Gəncə Tibb Kollecində hər sessiya üçün konkret «minnətdarlıq» cədvəli müəyyənləşdirilib
22-noy-2016Direktoru Mehman Rzayev ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə şərait yaratmır Gəncə şəhəri, İ.Qayıbov küçəsi 14 ünvanında yerləşən Gəncə Tibb Kollecinin adı son zamanlar bir sıra xoşagəlməz məqamlarda hallanmaqdadır. Belə ki, adıçəkilən təhsil müəssisəsinin direktoru Mehman Rzayevin bir müddət öncə sözügedən vəzifəyə təyin olunduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, onun gəlişindən sonra Gəncə Tibb Kollecində tələbələrin «təşəkkür»süz qiymət alması, semestrləri əlavə «ödəniş»siz yola verməsi xeyli çətinləşib. Bu gün adıçəkilən təhsil ocağında müalicə işi, mamalıq işi, tibb bacısı işi və əczaçılıq ixtisasları üzrə kadrların hazırlandığını bildirən mənbə qeyd edir ki, Gəncə Tibb Kollecinin xarici görünüşü babat olsa da, daxildə heç də arzuolunan hallar cərəyan etmir: «Deyilənlərə görə, Gəncə Tibb Kolleci gələcəyin tibb mütəxəssislərini yetişdirmək əvəzinə, onları tamam başqa ruhda tərbiyə edir, tələbələri indidən «təşəkkür»süz iş görməməyə sövq edir. Bundan başqa, o da qeyd olunur ki, kollecin direktoru Mehman Rzayev hər bir sessiya üçün konkret «minnətdarlıq» cədvəli müəyyənləşdirib. Bildirilir ki, əgər hansısa tələbə həmin cədvələ uyğun hərəkət etməsə, o zaman imtahanlar zamanı onun işi xeyli çətinləşə bilər. Bir sözlə, hazırda Mehman Rzayevin rəhbərlik etdiyi təhsil müəssisəsində biliyindən asılı olmayaraq hər bir tələbə irəli sürülən «şərt»lərlə razılaşmağa məcbur qalır. Məhz elə bu səbəbdən də kollecdə keçirilən imtahanlar formal xarakter daşıyır. Odur ki, imtahan sessiyası dövründə tələbələr qan ağlayırlar». Bu arada, Gəncə Tibb Kollecində təhsilin səviyyəsinin qənaətbəxş olmadığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən təhsil müəssisəsində normal dərs deyən müəllimlərin sayı olduqca azdır: «Deyilənlərə görə, Gəncə Tibb Kollecinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan müsabiqədən kənar tələbə qəbul edilir. Bildirilir ki, müsabiqədən kənar qəbul olunan tələbələrdən bunun müqabilində yetərincə «təşəkkür» qəbul edilir. Bundan başqa, sözügedən təhsil ocağına büdcədən kifayət qədər vəsait ayrılsa da, kollecin direktoru Mehman Rzayev ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə şərait yaratmır. Nəzərinizə çatdırım ki, Gəncə Tibb Kollecində yaşanan problemlər saymaqla bitən deyil. Lakin buna baxmayaraq, təhsil müəssisəsinin rəhbərliyi mövcud nöqsanları aradan qaldırmaqda, onların həlli istiqamətində səy göstərməkdə maraqlı görünmür. Deyilənlərə görə, Mehman Rzayevin direktoru olduğu kollecdə dərsə davamiyyət normal deyil. Belə ki, tələbələr dərslərdə istədikləri vaxt iştirak edirlər, istədikləri vaxt iştirak etmirlər. Tələbələrin dərslərdə iştirak etməməsi müəllimlərin də dərslərə iştirakına mənfi təsir göstərir. Demək olar ki, müəllimlər dərslərə vaxtlı-vaxtında gəlmədiyindən tələbələrin dərsləri boş keçir. Ona görə də Gəncə Tibb Kollecində təhsilin keyfiyyətindən söhbət belə, gedə bilməz». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Mehman Rzayevin rəhbərlik etdiyi təhsil müəssisəsində təlim-tədris prosesi lazımı səviyyədə deyil: «Deyilənlərə görə, kollecdə normal dərs deyən bir neçə müəllim var. Odur ki, yalnız həmin müəllimlər pedaqoq kimi öz peşələrinə layiqincə xidmət edir, vəzifələrini tam şəkildə, qüsursuz formada yerinə yetirməyə çalışırlar. Qalanları isə ancaq nə yolla olursa-olsun, əlavə qazanc əldə etmək barədə düşünürlər».