Talayan və talananlar silsilsindən: RABİTƏDƏ TALANAN VƏSAİTİN 11 MİLYONU VERGİDƏN ÇIXDI! – Kim verib, kimə çatıb?
29-noy-2016Artıq xeyli müddətdir Azərbaycan ictimaiyyətinin gündəmini şərti olaraq “MTN işi” və “Rabitə işi” adlandırılan cinayət işlərinin məhkəməsi, korrupsiya və talançılıqda ittiham olunan yüksək rütbəli şəxslərin ifadələri zəbt edib. Milli Təhlükəsizlik Nazirliyinin, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərin mətbuata ötürülən ifadələrindən bəlli olur ki, bir tərəfdən iş adamlarını “soymaqla”, digər tərəfdən də dövləti talamaqla 100 milyonlarla manat vəsait bir qrup şəxs tərəfindən mənimsənilib.
Nazir, nazir müavini, aparat rəhbəri, idarə rəisi, birlik direktoru və sair rəhbər vəzifələr tutan, general rütbəsi daşıyan şəxslər uzun illərdir dövləti və milləti necə taladıqlarını açıqlayırlar. Və bunu normal bir hal kimi ifadə edir, utanmadan heç bir qanunsuzluğa yol vermədiklərini söyləyir, hətta məhkəmədən bəraət tələb edirlər. Bu cür yanaşma heyrət doğursa da, təəccüblü deyil.
Talayan və talananlar silsilsindən: RABİTƏDƏ TALANAN VƏSAİTİN 11 MİLYONU VERGİDƏN ÇIXDI! – Kim verib, kimə çatıb?Məsələ ondadır ki, Azərbaycanda digər nazirliklərdəki vəziyyət, heç də ən azı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (bundan sonra Rabitə Nazirliyi-müəl.) baş verənlərdən fərqli olmayıb. Bütün nazirliklərdə bu və ya digər şəkildə satınalmalar və görülən işlər üzrə xərclərin dəfələrlə şişirdilərək büdcə vəsaitilərinin talanması həyata keçirilib. İmkanı olan, səlahiyyəti çatanlar üstəlik iş adamlarını, sahibkarları, hətta sadə vətəndaşları da “soymaqdan” çəkinməyib. Sadəcə MTN-nin quldur generalları kimi bunu zor tətbiq etməklə, şantajla deyil, “sivil yollarla” reallaşdırıblar. Məsələn, gəlib bir nöqsan tapıb, obyekti bağlamaqla, yaxud tikintini dayandırmaqla sahibkardan və ya vətəndaşdan istədiyi rüşvəti alıblar, bu gün də alırlar…
Yəni, uzun illərdir dövlət büdcəsini talayan qurumlar arasında Rabitə Nazirliyi heç də ilkin yerlərdə qərarlaşmayıb. Təkcə, baş nazirin müavini Abid Şərifovun son illər nəqliyyat infrastrukturuna 25 mlrd. dollar investisiya yatırılmasına dair açıqlamasını xatırlamaq kifayətdir. Hansı ki, bu böyüklükdə vəsaitə Azərbaycanı bəlkə də başdan-ayağa 2 dəfə asfaltlamaq, bütün şəhərlərdə müasir hava limanları, avtovağzallar tikmək olardı. Ancaq heç kim soruşmur ki, Nəqliyyat Nazirliyi bu qədər pulu neyləyib, hara və necə xərcləyib… Oxşar faktları digər nazirliklərlə də bağlı açıqlamaq olar.
Eləcə də sahibkarların, iş adamlarının vergidən, gömrükdən, nəqliyyatdan, icra hakimiyyətlərindən və bəzi başqa qurumlardan olan şikayətləri heç də MTN-dən olan şikayətlərdən az olmayıb…
Məhz bu baxımdan Rabitə Nazirliyi və MTN-nin cinayət işi qaldırılan sabiq rəhbərlərinin korrupsiyada və rüşvət yığmaqda ittiham olunmalarından narazılıq etmələri, bu faktlara görə, onlara ittiham irəli sürülməsini qəbul etməmələri başadüşüləndir. Təsadüfi deyil ki, Rabitə Nazirliyində həbslər aparılarkən sabiq nazir Əli Abbasov bunu təəccüblə qarşılamış, “anlaşılmazlıq olduğunu”, saxlanılan şəxslərin tezliklə buraxılacağına əminliyini bildirmişdi. Yəni, dolaysıyla “hamı necə, biz də elə işləmişik” demişdi…
Elə indi də – məhkəmə prosesində də, Rabitə Nazirliyinin sabiq vəzfəli şəxsləri, 10 milyonları necə bölüşdürdüklərini açıqlayarkən hər hansı “qanunsuzluğa” yol vermədiklərini söyləyirlər. Hətta bu pullardan kimlərə və haralara nə qədər verdiklərini də rahatçılıqla açıqlayırlar.
