Bu gün:
Xezer.info » Müsahibə » Nazirdən son xəbərdarlıq - “Ciddi cəza tədbiri görülsün!”

Nazirdən son xəbərdarlıq - “Ciddi cəza tədbiri görülsün!”


Nazirdən son xəbərdarlıq - “Ciddi cəza tədbiri görülsün!”
Vergilər Nazirliyində kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində son illər ərzində mühüm addımlar atılıb, görülmüş tədbirlər nəticəsində büdcəyə vergi daxilolmaları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarına artıqlaması ilə əməl olunub.

Nazir deyib ki, dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində ölkədə yaranmış yeni iqtisadi şəraitdə iqtisadiyyatın neft gəlirlərindən asılılığını minimuma endirmək məqsədilə aparılan iqtisadi islahatlar çərçivəsində cari ildə vergi orqanlarının fəaliyyəti təkmilləşdirilib, nazirliyin bütün strukturlarının fəaliyyətinin son nəticəyə - büdcə daxilolmalarının artırılmasına yönəldilməsi üçün bir sıra əhəmiyyətli tədbirlər görülməkdədir.

İclasda yekun nitqi ilə çıxış edən F. Məmmədov vurğulayıb ki, Nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin aidiyyəti strukturları tərəfindən qanunsuz sahibkarlıq və mütəşəkkil qaydada vergidən yayınma halları ilə mübarizə qənaətbəxş səviyyədə deyil, operativ nəzarət strukturları isə bir sıra hallarda kiçik sahibkarlıq subyektləri barəsində aktlar tərtib etməklə işləri bitmiş hesab edirlər.

Nazir qanunsuz sahibkarlıq, iri məbləğlərdə vergilərdən yayınma halları ilə mübarizə, işində nöqsanlara yol vermiş vergi xidməti əməkdaşları barəsində vergi orqanlarında xidmətinə xitam verilməsi də daxil olmaqla ciddi cəza tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib. Daxili təhlükəsizlik baş idarəsinə və Nazirliyin Aparatına icra intizamına nəzarətin və strukturlararası koordinasiyanın səmərəliyinin artırılması üçün təcili tədbirlər görülməsi tapşırılıb.

Kollegiyanın qərarı ilə vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi, büdcə gəlirləri üzrə proqnoz tapşırıqlarının tam həcmdə yerinə yetirilməsi məqsədilə Vergilər Nazirliyində bəzi struktur və kadr dəyişiklikləri aparılıb, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində bu məsələlərlə birbaşa məşğul olacaq müvafiq struktur bölmə - İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb.