Əmanətlərin qaytarılması ilə bağlı mühüm - Qayda
23-okt-2016İstər milli valyuta daxil olmaqla ikili əmanəti olanlar ödəniş etdiyi, istərsə də dollar və avro istisna olunmaqla əmanət məbləği hesablanan zaman kurs sığorta hadisəsi baş verən günə olan rəsmi məzənnəyə əsasən hesablanır.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert son günlərin müzakirə mövzusu olan lisenziyası ləğv edilmiş banklarda xarici valyutada olan əmanətlərin hansı valyuta və məzənnə ilə geri qaytarıla biləcəyinə aydınlıq gətirib:
“Mövcud qaydalara əsasən, milli valyutada olan əmanətlərlə yanaşı, bir əmanətçinin eyni bankda həm milli, həm də xarici valyutada olan əmanətləri manatla qaytarılır. Bu isə o deməkdir ki, yalnız iki halda əmanət manatla qaytarılar bilər. Digər hallarda ödəniş xarici valyutada olmalıdır. Manatla əmanətlərin milli valyutada qaytarılması aydın məsələdir. Digər halda isə məsələn, əgər əmanətçinin müflis olmuş bankda iki əmanət hesabı varsa və əgər onlardan biri dollarda, digəri manatladırsa, həmin şəxs dollar əmanətini də manatla almaq məcburiyyətindədir. Hətta məsələn, həmin şəxsin 50 000 dollarlıq xarici valyuta əmanəti və sadəcə 1000 manatlıq milli valyuta əmanəti varsa, bütün pulunu mövcud qaydalara əsasən manatla alır”.
İqtisadçı bildirib ki, əgər əmanətçinin müflis olan bankdakı pulu yalnız dollarladırsa, o zaman həmin pul heç bir halda manatla ödənilə bilməz:
“Əmanətlərin Sığortalanması Fondunun öz qaydalarına əsasən, həmin pul yalnız dollar ilə qaytarılır. Eyni ilə əgər əmanət sadəcə avroda yerləşdirilibsə, kompensasiya manatla ödənilə bilməz, yalnız Avropa pulunda qaytarılmalıdır. ƏSF-nin mövcud qaydaların əsasən, digər valyutada olan əmanətlərə (məsələn, Böyük Britaniya funt sterlinqi, Rusiya rublu və s.) sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən, çarpaz məzənnə ilə hesablanmış dollar və ya avroda qaytarılır. Yəni əgər əmanət Böyük Britaniya funt sterlinqindədirsə, həmin vəsait də manatla qaytarıla bilməz və yalnız ABŞ və ya Avropa pulu ilə qaytarılmalıdır.
İstər milli valyuta daxil olmaqla ikili əmanəti olanlar ödəniş edilən zaman, istərsə də dollar və avro istisna olunmaqla əmanət məbləği hesablanan zaman kurs sığorta hadisəsi baş verən günə olan rəsmi məzənnəyə əsasən hesablanır. Yəni əgər əmanətçinin eyni bankda milli valyuta və dollar əmanəti varsa, ona ödənilən vəsait köhnə kursla deyil, bank müflis olan günə Mərkəzi Bakın rəsmi kursu ilə ödənilməlidir. Bu isə o deməkdir ki, hətta rəsmi qaydalara görə belə, heç bir halda devalvasiyadan əvvəlki məzənnə ilə ödəniş həyata keçirilə bilməz”.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit Büroları haqqında” qanunun müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda həm manatda, həm də valyutada olan böyük məbləğdə olmayan qorunan əmanətlər üzrə verilən kompensasiyaların valyutaya konvertasiya oluna biləcəyini bildirib.