Arzu Rəhimovun gizli dünyasından ilginc faktlar – İDDİA
16-noy-2016Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və bu idarənin rəisi, general-leytenant Arzu Rəhimov haqqında zaman-zaman mətbuatda yazılıb. Bir çox hallarda “etibarlı mənbəyə” və ya “adının çəkilməsini istəməyən şəxs”ə istinadən yayılan bu məlumatlar ola bilər ki, kimlərdəsə şübhə doğururdu. Amma cumhuriyyet.az olaraq bir neçə dəfə “Çağırış Generalı”nı ifşa edən konkret faktlara toxunmuşuq. Məsələn bir müddət öncə dərc etdiyimiz “Arzu Rəhimovun idarəsinə dövlətdən ayrılan 20 milyonun taleyi” başlıqlı yazıda maliyyə sənədi ətrafında araşdırma aparmışdıq. Bundan başqa SHXÇDX-nin sabiq idarə rəisi, polkovnik-leytenant Ağa Fəttahovun ittihamlar yer alan “Polkovnikdən generala sərt ittihamlar: Arzu Rəhimov peşəkar zabitlərə müharibə elan edib” başlıqlı yazıda da kifayət qədər ciddi məqamlara toxunulmuşdu. Ancaq bütün bu ittihamlara baxmayaraq A.Rəhimovun rəhbərlik etdiyi qurumdan hələ də nə rəsmi açıqlama gəlməyib, nə də dövlətin mühüm bir postunda baş verənlərə görə kimsə cəzalanmayıb.
General və polkovnikin oğlanlarının “xüsusi xidmət yeri”
Bu dəfə də redaksiyamıza SHXÇDX və bu qurumun rəhbəri haqda ilginc məlumatlar daxil olub. “Çağırışçı general”ın yaxın ətrafından cumhuriyyet.az-a sızan məlumatlarda xidmət daxilindəki olaylardan və cənab Rəhimovun gizli əməllərindən bəhs olunur. Mənbənin sözlərinə görə, dəfələrlə mətbuatda oğlunun hərbi xidmətdən yayınması hallandırıldıqdan sonra bu ilin aprel ayında A.Rəhimov öz övladını hərbi xidmətə göndərib. Onu da bildirək ki, generalın oğlu Murad Rəhimov 1994-cü il təvəllüdlüdür və İqtisad Universitetini ötən il bitirməsinə baxmayaraq bu vaxtadək hərbi xidmətə çağrılmamışdı. İndi isə maraqlıdır ki, generalın oğlunun xidmət yeri Bakıda, özü də Sərhəd Xidmətinin hərbi hissələrindən birində müəyyənləşib. (Onu da qeyd edək ki, general oğlunun dəbdəbəli həyat tərzi ilə bağlı mediada dəfələrlə yazılıb və bu haqda fotolar da yayılıb)SHXÇDX-də övladna “xüsusi xidmət yeri” ayıran yalnız general Rəhimov deyil. Xidmətin daxili təhqiqat şöbəsinin rəisi polkovnik Yunis Əsgərlinin oğlu da Bakıda, Pentensiar Xidmətdə, Böyük Şor ərazisində “hərbi xidmətdədir”. Halbu ki, hər iki gəncin xidmət yeri çağırış qaydalarında nəzərdə tutulmuş “əxs ərazi prinsipi”nə ziddir. Bu prinsipə əsasən çağırışçının hərbi xidmət yeri onun yaşadığı, qeydiyyatda olduğu ünvandan 100-120 km. aralı olmalıdır.Arzu Rəhimovun gizli dünyasından ilginc faktlar – İDDİA
Səfərbərlik Xidmətində Yunus Əsgərli kabusu
SHXDÇX-də baş verənlər haqda danışan mənbə Arzu Rəhimovun başqa bir şakərindən də danışdı: “Bu şəxs elə bil özündən başqa general tanımır. Əvvəl general rütbəsində olan Novruzəli Orucov neytrallaşdırıldı, daha sonra müavin Zaur Abdullayev general rütbəsi aldıqdan sonra onun səlahiyyətləri məhdudlaşdırıldı. İndi Səfərbərlik Xidmətində Arzu Rəhimovun əsas adamı daxili Daxili Təhqiqat İdarəsinin rəisi Yunis Əsgərlidir. Bütün vurulacaq adamlar onun vasitəsi ilə sıradan çıxarılır. Y.Əsgərli hətta reket mətbuatda yer alan yazıları, anonim zəngləri belə fakt kimi sənədləşdirərək kadrların işdən azad olunmasına zəmin yaradır. Onun gizli dinləmələri, rüşvət əməliyyatları haqda Səfərbərlik Xidmətində çox olaylar baş verib. İndi bu şəxs A.Rəhimovun sağ əlidir və necə deyərlər onun kəsdiyi başa zaval yoxdur.”
Kadr islahatının pərdəarxası – rüşvət və havadarlar
Mənbəmiz Arzu Rəhimov vəzifəyə təyin olunduqdan sonra Səfərbərlik Xidmətindən uzaqlaşdırılan peşəkar zabitlər və müəmmalı şəkildə vəzifəyə təyinolunmalar haqda da ilginc məlumatlar verdi. Bütün bunlar haqda cumhuriyyet.az-a danışan şəxs bildirdi ki, həm təqaüdə göndərilmələrdə, həm də vəzifə təyinatlarında peşəkarlıqdan uzaq faktorlar rol oynayıb: “Məsələn, Aydın Namazov heç bir səbəb olmadan Səvərbərlik Xidmətinin Qəbələ rayon şöbəsindən azad olundu və bura Xidmət rəisinin öz adamı təyin olundu. Burda əsas məsələ Arzu Rəhimovun Qəbələdə daha çox istirahət etməsi mühüm rol oynamışdı. A.Rəhimov da Qəbələyə istirahətə gələrkən heç kəsin bundan xəbər tutmaması üçün bu kadr islahatını həyata keçirdi. Arzu Rəhimovun yaxın qohumu mayor Kazımov Rəşad xidməti uyğunsuzluqla Müdafiə Nazirliyindən tərxis olunsa da sonradan Səfərbərlik Xidmətinə baş idarəyə işə götürülüb. Sərhəd Xidmətindən xidməti uyğunsuzluğa görə tərxis olunan mayor Abbasquliyev Mədət də Səfərbərlik Xidmətinə baş idarəyə işə götürülüb. Şəmkir rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi Şaiq Məmmədovun fəaliyyəti yoxlandığı bir zamanda onun baş idarəyə yüksək vəzifəyə gətirilməsi də müəmmalı məsələlərdəndir”.
Mənbəmizin məlumatları bununla yekunlaşmır.
– “Rəcəb Cəfərov kimdir və nədən qısa müddət ərzində səfərbərlik xidmətinə heç bir aidiyyatı olmayan bu şəxs baş leytenant rütbəsi alaraq, xidmət rəisinin köməkçisi vəzifəsinə irəli çəkilib?
– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məxfi şöbəsinin rəisi kimdir və ümumiyyətlə, bu adamın səfərbərlik idarəsinə nə aidiyyatı var?
– SHXÇDX beynəlxalq əlaqələr şöbəsinin xanım əməkdaşının işdən kənarlaşdırılmasının gizlinləri;
– Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon şöbəsinin rəisinin qalmaqallı olayla bağlılığı;
– Heydər Əliyev Mərkəzi ilə üzbəüz binadakı mənzill haqda romantik əfsanələr;
– Arzu Rəhimovun MTN zabitlərinin övladlarına “xidmət” hədiyyələri…
Bütün bunlar haqda növbəti yazımızda…