Neft Fondu 1 aya 460 milyon dollar itirdi
03-noy-2016Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin oktyabr ayında investisiya portfelində yer alan valyutaların məzənnələrinin dollarla müqayisədə ucuzlaşması və qızılın qiymətinin düşməsi səbəbindən 460 mln. ABŞ dolları məbləğində zərər edib.
Ən çox zərər avronun dollarla müqayisədə ucuzlaşması səbəbindən yaranıb. Belə ki, USD/EUR məzənnəsinin düşməsi ARDNF-in 278 mln. dollardan çox zərər etməsinə səbəb olub. Fondun zərər etdiyi aktivlər arasında 2-ci sıranı Britaniya funtu tutur. Bu valyutada aktivlər 93 mln. dollara yaxın zərərə səbəb olub. Üçüncü sırada isə qızıl aktivləri gəlir ki, burada Fondun zərəri 40,5 mln. dollara yaxındır. Yaponiya yenində zərər 11,6 mln. dollar, Türkiyə lirəsində 12,1 mln. dollar, Koreya vonunda 12,3 mln. dollar, Çin yuanında 7,3 mln. dollar, Rusiya rublunda 3,3 mln. dollar, Avstraliya dollarında isə 1,4 mln. dollar təşkil edib.
“Report”un analitik qrupu dolların məzənnəsinin yaxın illərdə daha da möhkəmlənəcəyini proqnozlaşdırır: “Bu səbəbdən ehtiyatların ABŞ dollarında saxlamaq daha arzuolunan hesab edilir”.
Xatırladaq ki, bir neçə gün əvvəl ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov Yaponiyanın “Nikkei Veritas” həftəlik maliyyə qəzetinə müsahibəsində Fondun səhmlərə yatırdığı investisiyaları yaxın zamanlarda 15%-dən 25%-dək artırmaq qərarına gəldiyini açıqlayıb. “Report”un analitik qrupu cari maliyyə böhranının uzunmüddətli olacağını ehtimal edərək vəsaitləri ABŞ dollarında yalnız istiqrazlara yatırmağın daha effektli olacağını proqnozlaşdırır. Belə ki, böhranın dərinləşməsi durumunda istiqrazlar ən likvid maliyyə aləti hesab edilir.
“Bununla yanaşı, hazırda ARDNF-in investisiya porteflində manat vəsaitlərinin artdığına diqqət çəkmək istərdik. Belə ki, ARDNF-in portfelində manat kütləsinin artaraq ümumi aktivlərin 5,2%-dək yüksəlməsi (bugünkü məzənnə ilə 3 mlrd. manatdan çox) prosesinin gələcəkdə də davam etməsi gözlənilir. Çünki Azərbaycanın valyuta bazarında valyutaya tələbat əsasən Fond tərəfindən ödənilir və bu, təxminən 9 mlrd. dollara bərabərdir. Məhz bu həcmdə 2016-cı ildə Azərbaycanın idxal tələbi olacağı ehtimal edilir. Lakin ARDNF-in büdcəyə transferti 7,6 mlrd. manat və ya 4,8 mlrd. dollardır. Bu da bazarın 4 mlrd. dollardan artıq valyutaya əlavə tələbinə gətirib çıxarıb ki, valyuta bazarında bugünkü dollara yaranan tələbin əsasını da bu amil təşkil edir. Cari ilin sonuna ARDNF-in portfelində gələn ilki büdcəyə köçürülməsi planlaşdırılan 6,1 mlrd. manatın formalaşacağı və ya bir qədər az olacağı gözlənilir. Yəni, ARDNF gələn il valyuta hərracına çıxmaya da bilər. Lakin bu, mümkün deyil. Nəticədə, Azərbaycanın idxal həcmini azaltması lazımdır ki, ARDNF-in portfelində manatın xüsusi çəkisi daha da artmasın”, – deyə “Report”un analitikləri qeyd ediblər.(Report.az)