Bu gün:
Xezer.info » Cəmiyyət » Şamaxı ƏSMM-də Tərlan Xəlilov kabusu

Şamaxı ƏSMM-də Tərlan Xəlilov kabusu


Şamaxı ƏSMM-də Tərlan Xəlilov kabusuTərlan Xəlilovun dövlətin aztəminatlı ailələr üçün ayırdığı yardımı qohumlarına paylayır.

ƏSMM direktorunun qardaşı tarixi qəbristanlığı satır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindəki qanunsuzluqlar və rüşvətxorluqla bağlı mütəmadi olaraq məlumat veririk. Amma Səlim Müslümovun başçılıq etdiyi nazirliyin məmurları vətəndaşların problemlərinə diqqət ayırmaq, onların həllinə nail olmaq əvəzinə, qanunsuz əməllərinin siyahısını günü-gündən artırırlar.

Bu dəfə MilliYol.Az-ın Şamaxı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) şöbəsindən şikayət daxil olub. Məlumat verən rayon sakinləri bildirir ki, şöbə müdiri Tərlan Xəlilov dövlət qurumunu şəxsi mülkinə çevirib.

Məlumatda qeyd olunur ki, ünvanlı sosial yardım almaq üçün mərkəzə müraciət edən vətəndaşların bir hissəsi əsassız yerə incidilir. Mərkəzin əməkdaşları, əsasən də direktor yardım almaq hüququna malik olan ailələrə süni problemlər yaradır. “Ünvanlı sosial yardım haqqında” Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Şamaxıda bu kateqoriyadan olan ailələrin sayı kifayət qədərdir. Buna baxmayaraq, onların müəyyən hissəsi dövlətin ayırdığı sosial müavinətləri ala bilmirlər. Direktor sənədlərdəki çatışmazlığı bəhanə gətirərək vətəndaşları get-gələ salır. Məqsəd isə dövlətin vətəndaşa verəcəyi yardımın bir hissəsini rüşvət şəkilində geri almaqdır.

Mənə bildirir ki, ünvanlı sosial yardım almaq istəyən sakinlər ƏSMM işçiləri tərəfindən süni maneələrlə üzləşirlər. Qanunvericiliyə edilən dəyişikliklər rayonda ünvanlı sosial yardımın verilməsindəki neqativ halları aradan qaldırmağa kömək etmədi. Təəssüf ki, ünvanlı sosial yardımın verilmə müddətinin uzadılması və digər dəyişikliklər əslində, Şamaxıda heç nəyi dəyişməyib. Halbuki ünvanlı sosial yardımın verilməsinə başlanıldığı ilin ikinci yarısından indiyədək bu sahəyə dövlət büdcəsidən ayrılan vəsait ildən-ilə artıb.

Şamaxıda elə vətəndaşlar var ki, onların maddi imkanları yetərincədir. Amma Şamaxı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Tərlan Xəlilov və onun işçiləri həmin şəxslərin ünvanlı sosial yardım almalarını sənədləşdiriblər. Halbuki rayonun elə kənd sakinləri var ki, onların həmin pula ciddi ehtiyacları var. Ehtiyacı olanların yardım almaq hüququnu əlindən alan, dövlətin yaşamaq üçün onlara verdiyi kiçik məbləğə göz dikən Tərlan Xəlilov əvəzində kifayət qədər imkanı, var-dövləti olan bütün qohumlarının və yaxınlarının adına sosial yardım yazır. Bunların bir çox isə onun öz cibinə axır.

Araşdırmalar nəticəsində öyrəndik ki, işində ciddi nöqsanlar olan Tərlan Xəlilovun yaxın qohumlarının bir çoxu Şamaxıda müxtəlif vəzifələrdə çalışırlar. Həmçinin mərkəz rəhbəri bu vaxta kimi bir sıra əyri işlərə imza atmaqla maliyyə durumunu xeyli yaxşılaşdırıb.
Mənbə bildirir ki, Tərlan Xəlilov hər yerdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla tələbə yoldaşı olduğunu bildirir. Hər istədiyini edən şöbə müdiri "Səlim Müslümov mənim yaxın dostumdur. Heç kim mənə heç nə edə bilməz" deməkdən belə çəkinmir.

MilliYol.Az-a Tərlan Xəlilovun Göylər kəndinin icra nümayəndəsi İxtiyar Xəlilovla bağlı da məlumatlar daxil olub. Məlumat verən mənbə bildirir ki, 1992-ci ildən bu vəzifəni tutan mərkəz direktorunun qardaşı rayonda dövlətin vətəndaşlar üçün ayırdığı əkin sahələrində özü üçün restoran tikir, əkinə yararlı yerləri yararsız hala salır. Yüzlərlə hektar dövdət torpağını öz balansına keçirmiş bu şəxs kənddəki tarixi qəbristanlığa da göz dikib. Bu qəbristanlıqda 1918-ci ildə azərbaycanlıların köməyinə gəlmiş Türk-İslam ordusunun şəhid olan əsgərləri də yatır. İxtiyar Xəlilov qəbir daşlarını sökərək torpaqları vətəndaşlara ev yeri kimi satır. Onunla bağlı dəfələrlə yuxarı insitansiyalara müraciət edilsə də, qardaşı Tərlan Xəlilov əlaqələrindən istifadə edərək şikayət ərizələrinin ünvanına çatmasına imkan verməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.