Balakən səhiyyəsi talanır
25-noy-2016Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün ölkəmizin dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də bu zaman həkimlər tərəfindən irəli sürülən pul tələbləri ilə bağlı mövzular hər zaman istər media, istərsə də ictimaiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Buna səbəb isə, dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların mövcudluğuna rəğmən, ayrılıqda götürülmüş hər bir poliklinika və ya xəstəxananın da özünün yazılmamış qanunlarının olmasıdır. Həm də əksər hallarda bu qanunlara daha böyük dəqiqliklə əməl olunur. Bu gün Balakən rayonundan KİV-ə təqdim olunan çoxsaylı məlumatlarda da bu rayonun səhiyyə müəssisələrində analoji vəziyyətin yaşandığı vurğulanır. İlk növbədə, daxil olan məlumatlarda Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyevin xəstəxanaya dövlət vəsaitləri hesabına alınmış tibbi avadanlıqları öz şəxsi, özəl klinikasına aparması barədə verilən açıqlamalar diqqəti cəlb edir. Məlumatda deyilir: “Balakən Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev xəstəxananın açılışı zamanı Prezidentə təqdim etdiyi və dövlət tərəfindən alınan tibbi avadanlıqları öz şəxsi, özəl klinikasına aparıb. Dövlət xəstəxanasına isə, sovet dönəmindən qalma köhnə aparat qoyub”. Digər bir açıqlamada isə, Hacıömər Nuriyevə qarşı başqa ciddi ittihamlar da irəli sürülməklə, baş həkimin həm də tibbi aparatları satdığı iddia olunur: “Balakən Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən həm xəstəxananın işçiləri, həm də rayon camaatı olduqca narazıdırlar. Baş həkim Hacıömər Nuriyev rayonun bütün xəstəxanalarını və tibb məntəqədərini özəl biznes qurumu kimi çalışdırır. Mənimsənilən dövlət vəsaitləri hesabına Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi rayonun ən varlı şəxslərindən birinə çerilib. Hacıömər Nuriyevin rəhbərlik etdiyi Balakən Səhiyyə müəssisələrində ən adi dərman pereparatları və tibbi ləvazimatlar tapılmadığı halda, elə həmin səhiyyə ocaqlarında baş həkimə bağlı olan ayrı-ayrı tibb bacıları və həkimlər xəstələrə baha qiymətə dərman və tibb ləvazimatları satırlar. Prezident İlham Əliyev Balakəndə olarkən sözügedən xəstəxananın açılışını edib. Həmin vaxt Mərkəzi Xəstəxananın Ginekologiya Şöbəsində ən müasir USM avadanlığı quraşdırılmışdı. Lakin prezident ayağını Balakəndən kənara qoyan kimi, baş həkim Hacıömər Nuriyev həmin USM aparatını satıb. Yerinə isə, sovet dövründən qalma köhnə avadanlığı qoyub ki, o da işləmir.
Baş həkimin olduqca maraqlı iş üsulları da var. Balakən Mərkəzi Xəstəxanasında il ərzində iki formada pul yığır. Onlardan biri aylıq haqqdır ki, hər bir həkim hansı işi görməsindən asılı olmayaraq, bəlli miqdarda pulu hər ay baş həkimə verməlidir. İkincisi isə, ildə bir dəfə yığılır. Hacıömər Nuriyev hər ilin sonu həkimlərdən tələb edir ki, ya pul verib işlərində qalmalıdırlar, ya da onları işdən çıxarmalı olacaq. Baləkən Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin bu hərəkətlərindən edilən şikayətlərə gəldikdə isə indiyə qədər bununla bağlı heç bir tədbir görülməyib. Hacıömər Nuriyev isə hamıya deyir ki, onun arxası möhkəmdir və yığdığı pulları da yuxarılarla, yəni Səhiyyə Nazirliyi ilə bölüşdürür. Ona görə də, kimsə ona bir şey edə bilməz. Xəstələrin dərmamından tutmuş təcili yardım maşınlarına sərf edilən benzinin pulu baş həkimin cibinə gedir...”
Bundan başqa, daxil olan məlumatlara görə, Baləkən Rayon Mərkəzi Xəstəxanasında “ölü canlar” təcrübəsi də geniş şəkildə tətbiq olunur. Yəni RMX-da saxta “xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə, eyni zamanda iki məqsəd güdülür. Belə ki, bu “xəstəlik tarixçələri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılmışdır. Digər tərəfdən də mənbələr iddia edirlər ki, bəzi hallarda bu məqsədlər üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də, bəzən sənədlərə əsasən kənd xəstəxanalarının hər birində Balakən Rayon Mərkəzi Xəstəxanasından daha çox xəstənin müalicə aldığı məlum olur.dia.az