Aydın Əliyevin gizli karqo biznesi haqda yeni iddialar... - Belə deyirlər.
28-noy-2016Bu gün ölkə ərazisində fəaliyyət göstərən bir neçə karqo daşımaları və hər cür şəraitə malik, örtüklü anbarları olan şirkətlər mövcuddur. Onlardan birinin «Karqo Şamil» kimi tanınan şəxsə məxsus olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, həmin şirkət əsasən Türkiyə, Rusiya, Çin və s. ölkələrdən birbaşa malların gətirilməsilə məşğul olur və bu ticarətdən külli miqdarda gəlir əldə edir. Beləliklə, «Karqo Şamil»in sözügedən sahəni monopoliyaya aldığını qeyd edən mənbənin iddiasına görə, o və sahibi olduğu şirkətin əməkdaşları müxtəlif yollara baş vuraraq sahibkarları aldadır, onları əlavə xərcə salır: «Hər kəsə bəllidir ki, bu gün ölkə iqtisadiyyatının inkişafı baxımından xarici ticarət əlaqələri mühüm əhəmiyyət kəsb edir. O cümlədən idxal-ixrac əməliyyatlarının həcminin artması istehlak bazarında sağlam rəqabətin
güclənməsinə zəmin yaradır. Bu isə öz növbəsində, sahibkarların maraqlarına tam uyğundur. Lakin idxal-ixrac əməliyyatları həm də oliqarx məmurların, inhisarçıların hər zaman diqqət mərkəzində saxladıqları sahədir. Bir tərəfdən ölkənin gömrük sistemində son vaxtlar formalaşmış xüsusi vəziyyət bu sahədən külli-miqdarda qeyri-rəsmi gəlirlərin əldə olunmasına şərait yaradır. Digər tərəfdən isə məhz idxal-ixrac əməliyyatları ilə olunan manipulyasiyalar bu və ya digər sahəni öz inhisarına almış maqnatların maraqlarının gözlənməsini təmin edir. Ümumiyyətlə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bilməlidir ki, istər xarici, istərsə də yerli iş adamlarının son vaxtlar ən çox şikayət etdikləri qurumlar sırasında ilk yerlərdən birində məhz onun rəhbərlik etdiyi qurum dayanır. Çünki gömrükdən keçən bütün yükdaşımalara, yəni karqo biznesinə nəzarət sistemi orta və kiçik sahibkarlara əlavə problemlər yaradır. Deyilənlərə görə, bu işin başında «Karqo Şamil» kimi tanınan şəxs və onun rəhbərlik etdiyi şirkət dayanır. Belə ki, son dövrlər «Karqo Şamil» bu sahəni öz inhisarına almağı bacarıb. Məhz elə bu səbəbdən də o, xaricdən ölkəyə mal gətirən və ya ölkədən kənara mal daşıyan sahibkarlara əlavə problemlər yaradır, öz bildiyini diqtə etməyə çalışır». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da bildirilir ki, «Karqo Şamil»ə məxsus olan şirkətin xaricdən gətirdiyi mallar hər dəfə əskik çıxır: «Deyilənlərə görə, «Karqo Şamil» kürəkəni Ramin və onunla birlikdə çalışan Muxtar vasitəsilə müxtəlif yollara baş vuraraq külli miqdarda gəlir əldə edir. Belə ki, «Karqo Şamil»ə məxsus olan şirkətin əməkdaşları idxal olunan malların həcmini süni şəkildə şişirdərək sahibkarlardan əlavə ödəniş tələb edirlər. Bu isə ciddi narazılığa səbəb olur. Lakin bu cür manipulyasiyalar «Karqo Şamil»ə davamlı olaraq külli miqdarda pul qazandırır. Məsələnin maraqlı tərəfi ondadır ki, «Karqo Şamil» hərdən özünü professor, hərdən karoqo sahibi, hərdən isə broker kimi təqdim edir. O, bir müddət əvvəl Türkiyədə «Boğaz» deyilən ərazidə başqa bir şəxsin adına özünə əzəmətli, yetərincə bahalı ev alıb. Lakin həmin şəxs, yəni rəsmi sənədlərdə evin sahibi kimi qeyd olunan şəxs «Karqo Şamil»ə atıb, həmin evi özününküləşdirib. Bir qədər sonra isə sözügedən ev Türkiyənin tanınmış müğənnilərindən birinə 1 milyon 300 min dollara satılıb. Hələ bu, harasıdır. «Karqo Şamil»ə atan həmin şəxs bir müddət sonra öz yaşadığı evdə asılı vəziyyətdə tapılıb. Lakin bu hadisə yetərincə araşdırılmayıb. Əgər müvafiq qurumlar həmin şəxsin ölüm faktını ən incə detallarınadək araşdırsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər».
Bu arada, «Karqo Şamil»in onunla birlikdə çalışan Muxtar adlı şəxs vasitəsilə bir müddət əvvəl 1 milyarda yaxın pul gətirdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, bui şin kökü çox dərinlərə gedir: «Deyilənlərə görə, bu məsələnin öz tarixi var. Odur ki, hələlik bunun üzərindən sükutla keçsəm də, tezliklə bütün məqamlara aydınlıq gətirəcəm. Hələlik isə onu deyə bilərəm ki, «Sahil» metrostansiyasının yaxınlığındakı evdə baş verənlərdən sonra 500 min də gedib. Ümumiyyətlə, «Karqo Şamil» əlində olan imkanlardan istifadə edərək karqo işlədənlərə problemlər yaradır, onların gəlirlərinə sahib çıxmağa çalışır. Elə bu səbəbdən də demək olar ki, artıq hamı yollarda kimin malının nə üçün tutulduğunu və bunun kim tərəfindən edildiyini çox yaxşı bilir. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, «Karqo Şamil» artıq yeni karqo şirkəti yaradıb və bu sahəni tam şəkildə inhisarına alıb. Qeyd edim ki, «Karqo Şamil» həmin şirkətdə kiminlə şərikdirsə, o adamı da nüfuzdan salır. O, məclislərin birində deyib ki, məndən başqa heç kim ucuz mal apara bilməz. Bu isə «Karqo Şamil»in kimlərinsə himayəsində olduğunu və elə bu səbəbdən də bu qədər arxayın danışdığını deməyə əsas verir. Əgər belə olmasaydı, o zaman o, bu qədər arxayın olmazdı. Deməli, «Karqo Şamil»in arxasında kimlərsə dayanır. Əgər Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu məsələyə diqqət yetirsə, daha dəqiq desəm, «Karqo Şamil»in fəaliyyətilə yaxından tanış olsa, o zaman onun şirkətinin sözügedən sahəni inhisarda saxladığını və istədiyi kimi hərəkət etdiyini müəyyən edə bilər».
DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, bütün bu faktlarla bağlı Aydın Əliyevin özü də narahat olmağa başlayıb və ortada kifayət qədər qaranlıq məqamlar var. Bu barədə yaxın vaxtlarda daha ilginc faktları diqqətinizə təqdim edəcəyik. Bizi izləyin...