər saxlanılıb, itkin düşmüş 5 nəfərin yeri müəyyənləşdirilib. Qanunsuz saxlanılan 5 avtomat silahı, 8 tapança, 67 yivli və yivsiz tüfəng, 30 əl qumbarası, 38 ədəd silah sandıqçaları, 30 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 1 mərmi və 8611 müxtəlif çaplı patron götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 5 fakt aşkar olunub və nəticədə qanunsuz dövriyyədən 1,1 kiloqram narkotik vasitə çıxarılıb.
Bundan başqa, tədbirlər zamanı Quba rayonunda 3, Qusar rayonunda 2, Şəki, Xaçmaz və Qax rayonlarında hər birində 1 fakt olmaqla qanunsuz odlu silah gəzdirmə, oğurluq və dələduzluq cinayətlərinin açılması təmin edilib.
Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.