Lənkəranskinin ölüm müəmması: “Qanuni oğru”nun anası və məzarlıqdakı molla nələr danışdı?
09-noy-2016Kimi onunla fəxr edir, kimi adi bir “cinayətkar” sayır, kimlərsə də atasının qatilini məhkəmə zalındaca güllələyən qəhrəman kimi qəbul edir. Söhbət avqust ayının 18-də Türkiyədə öz şəxsi maşınında düşmənləri tərəfindən güllələnərək öldürülən “qanuni oğru” Rövşən Lənkəranskidən gedir.
Ölümündən sonra ətrafında çox söz-söhbət yarandı. Bəziləri onun ölmədiyini, hətta öz dəfn mərasimində iştirak etdiyini, bəziləri isə onun “ölməklə” cinayət aləmindən uzaqlaşdığını iddia edir. Bütün bu iddialara, söz-söhbətlərə aydınlıq gətirmək üçün yola Rövşənin ata yurduna-Lənkərana yola düşdüm. Ki, onun gəzib dolaşdığı yerləri, yaşadığı evi və nəhayət nəşinin dəfn edildiyi torpağı ziyarət edək.
İlk diqqətimi çəkən lənkəranlıların qonaqpərvərliyi oldu. Hər kəs mehriban, diqqətcil. Axşamı gecələyib sabahı ilk olaraq onun uyuduğu məzarlığa getdim. Bəlkə də sağ olsaydı, ətrafında yüzlərlə, minlərlə insan olardı, amma bu dəfə o tək idi…
Məzarının yaxınlığında qoyulmuş balaca oturacaqda bir nəfər oturmuşdu. Ayağında uzunboğaz bir rezin çəkmə (potu) vardı. Başındakı ağ papaqdan molla olduğu görünürdü. Salamlaşıb, onun məzarı önündə dayandım. Ətraf saralmış yarpaqlara bürünsə də, onun məzarı üstü hələ də solmamış qırmızı qızılgüllərlə sarılı idi. Yenə ilk gündəki kimi məzarının ətrafı təbii güllərdən ibarət çələnglərlə bəzədilmişdi. Bir xeyli dayandıqdan sonra məzar kənarında əyləşən molla mənə yaxınlaşdı.
“Onun üçün oxuduğum duaya pul almaram”
“Allah rəhmət eləsin! Yaxşı insan idi. Kasıba, fəqirə çox əl tutmuşdu”… Dinmədim. Ətrafa göz gəzdirib hər şeyə diqqətlə, detallara qədər baxıb izləyirdim. Molla cibindəki “Quran”ı çıxarıb məzarın başı üzərində dayandı. Əlini qaldırıb dualarını oxudu və “Yasin”-ə başladı. Sükut içərisinə mollanın yasini bir ahəngdarlıq qatırdı.
Nə yalan deyim, ağlım bəzi “molla”lara getdi. Düşündüm ki, yəqin bu da oxuyub sonra “Nə verərsən, verərsən” deyib əl açacaq mənə. Molla oxuduqca bir xeyli şəkillər çəkib yenə məzarın kənarında dayandım. Nəhayət molla ayini yekunlaşdırıb mənə yaxınlaşdı. Tez əlimi cibimə saldım ki, nəsə istəsə verim, zəhmət çəkib ən azından…Sonra yan alıb bir az onun hünərindən, həyatından danışdı. Amma mənim düşündüyüm mətləbə gəlmədi. Tələsirdim, vaxtım çox az idi. Cibimdə hazırladığım manatlığı çıxarıb ona uzatdım. Nə qədər etsəm də pulu götürmədi.
-Yox, heç vaxt mən pul götürə bilmərəm onun məzarı üstündə, onun ruhuna oxunmuş “Yasin” üçün mən pul ala bilmərəm. O, heç vaxt kimsəsizləri, kasıbları incitməyib. Mən özüm də kasıb bir adamam, mənə ar olar belə insan üçün oxuduğum duaya pul alam. Halal xoşu olsun. O, rəhmətə gedəndən bu günə qədər onun üçün oxuduğum dualar üçün pul almamışam, öldüyüm günə qədər də almayacağam.
Nə yalan deyim, bir az da utanmışdım önyarğılı düşündüyüm üçün. Və onun dediklərindən mütəəssir olmuşdum. Heç belə bir duruma düşəcəyimi, belə bir münasibətlə rastlaşacağımı da düşünmürdüm.
“Hər gün yuxuma gəlir”
Sağollaşıb çantamı çiynimə atdım. Yeyin addımlarla qəbiristanlıqdan çıxdım. Gedəcəyim yerin məsuliyyəti düzünü desəm məni sıxırdı. Yol aldım onun yaşadığı evə. Xeyli soraqlaşıb tapdım o evi. Nəhayət onun anasını görmək də nəsib oldu. Həmsöhbətim kipriklərində çox ağır bir yük daşıyırmış kimi görünürdü. Söhbətə başsağlığı ilə başladım.
-Allah rəhmət eləsin. Uzun zamandır ki, gəlməyi düşünürdüm, amma qismət bu günə imiş.
-Çox sağ olun! Əziyyət çəkmisiniz. Allah gənclərimizə, oğullarımıza, qızlarımıza, balalarımıza uzun ömr versin, onların canlarını sağ eləsin.
-Rövşənsiz necə yaşayırsınız? Yeri görünürmü?
-Əlbəttə. Hər bir valideyin üçün övladı canından qiymətlidir. Yeri hər gün görünür.
-Axırıncı dəfə onunla nə vaxt görüşmüşdünüz? Nə deyirdi?
-Axırıncı dəfə dünən yuxuma gəlmişdi. Demək olar, hər gün yuxuma gəlir. Hər gün onu görürəm. Rəhmətə gedəndən bəri demək olar ki, hər gün yuxuma girir. Onu sağ olanda gec-gec görürdüm. Amma rəhmətə gedəndən sonra hər gün görürəm.
-Amma çox möhkəm görünürsünüz…
-Bu axşam o yenə gəlmişdi yuxuma. Deyirdi ki, ağlama, göz yaşını heç kim görməsin. Düşmənlər seviməsin sənin göz yaşlarına. Elə ancaq onun üçün yuxularımda ağlayıram.
-Onunla bağlı ən yaddaqalan nə olub?
-Onunla evimizdə keçirdiyimiz hər dəqiqə yadımdadı oğlum. Onun gülməyi, danışığı, davranışı, hərəkəti. Heç bir ana öz oğlunu yadından çıxara bilərmi?
-Xatirələrinizdən danışa bilərsinizmi?
-Nə deyim oğul, hansını deyim bilmirəm. Elə hər zaman özümə nisgil etdiyimi bir şey var. Elə ancaq o, məni incidir. Heç vaxt yeməyi axıra qədər yeməzdi. Deyirdim, ay bala, axıra kimi ye. Həmişə də deyirdi ki, bu yeməyi tapa bilməyənlər var. Onlar ac qala-qala adamın boğazından keçmir yeməyi axıra qədər yesin. Artıq vərdiş etmişdi. Heç vaxt ikinci boşqabı istəməzdi. Boşqabındakını da yarıya qədər yeyirdi. O da ürəyimdə bir nisgilə çevrilmişdi ki, bir doyunca yemək yemir.
-Bəs o uşaq olanda nələr danışardı?
-Uşaq olanda həmişə savaş filmlərinə baxırdı. Bir az böyüdükdən sonra deyirdi ki, insan öz əcəli ilə öldüyü vaxt xoşbəxt olur. Deyirdi ki, kaş hamı öz əcəli ilə ölsün bu həyatda.
-Sizcə Rövşən xoşbəxt idi?
-O, xoşbəxt ola bilmədi. Uşaqlıq arzusu ürəyində qaldı. Öz əcəli ilə ölmədi, onu düşmənləri öldürdü. Kaş ki, bugünkü gənclər xoşbəxt olsunlar, arzularına çatsınlar. Oğlum arzusuna çata bilmədi.
-Bəzi insanlar onun öldürüldüyünə inanmır. Hətta deyirlər o sağdır.
-Hə, bizə başsağlığına gələn insanlar da mənə elə deyirlər. Amma onun ruhunu incitməyək. Allah bütün ölənlərə və mənim balama rəhmət eləsin.
-Onu nə ilə yad edirsiniz daha çox?
-O sağ olanda bir limon ağacı əkmişdi qabda. O ağac böyüdü deyə onu çıxarıb həyətə əkdim. Elə hər dəfə o ağacı görəndə kövrəlirəm. Amma Rövşənin “ağlama” sözü yadıma düşən kimi dayanıram.
– Gənclərə nə arzu edərdiniz?
-Arzularım bitməz, tükənməzdir. Onlara ən birinci can sağlığı arzu edirəm. Can sağ olmasa həyatda heç nə etmək olmaz. Can sağlığından başqa onlara daim mübariz olmağı arzu edirəm. Hər zaman sözlərinə düz olsunlar. Allah onları qorusun.
Danışdıqdan sonra elə məhz onun öz əli ilə əkdiyi limon ağacından da birini dərib mənə hədiyyə etdi. Hədiyyənin böyüyü-kiçiyi olmaz deyib qəbul etdim. Gözəl, səmimi söhbətə görə də Hacı Məsudə anaya öz təşəkkürümü bildirdim. /Cebhe.info/