Qəribəsi odur ki, dövlətin talanan bu milyonlarından pay aldıqları açıqlanan bir çox şəxs bu gün də yüksək vəzifəfə oturur. Məsələn, Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov ibtidai istintaqa verdiyi ifadəsində bu gün də Rabitə Nazirliyin nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini açıqlayıb. Bundan əlavə Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov bu gün də vəzifələrinin başında olan müavinlərə hər ay 30.000 manat “paket” verdiyini açıqlayıb. Belə də bu şəxslərin indiyədək məsuliyyətə cəlb olunmamasının səbəbi qaranlıq qalır… Hər halda bildiyimiz qədər “paket” Azərbaycanda qanuniləşdirilməyib.
Elə uzun illər Rabitə Nazirliyində baş verən maxinasiyaları, talançılığı görməzdən gələn qurumlardan buna görə heç kimin məsuliyyətə cəlb olunmamasını da məntiqlə izah etmək çətindir. Hansı ki, “görməmək” üçün Rabitə Nazirliyinin sabiq rəhbərliyi tərəfindən onlara da hər il və ya yoxlamalar zamanı “pay” verildiyi açıqlanıb.
Məsələn, BTRİB-in sabiq baş direktoru Beytulla Hüseynov ibtidai istintaqa verdiyi ifadəsində aparılan təmir-tikinti işləri və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılması barədə Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru Bayram Vəliyevə və “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədova göstəriş verdiyini söyləyib. Bu “şişirtmə” nəticəsində əldə etdiyi pulun necə bölüşdürüldüyünü də açıqlayıb (bax: İLTİMAS MƏMMƏDOVA 1,5 MİLYON VERDİM” başlıqlı məqaləyə-müəl.).
Həmin ifadəsində Beytulla Hüseynov mətbuatın diqqətindən yayınan bir faktı da qeyd edib. O, qiymətləri “şişirtməkə” büdcəni taladığını Vergilər Nazirliyinin “görməməsi üşün” işləri həyata keçirən şirkətlərin direktorları B.Vəliyev və E.Məmmədovun vasitəsi ilə vergi orqanları əməkdaşlarına 11 milyon manat pul verdiyini bəyan edib. Ancaq bu 11 milyonu hansı vergi əməkdaşlarının aldığını nə Beytulla Hüseynov söyləyib, nə də istintaq materiallarında buna aydınlıq gətirilib.
Əvəzində növbəti məhkəmə prosesinə qatılan Vergilər Nazirliyinin nümayəndəsi Rabitə Nazirliyini işlərini görən “Bakı Rabitə Təmir Tikinti” MMC-yə qarşı 255 min manatlıq mülki iddia qaldırıb.
“Bakı Rabitə Təmir Tikinti” MMC-nin direktoru Bayram Vəliyev də ona qarşı qaldırılan 255 min manatlıq mülki iddianı qəbul etdiyini və məbləğin qismən ödənildiyini deyib.Bununla da vaxtilə baş vermiş ciddi bir maxinasiyanın üstünü pərdələməyə cəhd olunub. Beytulla Hüseynovun “səhvən” açıqladığı bir fakt ört-basdır edilməyə çalışılıb.
Hər halda həmin aşıqlamadan sonra heç kim vaxtilə məhz baş vermiş qanunsuzluqları “görməməsi” üçün Vergilər Nazirliyinin əməkdaşlarına verilmiş 11 milyon manatı yada salmayıb?!
Bu məslənin yenidən qaldırılıb-qaldırılmayacağı da məlum deyil. Ancaq maraqlıdır, Beytulla Hüseynov 11 milyion verdirərək “yola saldığı” vergi əməkdaşları kimlər olub? Əməkdaşlarının , Bakı Telefon Rabitəsi” İstehsalat Birliyindən “əli dolu” qayıtmasından nazir Fazil Məmədovun xəbəri olubmu? Və ən əsası hüquq-mühafizə bu məsələni araşdırıb, 11 milyonun kimlərə verildiyini müəyyənləşdiriblərmi? Müəyyənləşdiriblərsə, niyə məsuliyyətə cəlb etməyiblər? Yoxsa bunun üçün Vergilər Nazirliyinin rəhbərliyi də sabiqə çevrilməlidir?
Teref.info