Qaradağ rayon, Müşfiqabad qəsəbəsi sakinləri kanalizasiya suyunun içərisində üzür
Qaradağ rayon, Müşfiqabad qəsəbəsi sakinlərinin Ölkə.Az-a verdiyi məlumata görə, 274 saylı məktəbin stadionu kanalizasiya sularının yığıldığı çirkab gölməçəsinə çevrilib. Yağış yağanda ətraf binalardakı kanalizasiya sularının axdığı yer daşaraq çirkab suları küçələri basır.
Qəsəbə sakinləri bildirirlər ki, başqa yerlərdə sel gələndə çör-çöp gətirəndə burada yağış yağanda küçələrlə nəcis axır.
Yaxın günlərdə istilərin düşəcəyini nəzərə alsaq, qəsəbə sakinlərini nələrin gözlədiyini təsəvvür etmək elə də çətin deyil. Kanalizasiya sularının axdığı küçədə 274 saylı məktəb, poliklinika və su ambarı yerləşir. İçməli su boruları isə kanalzasiya sularının içərisindən keçib gedir.
Qəsəbə sakinləri bu problemlə əlaqədar dəfələrlə Qaradağ rayon icra hakimiyyətinə müraciət etsələr də problem olduğu kimi qalır.
Qəsəbə sakinləri bildirirlər ki, son günlər "Azərsu" ASC-nin işçiləri yeni taktikaya əl atıblar. Belə ki, "Azərsu" ASC-nin işçiləri yağışın yağmasını gözləmirlər. Hər gecəyarı 00:05-də kanalizasiyanın ağzını açıb küçələrə axıdırlar, insanlar yuxudan durub işə gedənə qədər isə kanalzasiya suları küçədən çəkilir.
Qəsəbə sakinləri Müşfiqabad qəsəbəsindəki vəziyyəti, kanalizasiya sularının küçədə necə axmasını özündə əks etdirən videonu da redaksiyamıza göndəriblər. Videonu izlədikdən sonra Qaradağ rayonunun bu qəsəbəsindəki vəziyyətin necə acınacaqlı olduğunu özünüz gözlərinizlə görəcəksiniz.