Tovuzda təhsil sistemi çökür... - İDDİA
28-noy-2016Dünən redaksiyamıza Tovuz rayonu Qovlar qəsəbə sakinləri Sabir Hacıyev, Firdovsi Nəsibov, Vaqif Babayev və Alakol kənd sakinləri Gülnarə Qocayeva, Qərənfil Əhmədova, Xanım Kərimova, Yaşar Kərimov müraciət ediblər. Bu vətəndaşların şikayətləri Tovuzun təhsil sistemində yaşanan neqativ hallarla bağlıdır. Amma bu konkret şikayətə keçməzdən öncə, Tovuz təhsilinin ümumi durumu brədə artıq uzun müddətdir ki, redaksiyamıza rayondan daxil olan digər açıqlamalara diqqət çəkmək istəyirik. Məlum olduğu kimi, 2012-ci ildən Tovuz Rayon Təhsil Şöbəsinə rəhbərlik edən Validə Hüseynovanın fəaliyyəti rayon ictimaiyyəti tərəfindən heç də məqbul qiymətləndirilmir. Mənbələrin iddialarına görə, məhz 2012-ci ildən bəri Tovuz RTŞ-nin yarıtmaz fəaliyyəti bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz qeyd etmişdik ki, Tovuz RTŞ-nin müdiri Validə Hüseynova 2010-cu il parlament seçkilərində deputatlığa namizəd kimi iştirak etsə də, müvəffəqiyyətsizliyə uğradıqdan sonra hazırda tutduğu
vəzifəyə təyinat almışdır. Lakin aldığımız son məlumatlar belə deməyə əsas verir ki, ötən illər Validə xanıma seçkilərdə üzləşdiyi uğursuzluğu heç də unutdura bilməmişdir. Qeyd etmək lazımdır ki, 2010-cu ildə IV çağırış Milli Məclisinin deputatlığına namizədliyini irəli sürərkən eyni dairədən digər namizəd Qənirə xanım Paşayeva idi. Məlum olduğu kimi seçicilərin də böyük əksəriyyəti öz səslərini məhz Qənirə xanıma vermişdilər. Lakin görünür Tovuz RTŞ-nin müdirinin həmin seçkilərin obyektivliyinə şübhə etməyə öz əsasları var. Mənbələrin deməyinə görə, Validə xanım namizəd olduğu dairə üzrə seçki nəticələrinin saxtalaşdırıldığı və əslində məhz özünün deputat seçildiyi barədə danışmağı çox sevir. Buna paralel olaraq isə, aldığımız məlumatlarda Validə Hüseynovanın öz işində yol verdiyi ciddi qanun pozuntularına dair bir sıra faktlar öz əksini tapmaqdadır. Xüsusi olaraq məlumatlarda qeyd olunur ki, bu gün Tovuzun məktəblərində şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repetitorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, dərsələrə gəlmirlər. Direktorlar isə, həmin müəllimlərdən rüşvət alaraq, onların məktəbdən yayınmalarına göz yumurlar. Təbii ki, şöbə müdiri bütün bunlardan xəbərdardır və bu məsələlərdə marağı olduğu üçün heç kimi cəzalandırmır. Rayondakı mənbələr israrla bildirirlər ki, Validə Hüseynova həmçinin rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini də təmin etmir. Bu isə əlbəttə ki, Tovuzun kənd və qəsəbələrində fəaliyyət göstərən təhsil müəssisələrinin də baxımsızlıq üzündən getdikcə yararsız hala gəlmələrinə səbəb olur. Elə yazının əvvəlində adlarını çəkdiyimiz Tovuz rayon sakinlərinin də şikayətləri əsasən istifadəyə yararsız hala gəlmiş məktəb binaları barəsindədir. Bu xüsusda həmin sakinlərin müraciətlərində deyilir: “Bizim Alakol kənd məktəbi hələ 2015-ci ildə yanaraq istifadəyə yararsız hala gəlib. Bundan sonra dərslər köhnə (sovet dövründən qalma) hərbi hospitalın atılmış binasında keçirilməyə başlayıb. Amma burada da vəziyyət acınacaqlıdır. Binanın elektrik və təbii qaz təchizatı da dayandırılıb. Kəndimizə ən yaxın məktəb Qovlar qəsəbəsində yerləşdiyindən bəzi valideynlər uşaqlarını oraya (1 saylı orta məktəbə) aparmaq qərarına gəldilər. Amma məlum oldu ki, bu məktəbin özü də çox pis vəziyyətdədir. İndi bir az imkanı olan valideynlər öz uşaqlarını taksi ilə hər gün Tovuz şəhərindəki məktəblərdən birinə göndərirlər. İmkansızların uşaqları isə, ümumiyyətlə məktəbə getmirlər. Bu barədə dəfələrlə Tovuz RTŞ-yə, Rayon İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə müraciət etsək də, hələ də heç bir nəticəsi olmayıb...”
Teref.info