Bu gün:
Xezer.info » Siyasət » Moskva Ərdoğanı kürd qövsündən xilas edir –Təhlil

Moskva Ərdoğanı kürd qövsündən xilas edir –Təhlil


Moskva Ərdoğanı kürd qövsündən xilas edir –Təhlil
Discussio.ru, 19.11.2016



Ankara Suriyanın Əl-Bab şəhəri rayonundakı əməliyyatın gedişində fəaliyyətini ABŞ və Rusiya ilə əlaqələndirmək üçün bütün səylərini qoyur. Bu haqda noyabrın 18-də Türkiyənin müdafiə naziri Fikri İşıq bildirib.

İşıq NTV kanalının efirində deyib: "Əl-Bab xüsusunda təkcə bizim deyil, ABŞ və Rusiyanın da ideyası var. Biz onlarla mümkün qədər koordinasiyadayıq və bu məsələni danışıq yoluyla həll etmək üçün bütün səylərimizi sərf edirik".

Xatırladaq ki, prezident Ərdoğanın sözlərinə görə, “Fərat qalxanı” əməliyyatı İŞİD yaraqlılarını Suriyanın daha cənubuna doğru atmaq, azad edilmiş ərazilərdə isə qaçqınları yerləşdirmək üçün təhlükəsizlik zonası yaratmaq imkanı verəcək.

O, həmçinin bildirib ki, Türkiyə SQ-nin yardımı ilə İŞİD-ə qarşı hücum aparan müxalif Azad Suriya Ordusunun (ASO) məqsədi Əl-Babı götürməkdir (“Fərat qalxanı”nın üçüncü mərhələsi).

Hələb əyalətinin şimalındakı Əl-Bab şəhərinə KİV-də az diqqət ayrılır, lakin İŞİD-in nəzarət eydiyi bu şəhərlə bağlı ciddi ehtiraslar qaynaşır. Kürdlər Türkiyə əməliyyatı başlanana qədər məhz Əl-Bab vasitəsilə üç kantonlarını vahid qövsdə birləşdirməyi planlaşdırırdılar. Buna görə də Ankaranın ASO-ya güvənərək şəhəri birinci götürməsi vacibdir.

Birincisi, bir tərəfdən Afrindən, digər yandan Minbicdən bir-birinə doğru hərəkət edən kürd birləşmələrinin birləşməməsi üçün.

İkincisi, Əl-Baba nəzarət Ankaraya perspektivdə İŞİD “paytaxt”ı Rakkaya hücuma qatılmaq və Fərat çayının şərq yaxası boyunca şəhərə sarı hərəkətlənmək imkanı verəcək.

Bu baxımdan Suriya, Rusiya və İran hökumətlərinin fəaliyyəti maraqlıdır.

“SP”-nin yazdığı kimi, bufer zona yaratmaq üçün Moskva, Dəməşq və Tehranın Ankaraya “yaşıl işıq” yandırdığına işarə edən xeyli məlumatlar var. Hətta “Fərat qalxanı” əməliyyatından qabaq ASO-nun bəzi bölmələri əvvəlcədən İdlib rayonundan çıxarılıb və Türkiyə ərazisi ilə Hələb əyalətinin şimalına atılıb. Səbəb – Amerikanın təsirində olan vahid kürd dəhlizi təkcə Türkiyənin təhlükəsizliyini deyil, həm də Suriyanın ərazi bütövlüyünü təhdid edir. Lakin Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimovun həmkarı Hulusi Akarla təmaslarına baxmayaraq, xoşagəlməz durumlarsız da ötüşmək alınmayıb.

Türkiyə müdafiə nazirinin RF və ABŞ-la səylərin koordinasiyası haqda açıqlaması həqiqətə nə qədər uyğundur?

"“Fərat qalxanı” əməliyyatından sonra Ankara və Vaşinqtonun münasibətləri mürəkkəb olaraq qalır", – deyə Suriya və Yəməndəki münaqişələrin işıqlandırılmasında ixtisaslaşan analitik, bloger Kiril Semyonov (Əbdülmalik Moskovski) deyir.

– ABŞ-ın əsasən kürdlərin “Suriya Demokratik Qüvvələri” (SDQ) alyansı ilə Rakkaya hücumu haqda danışıqlar gedərkən amerikalılar onlara vəd etmişdi ki, İŞİD “paytaxt”ına hücuma türklər qatılmayacaqlar. Eyni zamanda ABŞ Qəragah rəislərinin birləşmiş Komitəsinin rəhbəri Cozef Danford bildirdi ki, ABŞ Rakkanın azad edilməsi və şəhərin idarəçiliyində uzunmüddətli perspektivdə Türkiyə ilə işləyəcək. Anladığım qədər, yekunda Ştatlar türklərin hücumda iştirak formatı haqda onlarla razılığa gələ bilməyib. Nəticə etibarilə Ankara Əl-Babın götürülməsi üzrə müstəqil əməliyyata başlayıb. Yada salım ki, ABŞ SQ birləşmiş komandanlığının Bağdaddakı rəsmi təmsilçisi polkovnik Con Dorrian noyabrın 17-də bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Türkiyəyönlü güclərin Əl-Baba hücumunu dəstəkləmir və ABŞ xüsusi təyinatlısı cəbhədən çıxarılıb. Bu zaman SDQ-nin Minbicdən Əl-Baba hücumu başlandı, həm də alyans bir neçə gün ərzində 10-12 km-ilk ciddi sıçrayış edib. Maraqlı budur ki, bu istiqamətdə uzun dövr ərzində sakitlik var idi – görünür, amerikalılar SDQ-nin türklərlə toqquşacağından ehtiyatlanırdılar.

m

– Yəni SDQ-nin Minbic tərəfdən indiki hərəkətlənməsi güman etməyə əsas verir ki, bunu ABŞ sanksiyalaşdırıb?

