Bu gün:
Xezer.info » Xəbər » Vergilər naziri əlili həbs etdi - kütləvi intiharlar gözlənilir

Vergilər naziri əlili həbs etdi - kütləvi intiharlar gözlənilir


Vergilər naziri əlili həbs etdi - kütləvi intiharlar gözlənilir
Xəbər verdiyimiz kimi, 11 noyabr 2016-cı ildə Bakıxanovdakı “əlil köşkü”nə mülki formalı vergi əməkdaşları gəlib,əlilləri zorla maşına basıb aparıblar. Əlillərdən Elyar İsmayılovu həbs edərək nə ailəsinə xəbər verilib, nə də ona vəkil ayrılıb.

Sonradan onun Yasamal RPİ-də saxlanıldığını öyrənən əlillər Ombudsmana, 102 xidmətinə, Baş Prokurorluğun “Qaynar xətti”nə (4925540 və 4920138 stasionar telefon nömrələri) müraciət etsələr də, prokurorluq susub, digər 2 qurum isə vergi əməkdaşları ilə danışmağı məsləhət bilib (?).

Məhkəmə qərarı olmadan həbsin qanunsuz olduğunu deyəndən sonra 12 noyabr 2016-cı ildə axşam saatlarında yenə də yaxınlarından gizlin məhkəməyə aparılıb və əlilə 3 ay həbs qəti imkan tədbiri seçilib. Yəqin ki,bu qərardan apellyasiya şikayəti veriləcək. Bu həbsdə Yasamal RPİ-nin də rolu az deyil. Belə ki,bu RPİ-dən qanunsuz saxlanmaya görə 102 xidmətinə şikayətlərə cavab verilmişdi ki, əlil orada deyil. Hətta 102-dən Famil adlı polis əməkdaşı məhkəmənin əlilə 2 sutka həbs seçdiyini dedi. İndi necə olur, 2 sutka 3 ay oldu?Deməli, vətəndaş şikayət etdiyinə görə qərəzlə həbs seçilib.

Bu həbsin sifarişli olması şübhə doğurmur.Birincisi,milyonlar yeyənlərə “gözün üstə qaşın var” deyilmir, əlilin çörək,dərman puluna göz dikib həbs edirlər? İkincisi, heç kimin, özəlliklə vergi əməkdaşının vətəndaşın iş,yaşayış otağına məhkəmə qərarı olmadan girib,oradan vətəndaşı həbs edib aparmasına qanun, konstitusiya yol vermir. Üçüncüsü, vergi əməkdaşı pozuntu aşkarlayıbsa, bunu aktlaşdırmalıdır. Birinci dəfə olduğuna görə cərimə sanksiyası tətbiq olunur. Hansı əsasla vətəndaşı aparıb,həbs etməklə adekvat olmayan cəza verilə bilər? Əlillərin şikayətindən qəzəblənib qərəzli həbs seçdirmək də qanunsuzdur.

Bundan başqa vergi əməkdaşlarının qərəzi özünü bundan öncə də göstərib.Belə ki,2 il qabaq bu vergiyığanlar əlillərin o zaman başqa yerdə olan köşklərindən 15 min manatı heç bir akt, protokol tərtib etmədən aparıb çoxsaylı şikayətlərdən sonra 5 minini mənimsəmələri, bu günə kimi qaytarmamaları faktır. Əlillərin Binəqədidəki istehsal sexindən isə 1,5 il qabaq 4 saylı (Şamaxı) Ərazi Vergi İdarəsi yoxlama adına 7 min manatı aparıb hələ də qaytarmayıb.

Başqa sözlə, hələ vergiy ığanların əlillərə 12 min manat borcu var. Lakin qaytarmaq əvəzinə, qərarı olmadan əlilin yaşayış sahəsinə girib,onları həbs ediblər. Özü də Konstitusiya günündə baş verən bu özbaşınalıq ali qanuna tüpürməkdən başqa bir şey deyil.

Vergilər nazirinin bu qanunsuzluqdan xəbərsiz olduğuna əmin olan əlillər BŞİH başçısına müraciət edib, 2-ci qrup əlilin qanunsuz həbsinə etiraz olaraq Vergilər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib, kütləvi intihar edəcəklərini bildiriblər.
azadliq.info