Bu gün:
Xezer.info » Xəbər » Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi həbs oluna bilər

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi həbs oluna bilər


Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi həbs oluna bilər
Belə davam edərsə Orxan Babayev Bakı Şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirovun taleyini yaşamalı olacaq Ötən saylarımızın birində bildirdiyimiz kimi, bu ilin iyul ayının 30-da Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsi zamanı qeyd olunub ki, xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı Şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmçinin, o da qeyd olunur ki, bu cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir. Nəzərinizə çatdıraq ki, barəsində söhbət gedən Samir Nəsirov bir neçə gün öncə Gündəlik-Bakı-ya şikayət ərizəsilə müraciət edən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35, ev 15-də yaşayan, valideynlərini 20 Yanvar hadisələri zamanı itirmiş şəhid ailəsi Ülviyyə İlyas qızı Abdalovaya qarşı dələduzluq edib və onun külli miqdarda vəsaitini mənimsəyib. Bu barədə redaksiyamıza danışan Ülviyyə Abdalova qeyd edib ki, Bakı Şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Orxan müəllim və onlarla əlbir olan digərləri onun, eyni zamanda həyat yoldaşı Murad Firad oğlu Rəhimovun başına olmazın oyunlar açıb. Şikayətçi iddia edir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Orxan müəllim onu təhdid edərək həm Samir Nəsirov, həm də onun özü barəsində olan şikayətləri geri götürməsini tələb edir. Ülviyyə Abdalovanın sözlərinə görə, ərinin 225 min, onun isə 250 min pulunu müxtəlif vaxtlarda mənimsəyiblər. Xanım sahibkar qeyd edir ki, o, pullarının dəluduzluq yolu ilə mənimsənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət etdikdən sonra onu və həyat yoldaşını Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Orxan müəllim yanına çağırıb: «23 oktyabr 2015-ci ildə isə yoldaşımı 681 min dəyərində zərərçəkmiş kimi qərara alır. Bir müddət keçdikdən sonra o, bizə zəng edir və deyir ki, sənə dəymiş ziyanı ödətdirəcəm. Soruşdu ki, bu ziyan hardan əmələ gəlib və mən də hər şeyi olduğu kimi izah etdim. Qeyd etdim ki, bizi tender adı ilə aldadıb pullarımızı, həmçinin tikinti materiallarımızı mənimsəyiblər. Orxan Babayev dedi ki, narahat olma, qısa müddət ərzində sizin işə baxılacaq və səni bura bir də dəvət edəcəyik. Orxan müəllim bir müddət keçdikdən sonra bizdən bəzi şeylər tələb etdi. Dedi ki, sizə dəymiş ziyanı ödətdirmək, məsələni yoluna qoymaq üçün bu şeylər lazımdı. Dedi ki, verməlisiniz. Beləliklə, o, bizdən ümumilikdə 120 min mənimsədikdən sonra şəhər prokurorluğundan polisə nəzarətin işçisi Samir Nəsirov başımıza oyun açır. Və ərimin 225 min, mənim isə 250 min pulumu mənimsəyir. Bu barədə Baş Prokurorluğa şikayət edirəm, lakin mənə deyirlər ki, əgər sən Orxan müəllimdən şikayət etsən onda sən problemlə üzləşəcəksən. Samir Nəsirov hazırda həbsdədir. O mənə və digər şəxslərə qarşı etdiyi dələduzluğa görə həbsdədir». Məlumat üçün bildirək ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Orxan müəllim bu günlərdə yenidən Ülviyyə Abdalovanı təhdid edib, ona hədə-qorxu gəlib. Hələ bu, azmış kimi, o, mətbuat nümayəndəsi, dördüncü hakimiyyət təmsilçisi olaraq Gündəlik-Bakı-nı təhdid etməkdən çəkinməyib. Belə ki, Ülviyyə Abdalovanın sözlərinə görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi ona telefon açıb və hədə-qorxu gəlməklə yanaşı, ən ağır formada təhqir də edib: «Mənim şikayətimdə qeyd olunan məqamlar sizin vasitənizlə ictimailəşdirildikdən sonra Orxan müəllim 012-441-59-77 nömrəsindən mənə telefon açıb və təhdid etməyə, hədə-qorxu gəlməyə başlayıb. Deyir ki, iki günə sənin də, sənin şikayətini dərc edən qəzetin, saytın rəhbərinin də axırına çıxacam. Bildirdi ki, baş redaktorun üzünə adamlar durdurtduracam və sonra həm saytı, həm də qəzeti bağlatdıracam. Dedi ki, iki gün ərzində həm səni, həm də baş redaktoru məhv edəcəm. Qeyd etdi ki, əgər mən sizi məhv etməsəm, onda heç atamın oğlu deyiləm. Dedi ki, mənim arxamda rəhbərlik durur. Buna görə də heç kim məndən imtina edə bilmir. Mənə baş prokurorun birinci müavini Rüstəm Usubovun imzası ilə bir vəsatət göndərib. Deyir ki, bax, Rüstəm Usubov da mənim tərəfimdədir. O da mənim müstəntiqliyimdən imtina etmir. Bildirir ki, bu səbəbdən də qələbə məndədir, səni də, baş redaktoru da uzağı iki günün içində məhv edəcəm. Daha sonra o, bizim ünvanımıza nalayiq ifadələr işlədib». Məhz bu, onu göstərir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Orxan müəllim kimə və ya nəyəsə arxayın olduğundan özünü toxunulmaz hesab edir. O elə zənn edir ki, müstəntiq olduğu üçün ürəyi istədiyini edə, kimi gəldi təhdid edə, hədə-qorxu gələ bilər. Görünən odur ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Orxan müəllim ölkəmizdə hər bir məsələnin qanunla tənzimləndiyini, məmurun, millət vəkilinin, prokuror, müstəntiqin qanun qarşısında hər kəslə bərabər olduğunu unudur. Halbuki o, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi kimi mühüm bir qurumda çalışdığından bunu hamıdan yaxşı bilməlidir ki, Azərbaycan qanunları müstəntiqə də, fəhləyə də eyni mövqedən yanaşır. Yəni Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Orxan Babayev nə Ülviyyə Abdalovadan, nə də Gündəlik-Bakı-dan zərrə qədər də olsun üstünlüyü yoxdur. Çox güman ki, o, həmkarı – Bakı Şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirovun başına gələn olaydan nəticə çıxarmayıb. Halbuki o, bilməlidir ki, Samir Nəsirov Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsi zamanı məhz xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilib. Əgər belə davam edərsə, o zaman eyni tale Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Orxan Babayevi də gözləyə bilər. Çünki o, Ülviyyə Abdalovaya və onun həyat yoldaşına hədə-qorxu gəldiyi bəs deyil, hələ bir Gündəlik-Bakı-nın rəhbərinin də axırına çıxacağını, onun üzünə adam durduracağını da bildirib. Bu isə birbaşa təhdid, şantaj, hədə-qorxu gəlmək kimi qiymətləndirilməlidir. Və bu əməl birbaşa cinayət tərkibli olduğundan, əgər Baş Prokurorluqda Orxan Babayev barəsində araşdırma aparılırsa, onun fəaliyyəti araşdırılırsa, çox güman ki, Samir Nəsirov kimi onun da barəsində cinayət işi başlana, hətta həbs oluna bilər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Axı ötən dəfə biz demişdik ki, əmisinin, dayısının və ya qaynatasının hesabına irəli gedənlər dönüb arxalarına baxsınlar. Və ya Akif Çovdarovun da yaxasında 10-15 medal var idi, son aqibətini bütün Azərbaycan gördü.