Rusiyanın Suriyada 100-dən çox əsgəri həlak olub
04-noy-2016Öldürülənlər arasında deputat köməkçisi də var
Bu ilin əvvəlindən bəri prezident Bəşar Əl-Əsədi dəstəkləmək üçün Suriyanın şimalında döyüşən Rusiyanın 100-dən çox əsgəri həlak olub.
38 yaşlı Maksim Kolqanov bu ilin fevral ayının 3-də Hələb döyüşlərində üsyançılar tərəfindən öldürülüb. Güllə onun əynindəki zirehli köynəkdən keçərək, ürəyinə dəyib. Mart ayının 9-da isə eyni böğlmədən olan, deputat köməkçisi olmuş 38 yaşlı Sergey Morozov Palmira yaxınlığında öldürülüb.
Prezident Vladimir Putinin imzası ilə Şərəf Ordenləri isə onların Rusiyadakı ailələrinə təqdim edilib.
Məsələ burasındadır ki, nə Kolqanov, nə də Morozov Suriyaya Rusiya dövləti tərəfindən rəsmi olaraq göndərilməyib. Onlar Kremlin Suriya müharibəsinə göndərmək üçün səfərbər etdiyi gizli dəstənin əsgərləri idi.
Kolqanov, Morozov və Suriyada həlak olan digər döyüşçülər barədə ictimaiyyətə məlumat verilməyib. Onların ailələrinə də az məlumat verilib və bu barədə danışmamaq tövsiyə edilib. Reuters xəbər agentliyi Suriyada ölən rus döyüşçülərindən birinin ailəsinə 100 min dollar təzminat verildiyini öyrənib.
Rəsmi olaraq Rusiyanın Suriya müharibəsinə müdaxiləsi havadan hücumlarından, quruda isə kiçik dəstədən ibarətdir. Moskva rus döyüşçülərinin quru əməliyyatlarında iştirak etdiyini danır.
(amerikanın səsi)