Bu gün:
Xezer.info » Sosial » İşığı kəsilən xəstəxana ilə bağlı iddia - borc tibb işçilərinin hesabına ödənib

İşığı kəsilən xəstəxana ilə bağlı iddia - borc tibb işçilərinin hesabına ödənib


İşığı kəsilən xəstəxana ilə bağlı iddia - borc tibb işçilərinin hesabına ödənib
Müstəqil mətbuatın səhifələrində tez-tez tibb müəssisələrinin rəhbərlərinin qarşılarında duran problemləri müəssisələrin tibbi heyətindən yığdıqları pulla həll etdikləri barədə məqalələr dərc olunub. Səhiyyə Nazirliyinin rəhbərliyi bir qayda olaraq, tibbi personaldan yığılan pullar barədə məlumatları təkzib edir. Bu il noyabrın 5-də Kavkaznews.az saytında “Səhiyyə Nazirliyi xəstə uşaqlara çatdıqda qənaət etmək qərarına gəlib” başlıqlı yazı dərc olunmuşdu. Bu yazıda Ağsu rayon Mərkəzi Xəstəxanasının elektrik təchizatının dayandırılması barədə məlumat verilirdi. Noyabrın 5-də RMX-nin baş həkimi Şəhrəbanu Məlikova “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

“Baş həkim xatırladıb ki, Ağsu rayon Mərkəzi Xəstəxanasının yeni binası bu ilin iyun ayında istifadəyə verilib: “Xəstəxananın işıq borcu köhnə binaya uyğun olaraq 2015-ci ilin axırında hesablanıb və büdcədən ödənib. Xəstaxananın yeni binası əvvəlki bina ilə müqayisədə böyük olduğundan, ödənilən işıq pulu tamamilə istifadə olunub. Noyabr və dekabr aylarında istifadə olunacaq işıqpulunu ödəmək üçün pulumuz yoxdur. Həm də “Azərişıq” ASC-yə borcumuz yaranıb. Bu səbəbdən də xəstəxananın işığı kəsilib. Bizə bildirirlər ki, işıqpulu verilməsə, xəstəxananın işığı bərpa olunmayacaq”. Onun sözlərinə görə, hazırda xəstəxanada 22 dializ xəstəsi var: “Əməliyyat olunmalı xəstələrimiz var, yeni körpələr dünyaya gəlib, küvezdə körpə var – o uşaq ölsə biz nə edəcəyik?!”.

Ş.Məlikova qeyd edib ki, xəstəxanaya elektrik enerjisi müvəqqəti olaraq generatorla verilir: “Təcili əməliyyatlarımızı bu şəraitdə edirik, amma belə nə qədər davam edə bilər?! Həm də generator dializ aparatlarını işlətmir”. Həkim bildirib ki, dövlət qurumlarına və nazirliklərə müraciət edilib: “Hər yerə müraciət etmişik, amma cavab verilmir. Heç kim heç nə demir. Hazırda xəstəxanada istilik sistemi, havalandırma sistemi işləmir, su, işıq yoxdur. Bu sistemlərin hamısı elektrik ilə işləyir. Məcburuq ki, xəstəxananı bağlayaq çıxaq. Bəs xəstələri nə edək, hara yollayaq?!””(strateq.az).

Kavkaznews.az ilə müsahibəsində “Azərişıq” ASC-nin Ağsu bölməsinin rəisi Gülxan Zülfüqarov Şəhrəbanu Məlikovanın dediklərini təkzib edib: “Ağsu mərkəzi xəstəxanası artıq bir ildir ki, elektrik enerjisinin pulunu ödəmir. Xəstəxana bizə cəmi otuz min manat ödəyib. Axı xəstəxananın təkcə ötən ilə görə bizə 28 min manat borcu var. Bu il isə xəstəxananın “Azərişıq” ASC-yə borcu 24 min manat təşkil edib. Beləliklə, xəstəxananın ümumi borcu 52 min manat təşkil edir.