– Bəli. Xüsusən də ona görə ki, Türkiyə hələlik Əl-Baba qarşı fəal əməliyyata hazır deyil, çünki onun döyüş qüvvəsi çatışmır: yumşaq şəkildə deyilsə, ASO-nun döyüş qabiliyyəti suallar doğurur, nizami qoşun isə işə qarışmağa üstünlük vermir. Bu cür durumda ya kürdlərin aşkar Əl-Babı götürmək, ya da onu cənubdan dövrələmək təhlükəsi meydana çıxır ki, bu da onlara Afrin və Kobani kantonlarını birləşdirmək imkanı verir. Təbii ki, Türkiyə bu cür durumda dəstək axtarır, ABŞ və Rusiya ilə sazişə gəlməyə cəhd edir.

– Rusiya bu vəziyyətdə Afrin kürdlərinə təzyiq göstərə bilər?

– Bəzi məlumatlara görə, Türkiyə SQ Baş Qərargah rəisi Hulusi Akarın noyabrın 1-də Moskva səfəri zamanı razılaşma əldə olunub ki, Rusiya kürdlərə təzyiq edəcək. Görünür, Moskvanın məhz Afrin kürdlərinə ciddi təsiri var. Onlar son zamanlar qərbdən Əl-Bab tərəfə hücum edirdilər, amma sonra qəflətən dayandılar – bəzi məlumatlara görə, Rusiya nümayəndə heyəti Afrinə baş çəkəndən sonra. Əlbəttə, əməliyyatın bu cür dayanması İŞİD-in müqaviməti ilə də izah oluna bilər. Bununla belə, guya, Rusiya hərbçilərinin şəhərə səfərindən sonra Afrin kürdləri Moskvanın siyasətindən narazılıqlarını kəskin şəkildə ifadə etməyə və hətta Moskvanı, guya, kürd blokpostlarını bombardman etdiyini açıq şəkildə ittihama başlayıblar. Çox güman ki, Rusiya tərəfi kürdlərə təzyiq edir ki, Afrin tərəfdən Əl-Baba doğru hərəkət etməyi dayandırsınlar. Beləliklə, Türkiyənin ABŞ və Rusiya ilə fəaliyyəti koordinasiya etmək üzrə səyləri kürdlərin Amerikanın razılığı ilə başladığı fəal hərəkəti ilə bağlıdır. Həm də türklər Əl-Babı götürmək şansını saxlamaqla bir tərəfdən kürdlərə kantonalı birləşdirməyə imkan verməməkdən ötrü məsələni ABŞ-la nizamlamağa çalışır, digər tərəfdən Rusiyadan gözləyirlər ki, Afrin tərəfdən kürdlərin ikinci zərbəsinə yol verməyəcək.

– Deməli, Moskva əvvəlki tək kürd ərazilərinin vahid dəhlizdə birləşməsinə qarşı çıxış edir?

– Suriyada kürd kantonlarının birləşməsi ölkənin bütün xəritəsini dəyişdirir. Rusiya bir tərəfdən kürdləri dəstəkləyir, digər tərəfdən qəti şəkildə kürd muxtariyyətinə qarşı olan Tehran və Dəməşqlə ehtiyatlı davranmağa məcburdur. Afrin və Minbicin Əl-Bab vasitəsilə birləşdirilməsi isə Suriya kürdlərinə dayanıqlı dövlətçilik qurmaq, müxtəlif institutların yaradılmasına girişmək imkanı verir. Bu halda Dəməşqin gələcəkdə Afrini nəzarətə almaq (xəyali olsa da) ümidləri iflasa uğrayır. Rusiya bu dəqiqə Afrinlə birbaşa danışıqlar aparsa, kantonların birləşəcəyi və Şimali Suriya vahid federasiyasının meydana çıxacağı halda Suriya kürdləri ilə bütün danışıqlar istisnasız olaraq Qamışlıdakı hökumət vasitəsilə aparılacaq. O isə Dəməşqə qarşı köklənib.

– Vaşinqton kürd kantonlarının birləşməsinə “xeyir-dua” verməyə hazırdır?

– Qaldı ki ABŞ-a, burada durum ikilidir. Amerikalılar bir tərəfdən Ankara ilə münasibətləri korlamaq və kürd federasiyasına birbaşa dəstək verməyə o qədər də hazır deyillər. SDQ alyansı 2015-ci ildə Tişrin SES-i ələ keçirib Minbicə sonrakı hücum üçün Fəratın qərb sahilində platsdarm yaradarkən amerikalılar türklərə vəd etdilər ki, kürdlər üçün hansısa “qırmızı xətlər” cızıblar.

Digət tərəfdən, kürdlərin Əl-Babı tutmağın bir addımlığında olacağı vəziyyət yaransa, güman etmirəm ki, ABŞ onlara mane olacaq. Bu zaman həm Ankara, həm də Dəməşqə təzyiq üçün kozır meydana çıxacaq. Praktikanın göstərdiyi kimi isə, kürdlər hansısa əraziləri ələ keçirtsə, təhvil vermirlər.



Tərcümə Strateq.az-ındır.