Xoşqədəmi bitirməyə hesablanan videonu kim yayıb?
14-noy-2016Ötən gün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinin hazırlıq mərhələsində "mətbəx sirrini" açan videonun yayılmasına Musavat.com öz mövqeyini ortaya qoyub.
Axar.az bu münasibətin maraqlı olduğunu nəzərə alaraq, bəzi parçaları təqdim edir:
Dünən axşam saatlarında yerli mediada bir video yayınlanıb. Həmin videonun tanınmış tele-jurnalist Xoşqədəm Baxşəliyevanın peşəkar karyerasına zərbə vurmaq və onu ictimai rəydə gözdən salmaq məqsədi ilə “Meydan.tv” saytına sızdırıldığı kimsədə şübhə doğurmur.
Video parçadan aydın olur ki, həmin görüntülər ATV kanalında yayımlanan “Səni axtarıram” proqramının çəkilişlərindən götürülüb. Kadrlarda səhnə arxasında baş verənlər əks olunub. Həmin kadrlar gerçəkdən də layihə müəlliflərinin reytinq naminə seyrçiləri aldatdıqları, saxtakarlıq etdikləri faktını ortaya çıxardır. Həm də düz 3 epizod üzrə. Buna görə X.Hidayətqızını və ATV-də bu verilişi hazırlayan heyəti qınayırıq. Amma...
***
Xatırladaq ki, Xoşqədəm Hidayətqızı ATV-ni tərk etdikdən sonra veriliş ətrafında qalmaqal yaşanmışdı.
Telekanalın rəhbəri Vüqar Qaradağlı layihənin ATV-yə məxsus olduğunu deyirdi. Ancaq Xoşqədəm Hidayətqızı mətbuat konfransı keçirərək, layihənin müəllifi olduğunu, Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçdiyini bildirmişdi.
Bundan sonra Müəllif Hüquqları Agentliyi məsələ ilə bağlı açıqlama verərək, verilişin hər iki şəxsə eyni dərəcədə aid olduğunu və hər iki şəxsə sertifikat verildiyini bildirmişdi.
Müəllif-hüquq qanunvericiliyinə görə, şərikli əsərlərdən (obyektdən) bütövlükdə istifadə hüququ onu birgə yaratmış müəlliflərə məxsusdur. "Səni axtarıram" verilişi parçalanmayan, bölünməyən şərikli obyektdir və bu səbəbdən, qanunvericiliyə uyğun olaraq, hüquq sahibləri arasında mübahisə yarandığı halda onların aralarında bağlanılan müqavilədə başqa hal (şərtlər və ya razılaşma) nəzərdə tutulmadıqda, tərəflərin heç birinin digərinə qarşı verilişdən istifadəyə qadağa qoymaq haqqı yoxdur.
“Səni axtarıram” layihəsi 2014-cü ilin ortalarında ATV-də yayımını dayandırıb. Bundan sonra veriliş ANS-də işıq üzü görüb. Hazırda isə Xəzər TV-də yayımlanır.
***
Verilişin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı Meydan TV-yə deyib ki, telekanal rəhbərliyinin icazəsi olmadan heç bir iş görməyib: "Açığı, bilmirəm söhbət hansı görüntülərdən gedir. Çünki mən o görüntüləri görməmişəm. Amma istəyirəm biləsiz ki, ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm".
Meydan TV ATV kanalının prezidenti Vüqar Qaradağlı ilə də əlaqə saxlayıb. Vüqar Qaradağlı bu mövzuda danışmaq istəmədiyini bildirib.
Hazırda sosial şəbəkələrdə X.Hidayətqızına qarşı böyük bir kampaniya gedir. Bir neçə gün öncə prezidentin “Əməkdar jurnalist” adı verdiyi tanınmış jurnalist karyerasının ən ağır dönəmini yaşayır. Ona o tərzdə hücum edilir ki, sanki Hillari Klintonun ABŞ prezidenti olmasına Xoşqədəm Hidayətqızı imkan verməyib.
Xatırladaq ki, dünya televiziyalarında analoji konsepsiya üzrə hazırlanan şou xarakterli verilişlərin istisnasız olaraq hamısının müəyyən dərəcədə ssenariləşdirilməsi və teatrlaşdırılması var. Əks halda, böyük televiziyalar və proqramlar milyonlarla seyrçini öz verilişlərinə baxmağa vadar edə bilməz, bununla da böyük reklam paralarını cəlb etməyi bacarmaz.