Xəstəxana bizimlə hesablaşan kimi, biz elə həmin saat xəstəxanaya elektrik enerjisinin verilməsini bərpa edəcəyik. Xəstəxananın rəhbərliyi borcları ödəmək üçün pul tapmalıdır. Hər ay mən onlara məktub göndərirdim və xəbərdarlıq edirdim ki, onlar borcu ödəmədikləri halda elektrik enerjisindən istifadə imkanından məhrum olacaqlar. Amma hamısı əbəs imiş. Səhiyyə Nazirliyi hər il xəstəxanalara limit ayırır. Əvvəllər Səhiyyə Nazirliyi Ağsu xəstəxanasına 65-70 min manat limit ayırırdı. Bu məbləğ elektrik enerjisindən istifadəyə görə borcu ödəmək üçün kifayət idi. Amma sonradan Səhiyyə Nazirliyi nəyəsə görə limiti 30 min manatadək azaldıb. Axı “Azərişiq” səhmdar cəmiyyətdir. Mən xəstəxanaya elektrik enerjisinin verilməsini dayandırmışam, çünki tibb müəssisəsinin rəhbərliyi borcu ödəməkdən imtina edir”, – deyə Gülxan Zülfüqarov bildirib.

Bu il noyabrın 7-i Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olunub. Bu barədə Trend-ə xəstəxananın baş həkimi Şəhrəbanu Məlikova məlumat verib. Baş həkim bildirib ki, bu gün səhər saatlarında “Azərişıq” ASC ilə razılıq əldə edilib və istifadə edilən elektrik enerjisinə görə yaranmış borcun mərhələli ödənişi barədə müqavilə bağlanıb: “Razılaşmadan sonra Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa edilib. “Azərişıq” ASC-yə noyabr ayına qədər 31 920 manat işıq pulu ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400 manat, noyabrda 520 manat elektrik enerjisinə görə pul ödəmişik. Hazırda xəstəxananın elektrik enerjisinə görə 28 min manat borcu qalıb. Onu da mərhələli ödəyəcəyik. Razılaşdıq ki, qarşıdakı aylarda da qalan məbləğ ödəniləcək. Hazırda işıqlarımız yanır və vəziyyət normaldır” (Trend).

Şəhrəbanu Məlikovanın dediklərinə əsasən, xəstəxananın borcu cəmi 28 min manat təşkil edir, halbuki “Azərişıq” ASC-nin Ağsu bölməsinin rəisi Gülxan Zülfüqarov borcun 52 min manat məbləğində olduğunu deyirdi. Kavkaznews.az Gülxan Zülfüqarovdan Şəhrəbanu Məlikovanın dediklərini şərh etməyi xahiş edib. “Xəstəxana borcun yalnız bir hissəsini ödəyib”, – deyə “Azərişıq” ASC-nin Ağsu bölməsinin rəisi Kavkaznews.az-a bildirib. O, Kavkaznews.az-a “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevə müraciət etməyi təklif edib. “Əgər xəstəxanaya elektrik enerjisinin verilməsi bərpa olunsa, deməli xəstəxana borclarını ödəyib”, – deyə Tanrıverdi Mustafayev Kavkaznews.az-a bildirib.

Tanrıverdi Mustafayev müxbirimizə xəstəxana ilə əlaqə saxlamağı təklif edib. Biz Ağsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova ilə əlaqə saxladıq. Baş həkim xəstəxanaya elektrik enerjisinin verilməsi faktını təsdiqləyib. Şəhrəbanu Məlikova Gülxan Zülfüqarovun xəstəxananın elektrik enerjisindən istifadəyə görə borcunun 52 min manat təşkil etdiyi barədə dediklərini təkzib edib.

“Bu, doğru deyil. Bizim “Azərişıq” ASC-yə borcumuz 28 min manat təşkil edib. Biz borcun yarısını ödəmişik. Noyabrın 25-dək məbləğin qalan hissəsini ödəyəcəyik”,- deyə baş həkim Kavkaznews.az-a bildirib. “Borcu Səhiyyə Nazirliyi ödəyib?”, – jurnalistimiz soruşdu. “Xeyir, bizim hesabımızda pul yoxdur. Borcu daxili vəsaitlər hesabına ödəyəcəyik”, – Şəhrəbanu Məlikova bildirib. “Bu nə deməkdir?”, – Kavkaznews.az-ın jurnalisti maraqlandı. “Bu o deməkdir ki, xəstəxananın işçiləri özləri “Azərişıq”-a olan borcu ödəyəcək. Burada nə var ki? Əgər borc ödənilməsə, xəstəxana işləməyəcək”,-deyə baş həkim bildirib. “Bəli, həqiqətən heç bir şey”, – müxbirimiz razılaşdı.