Ramiz Əmirov İmişli təhsilini iflic vəziyyətinə qoyub
28-okt-2016Son zamanlar rayon təhsil şöbələrilə bağlı Hesablama Palatasının audit yoxlamaları keçirilir və həmin yoxlamaların nəticələri mətbuatda geniş ictimaiyyətə təqdim olunur. Artıq bir neçə ildir ki, bu tendensiya davam etdirilir. Təbii ki, belə olduqda ictimaiyyət təhsil sahəsində olan problemləri görür və onların aradan qaldırılması üçün müxtəlif şəxslərin məsələlərə müdaxilə etməsi yolu ilə bir sıra effektiv tədbirlər tətbiq olunur. Bu yolla, təbii ki, təhsilimizin inkişafında xeyli irəliləyişlər əldə etmək mümkündür. Lakin, təəssüflər olsun ki, bəzi rayonların təhsil şöbələrinin müdirləri rəhbərlik etdikləri sahəni elə şəkilə salırlar ki, heç burda ictimai müdaxilənin və qınağın əhəmiyyəti belə qalmır. Bəzi şöbə müdirləri külli miqdarda dövlət vəsaitlərini müxtəlif maxinasiyalar nəticəsində elə mənimsəyirlər ki, onların əməllərini yalnız cinayət kataqoriyalı əməllər sırasına daxil etmək mümkündür. Təəssüüflər olsun ki, istər ölkə başçısının, istərsə də təhsil nazirinin göstərdikləri bütün ciddi-cəhdlərə baxmayaraq, belə şöbə müdirləri hələ də vəzifə başındadırlar və onların nadürüst əməlləri nəticəsində ümumilikdə təhsilimizə və onun inkişafına böyük əngəllər törədilir. Rayonların sakinləri şöbə müdirlərinin əməllərindən təngə gələrək tez-tez müxtəlif instansiyalar o cümlədən mətbuat orqanlarına şikayət xarakterli müraciətlər ünvanlayırlar. Elə redaksiyaya da tez-tez belə müraciətlər daxil olur. Son aldığımız şikayət məktubunda İmişli rayon sakinləri yerli Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun bədxah əməlləri nəticəsində təhsilin bərbad vəziyyətə düşməsindən bəhs edirlər. Şikayətçilərin bildirdiklərinə görə, R.Əmirov rayon təhsilini rüşvətxorluq məngənəsində o qədər sıxıb ki, nəyinki təhsilin inkişafından söhbət açmaq olar, hətta bu regionda elmin və təhsilin hansı sürətlə geriləməsini belə müşahidə etməyi çatdırmaq olmur. Verilən məlumatlarda göstərilir ki, İmişli rayon Təhsil Şöbəsinin müdiri hər il orta məktəbləri yeni invertalların alınması adı altında külli miqdarda dövlət vəsaitini mənimsəyir. Bundan əlavə bildirilir ki, məktəblərə ayrılan gündəlik dizel yanacağının pulu da Ramiz müəllimin cibinə gedir ki, bu da heç də az vəsait deyildir. Mənbənin iddiasına görə, Əmirov orta məktəb dərsliklərini rayon bazarına çıxarıb satdırmaqdan da çəkinmir. Ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, şagirdlər arasında dərsə davamiyyətin aşağı səviyyəyə endirilməsi və sairə kimi neqativ hallarla yanaşı bu Təhsil Şöbəsi üçün spesifik olan neqativ hallardan biri də repetitorluq məsələsidir. Bilgəndirən mənbə xüsusilə bildirir ki, rayon məktəblərinin müəllimləri əsas qazanclarını repetitorluq edərək, əldə etdiyindən, məktəblərdə uşaqlara keyfiyyətli dərs vermək marağında və həvəsində deyilər. Fürsətdən istifadə edən direktorlar müəllimlərlə korrupsiya sövdələşmələrinə gedərək onları dərslərdən azad edirlər. Bu prosesdən heç də az qazanc əldə edilmir və deyilənə görə, yığılan pulların əsas hissəsi Ramiz Əmirova çatdırılır. Mənbəmiz o məsələyə də toxunur ki, bir müddət öncə Hesablama Palatası tərəfindən İmişli rayon Təhsil Şöbəsində aparılan audit yoxlaması nəticəsində müəyyən edilən bir çox neqativ halların aradan qaldırılması istiqamətində rayonda şöbə müdiri tərəfindən heç bir real tədbir görülmür. Xatırladaq ki, sözü gedən qurumun hesabatında son tam dərs ilində rayonun ümumtəhsil müəssisələrini 1229 şagirdin bitirdiyi halda, onların yalnız 1133-nün buraxılış imtahanlarında iştirak etdiyi və toplanılan orta balın respublika üzrə müəyyən edilmiş orta göstəricidən dəfələrlə az olduğu qeyd olunur. Bundan əlavə audit yoxlamalarının nəticəsində əməyin ödənilməsi ilə də ciddi qanun pozuntularına yol verildiyi əks olunur. Auditin nəticəsi mətbuatda dərc edildiyindən bu məsələnin təfərrüatını təqdim etmirik. Vurğunu bir daha şikayətçi qismində redaksiyamıza üz tutmuş İmişli sakinlərinin müraciətlərinə yönəltmək istəyirik. Şikayətçilər isə Ramiz Əmirovun bədnam əməlləri nəticəsində rayonda təhsilin ümumiyyətlə çox bərbad vəziyyətə düşməsində gileylənirlər. Onların ümidləri ölkə başçısına və Təhsil naziri Mikayıl Cabbarovadır. Ümidvarıq ki, yuxarı instansiyalarda sadə İmişlililərin səsinə səs veriləcək və onların haqlı şikəyətləri nəticəsiz qalmayacaqdır. (Mövzuya qayıdacağıq...)gundelikbakı/