Bu gün:
Xezer.info » Xəbər » Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində əsaslı yoxlamaya ehtiyac var

Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində əsaslı yoxlamaya ehtiyac var


Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində əsaslı yoxlamaya ehtiyac var
Ələsgər Bədəlovun rəhbərlik etdiyi qurumda dövlət vəsaitlərinin mənimsənilməsi adi hala çevrilib Bu gün «Azərişıq» ASC-nin bir sıra yerli şöbələrində ciddi neqativ hallara, çoxsaylı nöqsanlara rəvac verildiyindən, əhalinin böyük əksəriyyəti Baba Rzayevin rəhbərlik etdiyi qurumun fəaliyyətindən gileylənir. Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinin keçmiş rəisi Ələsgər Bədəlovun rəhbərlik etdiyi Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində ənənəvi problemlərin sırasına yenilərinin də əlavə olunduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə deyilir ki, Ələsgər Bədəlovun adı ictimaiyyətin yaddaşında ötən ilin avqustunda Mingəçevir Şəhər Polis İdarəsində baş vermiş qalmaqallı ölüm hadisəsi ilə möhkəmlənib. Beləliklə, onun rəis işlədiyi həmin dövrdə, avqustun 22-də Mingəçevir polisində Bəhruz Hacıyev adlı gəncin öldüyünü qeyd edən mənbə bildirir ki, valideynləri və qərəzsiz müşahidəçilər Bəhruz Hacıyevin idarədə aldığı işgəncələrdən həyatını itirdiyini iddia ediblər: «Onun polis idarəsində üzləşdiyi işgəncələrdən öldüyü deyilirdi. O zaman məhz bu hadisə Mingəçevirdə ixtişaşlara səbəb olmuşdu. Məsələnin maraqlı tərəfi ondadır ki, həmin hadisədən bir müddət sonra Baba Rzayev adı bir çox xoşagəlməz olaylarda hallanan, ixtişaşlara səbəb olan sabiq polis rəisini «Azərişıq» ASC-də vəzifəyə gətirib». Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinin rəisinin əslən İsmayıllı rayonundan olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Ələsgər Bədəlov əvvəllər İsmayıllı Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində işləyib və sonradan Yevlax Rayon Polis Şöbəsinə rəis təyin edilib: «Deyilənlərə görə, 2004-cü ildə Yevlax şəhərinə yeni təyin edilmiş icra başçısı Elmar Vəliyevin hər bazar ertəsi günü keçirdiyi vətəndaşların qəbuluna Ələsgər Bədəlov polisin gündəlik geyim formasında gəlmədiyi üçün onunla icra başçısı arasında böyük narazılıq olub. Məhz həmin narazılıq nəticəsində Elmar Vəliyev Ələsgər Bədəlova Yevlaxdan uzaqlaşmağa 1 gün vaxt vermişdi. Elə həmin gün də Ələsgər Bədəlov Mingəçevir şəhərinə təyinat almağa müvəffəq olub. Deyilənlərə görə, onun təyinatının 2-ci ayında mal-qara oğurluğunda şübhəli bilinən Kəlbəcər rayonundan olan məcburi köçkün Cinayət Axtarış Bölməsinin rəisi, polis mayoru İlqar Abbasovun xidməti otağında döyülərək öldürülüb. O vaxt bununla bağlı «Avtonəqliyyat hadisəsi zamanı, yəni piyada yolu keçərkən onu avtomaşın vurub qaçıb», deyə məlumat yaymışdılar. Lakin sonradan mərhumun qohumlarının şikayətləri nəticəsində hadisə ilə əlaqədar polis şöbəsinə xidməti yoxlama gəldi. Ancaq Ələsgər Bədəlov «sudan quru çıxdı», Cinayət Axtarış Bölməsinin rəisi və daha 5 nəfər polis işçisi isə vəzifədən kənarlaşdırılaraq həbs edildi». Bu arada, hazırda Ələsgər Bədəlovun rəisi olduğu Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinin xidmət göstərdiyi bölgədə saysız-hesabsız problemlərin mövcud olduğunu iddia edən mənbə bildirir ki, idarə rəhbəri abunəçilərlə münasibətdə kobud davranışa yol verir: «Deyilənlərə görə, Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində əsassız cərimələrin tətbiq olunması, qanunsuz elektrik xətlərinin çəkilişi və bu əsasda digər istehlakçıların hüquqlarının pozulması kimi hallar artıq adi hala çevrilmək üzrədir. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə bəzi istehsal və kommersiya obyektləri ilə Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsi rəhbərliyi arasında xüsusi razılaşma əldə olunub. Deyilənlərə görə, bu razılaşma həmin müəssisə rəhbərlərinə hər ay Ələsgər Bədəlova «təşəkkür» etməklə sayğacdankənar qoşulmuş xətlərlə elektrik enerjisindən istifadə etmək imkanı verir. Bu isə təbii ki, dövlət vəsaitlərinin mənimsənilməsi ilə bərabər, həm də digər istehlakçıların mənafeylərinə ziyan vurur. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində bir sıra neqativ hallar müşahidə olunur. Məhz elə bu səbəbdən də Ələsgər Bədəlov və onun rəhbərlik etdiyi qurumun fəaliyyəti mütləq aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.