Bu gün:
Xezer.info » İdman » “İspaniya turnirin favoritidir” - Prosineçki

“İspaniya turnirin favoritidir” - Prosineçki


“İspaniya turnirin favoritidir” - Prosineçki
Milli komandamızın xorvatiyalı baş məşqçisi Robert ölkəsinin Nove televiziyasına müsahibə verib. "Xezer.info" həmin müsahibəni təqdim edir:

- Nove TV-yə xoş gəlmisiniz. Əvvəlcə, Xorvatiya millisinin AÇ-2016-da çıxış edəcəyi qrup haqda danışaq…

- Qitə birinciliyinin ən maraqlı qrupundayıq. Qrupun favoriti İspaniyadır. Xorvatiya, Türkiyə və Çexiya arasında gərgin mübarizə gedəcək.

- İlk oyunda Türkiyə ilə qarşılaşacağıq…

- Türkiyə çox istəkli komandadır və sona qədər mübarizə aparırlar. İlk oyun hər zaman çətin olur. Əgər Türkiyəyə qalib gələ bilsək, qrupdan çıxmaq işimiz çox asanlaşacaq. Onu da nəzərə alaq ki, Fatih Terim istənilən komanda ilə uğurlar əldə edə bilən mütəxəssisdir.

- Xorvatiya yoldaşlıq matçlarında Moldova və San Marino kimi zəif rəqiblərlə üz-üzə gəldi. Sizcə, Ante Çaçiç səhv addım atmadı?

- Almaniya və Polşa kimi güclü komandalara qarşı oynadıqdan sonra bərpa olunmaq çox çətin olur. Fikrimcə, Çaçiç düzgün seçim edib.

- AÇ-2016-da hansı komandanı favorit görürsünüz?

- Del Boskenin rəhbərlik etdiyi İspaniya turnirin favoritidir. Baxmayaraq ki, Xuan Mata və Fernando Torresi qitə birinciliyinə aparmadığı üçün Del Boskeni tənqid etmişdilər. Amma onun sərəncamında yaxşı futbolçular var. Bundan əlavə, Almaniyanı da qeyd edə bilərəm. Ev sahibi Fransa və yaxşı gənc futbolçulara sahib olan İngiltərəni də favorit görürəm.

- Oyunları stadiondan izləyəcəksiniz?

- Əlbəttə. Azərbaycan millisinin rəqibləri bu turnirdə iştirak edirlər. Almaniya, Çexiya və Şimali İrlandiya DÇ-2018-in seçmə mərhələsində bizimlə eyni qrupda yer alıblar. Bu gün Fransaya gedəcəm.